Azərbaycan ilə Gürcüstan arasında
dini, mədəni və humanitar sahələrdə əməkdaşlıq
yüksək səviyyədədir
Oktyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Gürcüstan ilə Azərbaycanı tarixən dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığını deyib. Bütün sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin yüksək səviyyədə qurulduğunu deyən Mübariz Qurbanlı bu əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında danışıb. O, dövlət tərəfindən Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə daim xüsusi diqqət göstərildiyini vurğulayıb. Qeyri-islam təmayüllü dini icmalara mütəmadi olaraq dövlət büdcəsindən maliyyə yardımı ayrılır ki, onların arasında Qax rayonunun Əlibəyli kəndində yerləşən “Müqəddəs Nino” və həmin rayonun Qaxingiloy kəndində fəaliyyət göstərən Müqəddəs Georgi gürcü-pravoslav kilsələrinin dini icmaları da var.
Teymuraz Şaraşenidze ölkələrimiz arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlindən gələni əsirgəməyəcək.
AZƏRTAC
Azərbaycan.- 2015.- 16 oktyabr.- S. 5.