O istəyirdi
güllər açılsın...
Türk təhsil sistemində zəmanəsinin yeni məktəblərindən biri olan, 1873-cü ildə sanki Ömər ağa Naaman oğlu ilə bir vaxtda dünyaya gələn “Darüşşəfəq”in ilk məzunlarından biri də Ömər Faiq Nemanzadə idi. Milliyyətcə məshəti türkü olan, 1872-ci ildə Gürcüstanın Axalsiq uyezdinin Azqur kəndində doğulan Ömər ağa ilk təhsilini kəndlərindəki mollaxanada aldıqdan sonra bir müddət də rusdilli məktəbdə oxuyub. Məsələ burasında idi ki, anası oğlunu molla görmək istəyirdi, ata isə buna razı olmurdu. O dövr barədə Ömər Faiq sonralar xatirələrində belə yazacaq: “Anam atamdan xəbərsiz məni İstanbula hazırlayırdı. Atam isə əsla razı olmurdu. Ona görə evimizdə uzun-uzadı durğunluq, soyuqluq yaranmışdı, anam atamdan, atam isə hamımızdan küsmüşdü. Axırda anamın bəxti gətirdi. Atam azarlı bacısını görmək üçün Qoki kəndinə getdi. Anam daha fürsəti əldən qaçırmadı. Məni tez hazırlayıb qardaşı Qsman əfəndi ilə İstanbula yola saldı”.
İstanbula getməklə Ömər ağanın uzun, keşməkeşli həyat yolu müəyyənləşdi.
İllər keçəcək və Naaman ağa 1887-ci ildə qəflətən vəfat edəcək və bu xəbər onu ömrü boyu yandırıb yaxacaq. Bu, o vaxtlar idi ki, gənc Ömər ağanın Ömər Faiq Nemanzadə olmasına - “Şərqi-Rus” qəzetindəki fəaliyyətinə hələ 8 il qalırdı.
Ömər Faiq 1883-1891-ci illərdə Osmanlıda bir müddət teleqrafxanada işləsə də, siyasi hərəkata qoşulduğu üçün həbs olunmaq təhlükəsini hiss edib yenidən Azqur kəndinə qayıdır. 1894-cü ildə Şəkiyə gedən Ömər Faiq burada yeni tipli məktəbin açılmasına nail olur, 1900-cü ildə o, ilk dəfə Bakıya gəlir. Bakıda milli məktəblərin yox dərəcəsində olduğunu, xalqın acınacaqlı bir şəkildə yaşadığını görən Ömər Faiq “Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkərdim” - deyərək Bakının o vaxtkı mənzərəsini də qələmə alır: “Ən böyük türk milyonerləri, ən nüfuzlu axundlar, eləcə də ən böyük fanatiklər, ən qorxulu maarif düşmənləri, ən birinci millət xainlərinin hamısı burada idi”.
Elə bu səbəbdən Bakını tərk edərək 1900-cü ildə Şamaxıya gəlir. Ora Bakıda gördüklərinə nisbətdə daha rahat idi. Lakin 1902-ci il zəlzələsi onu yenidən doğma kəndinə dönməyə məcbur edir. Az sonra Tiflisdə Məhəmmədağa Şahtaxtlının “Şərqi-Rus” qəzetində çalışmağa başlayır. Lakin tezliklə aralarında konfliktlər başlayır. Bu qarşıdurmalara səbəb isə Ömər Faiqin qəzetdə daha çox yenilikçi fikirlərə yer ayırması, M.Şahtaxtlının isə ruhanilərin yazılarına da qəzet səhifələrində yer verməsi idi. Bununla əlaqədar Ömər Faiq yazırdı: “Bütün bunlara rəğmən o mənsiz, mən isə onsuz ola bilmirdim. Çünki səhərdən axşamadək pulsuz işləyəcək birini tapa bilməyəcəkdi”.
Bu ərəfədə M.Şahtaxtlı sahibi olduğu mətbəə borca düşdüyünə görə onu satmaq qərarına gəlir. Ömər Faiq başqalarının əlinə keçməsin deyə, tacir dostundan 7 min manat alaraq Mirzə Cəlilə verir. Onlar mətbəənin adını “Qeyrət” qoyurlar və onun rəsmi müdiri də Mirzə Cəlil olur. Çünki Ömər Faiqin Türkiyə təhsilli olması buna imkan vermirdi.
“Qeyrət”də çap olunan ilk kitab isə Ömər Faiqin “Nəşri-asarə dəvət” (“Əsərlərin nəşrinə dəvət”) kitabı olur. Bu əsər “Qeyrət”də çap olunan ilk əsər olmaqla yanaşı, Azərbaycan mətbəə və mətbuat tarixi haqqında da ilk kitabdır.
O dövrdə millətin tərəqqisində mətbuatın roluna böyük qiymət verən Ömər Faiq yazırdı: “Bizim üçün istifadə və tərəqqi qapısı imdilik top, tüfəng və dinamit vasitəsilə aşılmaz. Biz bu gün ancaq hər qüvvətin, hər xahişin, hər fikrin anası və kökünün maarif və mətbuat olduğunu bilməliyik. Maarif və mədəniyyətin bu gün ən birinci vasitəsi, ən qüvvətli naşiri isə kitab və qəzetlərdir - mətbuatdır. Bir “Tərcüman”la 30 milyon xalqın ehtiyacı görülə bilməz. Rusiyada ruslardan sonra çoxluğumuza görə, bizə 5-10 deyil, 100 mətbəə, 1-2 deyil, 15-20 qəzet və jurnal lazımdır”.
Artıq mətbəə sahibi olan Ömər Faiq və Mirzə Cəlil yeni planlar qururlar. Ömər Faiqin “Torpaq” jurnalına Türkiyə təhsili aldığına görə icazəsi verilmir. Mirzə Cəlilin “Novruz” qəzeti də eyni taleyi paylaşmalı olur. Nəhayət, onlar Azərbaycan jurnalistikasının ən böyük dəyərlərindən olan “Molla Nəsrəddin” jurnalının dərcinə nail olurlar. “Molla Nəsrəddin”in ilk 500 nüsxəsinin çapında təkcə fəhlələr işləsə də, digər beş yüz nüsxənin vurulmasında Ömər Faiqlə Mirzə Cəlilin özü çalışmalı olurlar. Sonralar Mirzə Cəlil o günləri yada salaraq yazacaq: “Tamam gecənin yarısında bu iki fəhləni azad etdik və ikiqat zəhmət haqlarını verdik, çıxıb getdilər. Qaldıq üçümüz: maşınçı Cahangir yoldaş, Ömər Faiq yoldaş və mən özüm. Heç çarə yox: maşını başladıq özümüz hərləməyə”.
Ömər Faiq isə sonralar o günləri belə xatırlayırdı: “Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən ətək-ətək söyüş, lənət, nifrət yağır, əməkçi deyilən aşağı təbəqədən isə hörmət qalxırdı”.
Cəsarətli çıxışlarına, prinsipial və barışmaz mövqeyinə görə Ömər Faiq həmişə təqib edilirdi. Dəfələrlə onun evində axtarışlar aparılır, yazıları müsadirə olunurdu. Hətta 1907-ci ildə həbs edilib Metex qalasına salındı. Lakin ictimaiyyətin tələbi ilə tezliklə həbsdən azad olundu.
Bununla əlaqədar olaraq o uzaqgörənliklə qeyd edirdi: “Bu az maarifımizlə də olsa, içimizdə bir çox mollanəsrəddinçilər var. Bu gün Molla Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar,... “Molla Nəsrəddin”i meydana gətirən fikirlər bağlanmayacaq.” Üzünü gəncliyə tutaraq Ömər Faiq milləti tərəqqi yolunda üsyana çağırmaqdan belə çəkinmirdi: “Sən ey Türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə Türksən! Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babı, şeyxi adları yox ikən sən var idin.... Bəsdir, bəsdir, ey türk! Bir az ayıl... Əl-ayağını bir az tərpət! Vücudunu, varlıq ağacını soran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını, budaqlarını qır at, qurtul. Vücuduna günəş, hava dəysin! Başını bir az yuxarı qaldır, öz varlığının, öz vücudunun qiymətini bil! İndiyə qədər yadlar üçün, özgə varlıqlar, özgə vücudlar üçün özünü həlak etmisən. Barı bundan sonra da olsa, ayıl, özünə gəl, öz gününə çalış!”
Ömər Faiq təkcə “Molla Nəsrəddin” jurnalında deyil, eyni zamanda, o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda “ Ümidvar”, “ Ümid”, “Faiq Nemanzadə”, “Lağlağı”, “Mozalan” və b. ad və təxəllüslərlə çıxış edirdi. Onun “Molla Nəsrəddin”in nəşrindəki xidmətləri haqda ən dəqiq məlumat isə 1911-ci ildə C. Məmmədquluzadənin Qarabağdan Tiflisə, jurnalın müvəqqəti redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktubda əksini tapıb: “Əzizim Məmmədəli!... Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq Əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfli...”
Ömər Faiqin 1917-1920-ci illərdə Ahısxadakı ictimai-siyasi fəaliyyəti xüsusilə nəzər-diqqəti cəlb edir. O, Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası “Ahıska hökuməti-müvəqqətəsi”nə hökumət rəisi seçilir. Lakin altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirdikdən sonra bu respublika ləğv olunsa da o, Gürcüstan hökumətindən Ahıska və Ahılkələk əyalətlərinə muxtariyyət tələb etməyə başlayır. Lakin əvəzində menşeviklər tərəfindən üç dəfə həbs olunub Metex qalasına salınır...
Ömər Faiq 1920-ci ildə bir müddət Gəncə Ziraət (kənd təsərrüfatı) Texnikumunun direktoru vəzifəsində də çalışır. Sonra Gürcüstana dəvət olunaraq müsəlman işləri üzrə komitənin sədri təyin edilir. 1923-cü ildə yenidən Bakıya gəlir və Xalq Maarif Komissarlığında dərsliklərin hazırlanmasında və çap edilməsində yaxından iştirak edir.
Sonrakı taleyi isə digər mübarizlərin, vətənpərvər ziyalıların taleyindən fərqlənmir. O da başqaları kimi 1937-ci ilin əvvəllərində həbs edilir, oktyabrın 10-da isə güllələnir. Məzar yeri məlum deyil. Amma qırğına məruz qalan bütün o böyük ziyalılar kimi, Ömər Faiq də o güllələri istəmirdi. Onun ömrü boyu axtardığı, istədiyi tamam başqa həqiqətlər idi. Sonralar az müddətə də olsa, Gəncədə dərs dediyi xalq şairi Rəsul Rza sanki Ömər Faiq kimilərinin taleyini düşünərək yazacaq:
Mən istəyirəm buludlar ağlasın,
Uşaqlar ağlamasın analı, ya anasız.
Mən istəyirəm güllər açılsın
Güllələr açılmasın amanlı, ya amansız.
Mən istəyirəm qapılar qapansın
Soyuq olanda hava, gözlər qapanmasın.
Mən istəyirəm yanğınlar sönsün,
Ümidlər sönməsin...
Bəxtiyar
QARACA,
Azərbaycan.- 2015.- 16 oktyabr.- S. 7.