Təbiətin möcüzəsi - Əmbil gölü

 

Təbiət bəşəriyyətə çox incilər bəxş edib. Onlar nəhayətsiz səhralarda, uca dağlarda, üfüqlə qovuşan dənizlərdə keçilməz meşələrdə gizlənmişlər. Buna baxmayaraq, onları görən gözlər heyrətlənməyə bilmir: bu, möcüzədir, elə bil ən məşhur rəssamların belə, yarada bilmədiyi əsəri sanki təbiət öz fırçası ilə yaradıb.

Bu günlər qədim Şabran torpağında bir yurd yeri olan Zeyvə kəndinə səfər etməyimizin səbəbi məhz təbiətin möcüzəsi olan Əmbil gölü ilə tanış olmaq idi. Sıx meşələrin qoynuna sığınmış bu ucqar dağ kəndinə çatmaq üçün şabranlı həmkarım Çingiz Xalidoğlu ilə rayon mərkəzindən təxminən 30-35 kilometr yol qət etdik.

Yaşı az qala VI-VII əsrlərə gedib çıxan Zeyvənin adının mənasını araşdırıcılarkünc, bucaq, guşə” (cəmiyyətdən uzaq) kimi yozurlar. Bəlkə bir vaxtlar elə belə olub. Çünki kənd əhalisinin dediyinə görə, Zeyvə uzun müddət gözdən uzaq, könüldən iraq yer sayılırdı. Yoluna görə hətta bura təcili tibbi yardım maşını da gələ bilmirdi.

Lakin Zeyvə bu gün tamam dəyişib. Kəndə müasir tələblərə cavab verən asfalt yol çəkilib. Biz düz hamar yolla kəndə necə çatdığımızı bilmədik. Səməd bulağıadlanan ərazidə bir qədər dincimizi aldıq, diş göynədən, büllur saflığı olan bulaq suyu içdik. Sonra da yollandıq Əmbil gölünə.

Həmin gün bir neçə hiss yaşadıq - öncə ekstrim, həyəcan ardınca yorğunluq, sonda isə bütün bu hissləri arxada qoyan, tamamilə unutduran heyrət vurğunluq.

Deyirlər ki, Şabran çayının yuxarı axını hövzəsində yerləşən gölün adı ərəb dilindəkiəm” (camaat, icma), tat dilindəkibil” (bataqlıq) sözlərindən ibarət olub icma, camaat gölü mənasını verir. Gölün möcüzələrindən biri odur ki, ondan qədər su axsa da, səviyyəsi olduğu kimi qalır. Lakin gölə hansı mənbədən suyun gəlməsi məlum deyil. Bu da bir ehtimalı təsdiqləyir ki, gölün dərinliklərində bulaq qaynayır. Bəlkə buna görədir ki, gölün suyu göz yaşı kimi durudur.

Buraya gələn hər bir kəs əsrarəngiz təbiət mənzərəsi qarşısında heyrətini gizlədə bilmir. Suyun şırıltısı, quşların ötməsi, yarpaqların xəfif titrəyişi, həzin meh gərginliyi, fikirləri dağıdır, insanda xoş duyğular, müsbət emosiyalar yaradır.

Onu da bildirək ki, səfər etdiyimiz ərazilər turizmin inkişafına yaxşı mənada böyük təsir göstərə bilər. Düzdür, bura turistlər gəlir. Lakin az sayda, əksəriyyəti yerlilərdir. Amma Əmbil gölü ətrafı, necə deyərlər, “ölürxarici turistlər üçün, təbii ki, ərazidə müasir infrastruktur yaradılandan sonra.

Göl kənarında bir qədər dincəldikdən sonra geri dönürük. Çingiz Xalidoğlu bildirir ki, bu qədər yolu qət edib Əmbil daşını görməmək insafsızlıq olardı. O da bir möcüzədir. Onunla razılaşıb gəldiyimiz yolla deyil, digər cığırla irəliləyirik. Yollar bir qədər çətin olsa da, təbiət möcüzəsinə maraq bizi irəli aparır. Nəhayət, nəhəng bir qaya parçası ilə, daha doğrusu, üstündə ağacların boy verdiyi nəhəng daşla üzləşirik. Buradakı mənzərələri fotokameranın yaddaşına köçürüb geri qayıdırıq. Yolüstü çayın dupduru sərin suyundan üzümüzə vurmağı da unutmuruq.

Beləliklə, səfərimiz sona çatır. Amma ürəyimizdə bir arzu baş qaldırır - yenidən buralara gəlmək, təbiətin bu nadir gözəlliyini təkrar-təkrar seyr etmək!

 

Akif  ƏLİYEV,

 

Azərbaycan.- 2015.- 16 oktyabr.- S. 8.