Bakı Limanı və
Belçikanın Antverpen
Portu arasında əməkdaşlığın yeni mərhələsi başlayıb
Oktyabrın 13-16 tarixlərində Belçikanın Antverpen Portunun beynəlxalq münasibətlər üzrə direktoru Niko Berx, keyfiyyət və təhlükəsizlik üzrə mütəxəssisi Kristof Van Maledən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu səfər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Antverpen Portu arasında iyul ayında imzalanmış anlaşma memorandumunun davamı olaraq qarşılıqlı əlaqələrin yaranması və inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımdır.
Səfərin ilk günündə nümayəndə heyəti Bakı Limanının rəhbərliyi və əməkdaşları ilə görüşüb.
Limanın strategiya və inkişaf üzrə baş müşaviri Şahin Yusifov qonaqlara Limanın daxilində yaradılacaq Təlim və Tədris Mərkəzi haqqında məlumat verib. Qeyd edilib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəzdində ölkədə və regionda sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühiti ıdarəetmə (HSE) sisteminin qurulmasına olan ehtiyacın ödənilməsi məqsədilə yaradılacaq Təlim və Tədris Mərkəzinin üç məqsədi var: HSE sisteminin yaradılması, təlim gücünün formalaşdırılması, o cümlədən avadanlığın saxlanılması və onun idarə edilməsi sisteminin qurulması. Qeyd olunan bu məqsədlər təkcə Azərbaycanda deyil, həm də İran, Qazaxıstan, Türkiyə və regionun digər ölkələrində adı çəkilən sahələrə olan ehtiyacı ödəməyi hədəf alır.
Ümumiyyətlə, Təlim və Tədris Mərkəzində həm yeni, həm də iş təcrübəsi olan mütəxəssislər üçün Avropa standartlarına uyğun müvafiq təlim və tədris prosesi keçiriləcək. Təlim və Tədris Mərkəzini bitirən şəxslərə Baki Limanının və Avropa sertifikatları təqdim olunacaq. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənən bu layihəyə əsasən təlimi başa vuran şəxslərin ümumi reyestri yaradılacaq və bu reyestr vasitəsilə sertifikat qazanmış şəxslər təkcə Azərbaycanda deyil, digər ölkələrdə də iş bazarına çıxış əldə edəcəklər.
“Bakı Limanı Çin ilə Avropa arasında ticarət yolu olan yeni “İpək Yolu” üzərində yerləşən mühüm körpü rolunu oynayır. Bu baxımdan təqdim olunan sahələr üzrə çoxillik təcrübə və biliklərimizi sizinlə bölüşmək, əməkdaşlığımızı gücləndirmək və beləliklə də iki dövlət arasında münasibətlərin inkişafına töhfə vermək istəyirik” - deyə Niko Berx bildirib.
Səfər çərçivəsində nümayəndə heyəti Ələtə səfər edib və tikilməkdə olan yeni komplekslə yaxından tanış olub. Daha sonra qonaqlar Bakı şəhərinin görməli yerlərini gəzib, Azərbaycanda limanın tarixi ilə əlaqəli maraqlı faktlar öyrəniblər.
Azərbaycan.- 2015.- 17 oktyabr.- S. 7.