Qarabağın musiqi beşiyi

 

Başdan-başa sanki bir həyat nəğməsidir Qarabağ. Bu diyarda elə bil, küləklər musiqi ilə əsir. Diqqət kəsilsən nəğməkar bulaqların həzin pıçıltısında min məna taparsan. Səhərin qızaran dan yeri , günəşin dağların arxasına çəkilib qürub etməsi şirin bir nəğmədir. Körpəsini ovutmaq üçün beşik başında səslənən sehrli ana laylası gerçək bir həyat simfoniyasını xatırladır. Laylasının gücüylə ana təkcə sevimli körpəsini yatırmır, həm zaman-zaman yaşamağa məhkum edildiyi ağrı-acını, dərdi-nisgili musiqi dili ilə danışıb yüngülləşir...

20 ildən çoxdur ki, Qarabağ işğal altındadır. Erməni vəhşiləri Ağdamın əsarətdə olan ərazilərini odlara qalayıb külə döndəriblər. qədər oğullarımız şəhid olub... Bütün bu olanlar yaddaşımızda silinməz izlər qoyan canlı bir tarixdir. Taleyimizə düşmüş ağrı-acılı bir tarix. Bu tarixin şahidlərindən biri Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayeva ilə həmsöhbət olduq. Laura xanım olub-keçənləri ürək ağrısı ilə xatırlamağa başladı:

- Doğulub boya-başa çatdığım, uşaqlığımın, qaynar gəncliyimin keçdiyi Ağdamdan ayrı düşmək mənim üçün ölümdən betərdir. Bax, elə Quzanlıda qarşılaşıb söhbət etdiyiniz, hal-əhval tutduğunuz hər hansı bir adamın gözlərinə diqqətlə baxsanız, orada sizi üzə biləcək qədər nisgil görəcəksiniz. Amma biz dözürük. Bizi yaşadan Qarabağımızın işğaldan tezliklə azad olunacağına bəslədiyimiz böyük ümiddir. Bu inam, bu sonsuz ümid ölkə Prezidenti İlham Əliyevin yeritdiyi müdrik siyasətdən qaynaqlanır. Ağdamlılar hər zaman dövlətçiliyə sədaqətli olublar. Bu gün həmin mövqedəyik. Ölkə Prezidentinin ətrafında sıx birləşmişik. İnanın, müharibə yenidən başlasa, Ağdamın qadınları da silaha sarılıb kişilərlə çiyin-çiyinə döyüşməyə, düşməndən layiqli qisas almağa getməyə hazırdılar.

Laura xanım olanları, düşündüklərini danışır. Gah qəzəblənir, gah kövrəlir, gah da  xoş təbəssümlə gülümsəyirdi. Ömrünün 40 ildən çoxunu milli musiqimizin tədrisinə həsr edən Laura Ağayevanın xidmətləri ölkə başçısının 16 noyabr 2009-cu il tarixli sərəncamı iləTərəqqimedalına layiq görülüb. 1974-1989-cu illərdə Ağdam şəhər 1 saylı 7 illik musiqi məktəbinə rəhbərlik edən Laura xanım 1989-cu ildən indiyədək Ağdam Musiqi Kollecinin direktoru vəzifəsində çalışır. Bu illər ərzində kollec Azərbaycanda milli musiqimizin, mədəniyyət incəsənətin inkişafına sanballı töhfələr verib. Bu musiqi beşiyindən pərvazlanan çoxsaylı sənətçilər xalqın sevimlisinə çevrilmişlər. Xalq artisti Qədir Rüstəmov, məşhur xanəndə Şahmalı Kürdoğlu, xalq artisti, görkəmli tarzən Ramiz Quliyev, professor Vaqif Əbdülqasımov, xalq artisti istedadlı gitaraçı Rafiq Hüseynov, müğənnilərdən Tacir Şahmalıoğlu, Sədi Məmmədov, Hafiz Sədirzadə, Aydın Məmmədov, Barat Fərhadov bir çox sevilən sənətkarlar məhz Ağdam Musiqi Kollecinin yetirmələridirlər.

Bu şöhrətli musiqi beşiyi ötən əsrin 50-ci illərində, daha dəqiq desək, 1957-1958-ci tədris ilində dahi bəstəkar Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbi kimi fəaliyyətə başlamış, 2000-ci ildə Ağdam Musiqi Texnikumuna çevrilmişdir. Son beş ildə isə Ağdam Musiqi Kolleci kimi fəaliyyət göstərir.

Ağdamın işğalı musiqi kollecinə köçkünlük həyatı yaşatmışdır. 1993-2006-cı illərdə kollec Bərdə şəhərində fəaliyyət göstərmişdir. Dövlətin qayğısı ilə Ağdamın bizdə olan ərazilərində yeni salınan çoxsaylı qəsəbələrə dönən ağdamlıların istəyinə uyğun olaraq kollec yenidən Ağdama qayıtdı. Quzanlı qəsəbəsində 7 illik uşaq musiqi məktəbi üçün inşa olunmuş binada yerləşdi. Hazırda binada darısqallıq problemi yaşansa da, tələbə yataqxanasına ciddi ehtiyac duyulsa da, kollecin yenidən Ağdamda fəaliyyətini davam etdirməsi rayon ictimaiyyətinə böyük təsəllidir.

İndi kollecdə 6 ixtisas üzrə 512 tələbə təhsil alır. Qarabağın bu müqəddəs sənət ocağından hər gün ətrafa musiqi sədaları yayılır. Bəzən həzin, bəzən üsyankar olur bu doğma sədalar. Qarabağın simvoludur musiqi... Musiqinin daşları dəlib keçən, ürəkləri ehtizasa gətirən qüdrəti bizi doğma yurd yerlərinə, Qarabağ dərdini unutmamağa çağırır.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2015.- 17 oktyabr.- S. 8.