Dövlət müstəqilliyimizin təminatçısı

 

Azərbaycan xalqı XX əsrin əvvəllərində mövcud tarixi fürsəti layiqincə dəyərləndirərək müsəlman Şərqində ilk demokratik, hüquqi dövləti qurdu. Böyük çətinliklə də olsa dünyanın ən qüdrətli ölkələri tərəfindən tanınmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. AXC-nin işğal nəticəsində süquta uğraması tarixi ibrət dərsi səciyyəsi daşımaqla müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən daha çətin olması reallığını bir daha təsdiqlədi.

70 il imperiya tərkibində yaşamaq məcburiyyətində qalmış xalqımız daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən bu niyyətini yalnız ötən əsrin sonlarına doğru gerçəkləşdirmək imkanı qazanmışdır. 1991-ci il oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini elan etməsinə baxmayaraq, bu, deklorativ xarakter daşıyırdı. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox problemlər məhz müstəqilliyin bu səciyyəvi cəhəti üzündən meydana çıxmışdı. De-yure müstəqilliyini bəyan etmiş Azərbaycanın de-fakto müstəqil dövlət kimi yaşamasında və müstəqil siyasət yeritməsində ciddi çətinliklər mövcud idi.

Hakimiyyətə “8 xarici dövlətin dəstəyi ilə gəldiyini” iddia edən AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkədə vəziyyət daha da pisləşmişdi. Hüquq-mühafizə orqanlarının öz üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən ayrı-ayrı məmurların özbaşınalıqları və dövlətin o zamankı rəhbərinə tabe olmamaları hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədə gərgin vəziyyət yaratmışdı.

Ölkənin cənub bölgəsini əhatə edən qondarma “Talış-Muğan Respublikası” yaradılmış, separatçı “Sadval” hərəkatı şimal bölgəsini respublikadan ayırmaq uğrunda mütəşəkkil fəaliyyətini daha da genişləndirmişdi. Erməni silahlı birləşmələri torpaqlarımızı işğal etməyə başlamışdılar. Yüksək dövlət vəzifəsi tutan insanlar məsuliyyətsiz bəyanatları ilə Azərbaycanı qonşu dövlətlərlə az qala müharibə həddinə gətirib çıxarmışdılar. Supergüclərin maraqlarının toqquşduğu bu geosiyasi məkanda müstəqil, suveren dövlətin olması “heç kimin işinə yaramırdı”. Azərbaycan Respublikası de-yure Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınsa da, dövlətin əsas şərtlərindən biri olan ərazisi pozulmuş, hakimiyyətin yurisdiksiyasından çıxarılmış və bu ərazilərdə qondarma “dövlət”lər və “nüfuz dairə”ləri yaradılmışdır. Azərbaycan xalqı vətəndaş müharibəsinin astanasında, dövlət isə süqutun ərəfəsində idi.

Belə bir ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik liderin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi obyektiv reallıqlarla şərtlənirdi. Xalq başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə, alternativsiz lider məhz Heydər Əliyevdir! Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat cütlüyünün Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi. AXC-Müsavat cütlüyü onu da yaxşı başa düşürdü ki, Xalq Cümhuriyyətinin aqibətini Azərbaycan Respublikası yaşasa, müstəqilliyin itirilməsini və ya respublikanın hansısa güclü bir dövlətin forpostuna çevrilməsini xalqımız onlara bağışlamayacaq.

Ümummilli liderin 1993-cü il iyunun 9-da xalqın təkidli tələbinə səs verərək Bakıya qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Heydər Əliyev Azərbaycan ərazilərini hakimiyyətin yurisdiksiyasına qaytardı və bu ərazilərdə qondarma “dövlət”lər və “nüfuz dairə”ləri yaratmış qüvvələri tam zərərsizləşdirdi. Bununla da Azərbaycan xalqı vətəndaş müharibəsindən, dövlətimiz isə siyasi xəritədən silinmək təhlükəsindən xilas oldu. Ulu öndər ilk gündən milli qanunvericiliyin yeni dövrün tələblərinə uy-ğunlaşdırılması, cəmiyyət həyatı üçün faydalı olan bir sıra yeni qanunların qəbulu prosesini də diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyil ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Respublikası Ali Sovetinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizmi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi, hərbi əməliyyatların şiddətləndiyi bir zamanda Heydər Əliyev parlamentdə ilk növbədə, müdafiə sisteminin hüquqi bazasının təkmilləşdirilməsini, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanmasını və qəbulunu vacib saymışdır. Cəmi 4 ay müddətində 120-dək qanun və qərarın qəbulu ulu öndərin parlamentin spikeri kimi səmərəli fəaliyyətini bir daha təsdiqləyir. 1993-cü il oktyabrın 10-da xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsini də təmin etmişdir.

Azərbaycanda demokratikləşmə və modernləşmənin ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən biri də dünya təsərrüfat sisteminə və ümumilikdə Avratlantik məkana sürətli inteqrasiyanın təmin edilməsi olmuşdur. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq təkcə siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açmış, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmi artmış, iqtisadi modernləşmə və siyasi liberallaşma üçün əlverişli zəmin formalaşmışdır.

Hər bir liderin dövlət idarəçiliyində qazandığı uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən biri də ciddi təmələ söykənən siyasi varislik ənənələrinin qorunmasıdır. Söhbət ölkənin və dövlətin sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi xəttinin etibarlı şəkildə qorunmasından gedir. Bu baxımdan ulu öndərin böyüklüyü həm də ondadır ki, güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider, layiqli davamçısını yetişdirmişdir. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini bu ənənəyə uyğun qurur.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada liderə çevrilməsi, iqtisadi sahədə keçid dövrünü başa vurması faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan insanının gün-güzəranı gündən-günə yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, respublikamızda işsizlik, yoxsulluq kimi ağır sosial bəlalar artıq həllini tapır.

Prezident İlham Əliyev dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin başa çatdırmamış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, həmin ideyalar yaşayır və bizi xəyallarımızda yaşatdığımız tam demokratik, qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında mühüm vəzifələr gözləyir.

Müstəqil Azərbaycan Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni uğurlara doğru inamla irəliləyir. Prezident İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdir-məklə yanaşı, onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışır. Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir.

 

 

Azərbaycan.- 2015.- 18 oktyabr.- S. 1.