İstiqlal tariximizi yaşadan
ünvan
Xalqımız keşməkeşli mübarizələrlə dolu tarixi yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliyi. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edərək müasir, demokratik cəmiyyət yaratmaq niyyətini bəyan etdi. Həmin vaxtdan 24 il keçir.
Bu illər Azərbaycan dövlətinin yüksəlişi və öz hədəflərinə yetişməsi üçün zərrə-zərrə formalaşdırdığı böyük potensialın bütün əzəməti ilə reallığa çevrildiyi əlamətdar mərhələdir. Həmin şərəfli tariximizin yaşadılması, qorunub saxlanaraq gələcək nəsillərə çatdırılması baxımından 1991-ci il yanvarın 9-da yaradılan Azərbaycan İstiqlal Muzeyinin də üzərinə böyük məsuliyyət düşür. O zaman muzeyin yaradılma mərhələsində bir çox maraqlı və mühüm məqamlar ortaya çıxmışdı. Belə ki,1919-cu il dekabrın 7-də görkəmli sənətşünas-alim Məmməd Ağaoğlunun və Hüseyn bəy Mirzə Camalovun təşəbbüsü ilə Azərbaycan Parlamentinin himayəsi altında yaradılan İstiqlal muzeyindən heç bir eksponat qalmasa da, 1991-ci ildə təkrar təşkil edilən muzey birincinin mənəvi varisi oldu.
Hazırda muzeyin ekspozisiyasında Azərbaycan xalqının o dövrdən apardığı milli-azadlıq mübarizəsində, həmçinin Vətənimizin müstəqilliyi uğrunda döyüşən xalqımızın oğul və qızları haqqında məlumatlar, müxtəlif tarixi hadisələr əks etdirilir. Muzey işçilərinin səyi sayəsində burada 20 mindən çox eksponat toplanılıb.
Muzey altı salondan ibarətdir. Hər bölməsi müəyyən tarixi dövrü əhatə edir. Birinci salonda dövlət atributlarını əks etdirən sənədlər, XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsinə, vətənimizin işğalı uğrunda Rusiya ilə İran arasında gedən müharibələrə, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin bağlanmasına dair materiallar yer alıb.
İkinci salondakı ekspozisiyalar tarixi cəhətdən çox zəngin bir dövr olan XIX əsrin sonu - XX əsrin əvvəlini əhatə edir. Burada mədəniyyət və elm, eyni zamanda, neft sənayesinin inkişafı, H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov kimi neft milyonçularının tikdirdikləri binalarla bağlı xeyli sayda sənədlər toplanıb. A.A.Bakıxanovun, M.C.Topçubaşovun, M.Kazım bəyin, M.F.Axundzadənin, milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, digər klassik şair və yazıçıların fəaliyyətini əks etdirən arxiv materialları, əlyazmalar qorunub saxlanılır. 1918-ci il 31 mart soyqırımına həsr olunmuş foto-faktlar, arxiv materialları, sənədlər də bu salonda nümayiş etdirilir.
Türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.B.Topçubaşov və digər görkəmli şəxsiyyətlərin fəaliyyətlərinin tarixi anlarını əks etdirən fotolar, o zamanın pul vahidləri, poçt markaları, dövlət rəmzləri, həmin dövrün müxtəlif hadisələrini əks etdirən digər materiallar da ziyarətçilərin böyük maraq göstərdiyi eksponatlardır.
Məlumdur ki, məşhur Türkmənçay müqaviləsi bağlandıqdan sonra Azərbaycanın cənub hissəsi İranın tərkibinə keçdi. Bununla da Azərbaycan iki hissəyə - şimal və cənuba parçalandı. Lakin xalqın öz müstəqilliyi uğrunda apardığı mübarizəsi səngimədi. Muzeyin üçüncü salonu bu mövzuya həsr olunub. Burada Cənubi Azərbaycanda mübarizə aparan milli-azadlıq hərəkatlarından (1905-1911-ci illər Məşrutə, 1917-1920-ci illər Şeyx Məhəmməd Xiyabani, 1941-1945-ci illərdəki “21 Azər” hərəkatlarından, Seyid Cəfər Pişəvəri haqqında) danışılır, o dövrün pul vahidləri, orden və medalları, görkəmli şəxsiyyətlərin, şair və yazıçıların, elm xadimlərinin portretləri nümayiş etdirilir.
Eksponatlarla zəngin olan dördüncü salon iki hissədən ibarətdir. Birinci hissə 1930-1950-ci illəri əhatə edir. Həmin dövrdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparan partiya və dövlət xadimləri, elm adamları, söz sahibi olan şair və yazıçılar, - H.Cavid, M.Müşfiq, Ə.Nəzmi, Ə.Cavad, S.Mümtaz, B.Talıblı və başqaları irticaya məruz qalaraq ya güllələndilər, ya da Sibirə sürgün olundular. Respublikada siyasi və ictimai fəallığı ilə fərqlənən Azərbaycan qadınları da repressiya qurbanlarına çevrildilər. Bütün bu müdhiş faktlar barədə adı çəkilən bölmədə toplanan məlumatlar ziyarətçilərdə dərin və zəngin təəssürat yaradır.
İkinci Dünya müharibəsi barədə məlumatlar dördüncü salonun ikinci hissəsini əhatə edir. Burada Sovet İttifaqı Qəhrəmanları haqqında materiallar, orden və medallar, silah-sursat, partladılmış mərmi, çap maşını, Morze teleqraf aparatı, səhra telefonu və s. nümayiş olunur.
Azərbaycan ərazilərinə ermənilərin növbəti təcavüzü və nəticələri muzeyin beşinci salonunda tarixiləşib. Buradakı materiallarda ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan torpaqlarının təcavüzkar Ermənistan tərəfindən işğala məruz qaldığı öz əksini tapıb. Bu salonda, eyni zamanda, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Qarabağ müharibəsinin ağrı-acılarını əks etdirən fotoşəkillər nümayiş olunur, 211 nəfər Milli Qəhrəmanın siyahısı, onların bəziləri haqqında məlumatlar verilir. Bir faktı da qeyd edək ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində işğala məruz qalmış ərazilərdə mövcud olmuş 22 muzey dağıdılıb, nadir eksponatlar itirilib. Yalnız Cəbrayıl rayonunun tarix-diyarşünaslıq muzeyinin eksponatları işğal zonasından çıxarılıb . Cəbrayılın tarixini özündə saxlayan və yaşadan 17 min eksponat 1993-cü ildən Azərbaycan İstiqlal Muzeyinin fondunda və qismən birinci salonda nümayiş olunur.
1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması tariximizə Milli Qurtuluş Günü kimi daxil edilib. Həmin tarixdən başlayaraq ölkəmizin keçdiyi inkişaf yolu haqqında məlumatlar muzeyin altıncı salonunda toplanıb. Burada müstəqil Azərbaycanın dövlət və ordu quruculuğu, xarici siyasəti, iqtisadiyyatı, Azərbaycanın tarixi üçün çox əhəmiyyətli olan “Əsrin müqaviləsi”nin bağlanması, beynəlxalq təşkilatlarda iştirakını əks etdirən fotoxronikanın nümayişi ilə yanaşı, Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən materiallar da toplanıb. Heydər Əliyev Fondunun gördüyü işlər xronoloji qaydada sistemləşdirilir və keçirilən tədbirlər haqqında ətraflı məlumatlar təqdim olunur.
Azərbaycan İstiqlal Muzeyinin fondu daim yeni eksponatlarla zənginləşir. Muzeyimizdə tarixi günlərə həsr olunmuş tədbirlər, sərgilər, konfranslar keçirilir.
Bu il ənənəvi olaraq Beynəlxalq Muzeylər Günü çərçivəsində burada “Bakı-2015” adlı sərgi keçirilib. Sərgidə gənc rəssamların
I Avropa Oyunlarını əks etdirən 50-yə yaxın əsəri nümayiş edilib.
2014-2015-ci illərdə Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şuranın sədri M.Ə.Rəsulzadənin 130, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general S.Mehmandarovun 160, Azərbaycan Xalq Cümhuriyyəti hərbi nazirinin müavini, general Ə.Şıxlinskinin 150, görkəmli hərbi xadim C.Naxçıvanskinin 120, yazıçı-publisist Ə.Hüseynzadənin 150 illik yubileyləri muzeyimizdə qeyd edilib.
Azərbaycan İstiqlal Muzeyi beynəlxalq layihələrdə də müntəzəm iştirak edir. Bu ilin aprel ayında muzeyin ekspozisiyasında respublikanın Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi və “Yunus Emre İnstitutu Türk Mədəniyyət Mərkəzi” ilə birlikdə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş “Döyüşdən sülhə” adlı fotosərgi keçirilib. Moskvada Böyük Vətən Müharibəsi Muzeyi tərəfindən təşkil olunan beynəlxalq layihədə - “Nasizmlə mübarizədə birlikdə idik” adlı sərgidə muzeyimizin 47 eksponatı da nümayiş etdirilirdi.
Azərbaycan İstiqlal Muzeyinin əsas vəzifələrindən biri də gənclərə vətənpərvərlik ruhunu aşılamaq olduğundan, sərgilərimiz əsasən onların əl işlərindən ibarət təşkil edilir.
Azərbaycanda ilk dövlət muzeyi olan İstiqlal muzeyinin yaranmasının 95 illiyi ərəfəsində onun rəsmi internet saytı istifadəyə verilib. www.istiqlalmuzeyi.gov.az. ünvanında yerləşən veb səhifədə muzeyin fəaliyyəti haqqında ətraflı məlumatlar, fotoşəkillər təqdim olunur, burada keçirilən tədbirlər haqqında xəbərlər, foto və videolar yerləşdirilir.
Kollektivimiz çalışır ki, müstəqil Azərbaycanla həmyaşıd olan muzeyimiz ölkənin ictimai həyatında fəal iştirak edərək zamanla ayaqlaşan mədəni mərkəzlərdən biri kimi tanınsın.
Fəridə ŞƏMSİ,
Azərbaycan İstiqlal Muzeyinin direktoru
Azərbaycan.- 2015.- 18 oktyabr.- S. 2.