İsmayıllı IV Qafqaz İqtisadi Forumuna evsahibliyi etdi
İsmayıllı rayonu dünən daha bir möhtəşəm tədbirə evsahibliyi etdi. Rayonda kənd təsərrüfatı ilinə həsr olunmuş IV Qafqaz İqtisadi Forumu öz işinə başladı. Tədbirin rəsmi hissəsindən əvvəl forum iştirakçıları ümummilli lider Heydər Əliyevin İsmayıllı rayonunun mərkəzindəki heykəlini ziyarət edərək önünə tər çiçək dəstələri qoydular.
Kənd Təsərrüfatı Nazirliyinin, Qafqaz Universitetinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir istər gələn qonaqların, istərsə də iştirakçıların sayına və kontingentinə görə əhəmiyyətli dərəcədə cəlbedici idi.
Forumu giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları salamladı və bu tədbirin məhz Prezident İlham Əliyevin “Kənd təsərrüfatı ili” ilə əlaqədar təsdiqlədiyi tədbirlər planına uyğun olaraq ərsəyə gəldiyini vurquladı. Bildirdi ki, ölkə başçısının da qeyd etdiyi kimi, artıq neft amili və neftdən gələn gəlirlər yaddan çıxarılmalı, digər mənbələr hesabına iqtisadiyyatın inkişaf etdirilməsi hədəf götürülməlidir. Digər mənbə dedikdə şübhəsiz ki qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet istiqamət kimi seçilməlidir.
M.Sadıqov bildirdi ki, bu gün ölkə iqtisadiyyatının daha tez və sürətli inkişafına nail olmaq üçün başlıca mənbə kimi qeyri-neft sektorunun təxminən 6-da bir hissəsini özündə birləşdirən aqrar sektor nəzərdə saxlanılmalıdır. Bu sahənin inkişafına qoyulan sərmayə isə ölkədə ərzaq bolluğunun yaradılması ilə paralel çoxlu sayda insanların məşğulluğunun təmin olunmasına imkan yaradacaq. Onun sözlərinə görə, hazırda İsmayıllı rayonunun ərazisi təxminən 2070 kvadratkilometr olmaqla ölkə üzrə ən böyük sahəyə malikdir. Vacib məsələlərdən biri də həmin torpaqlardan təxminən 70 faizinin kənd təsərrüfatı üçün yararlı olmasıdır. Həmin sahələrin hamısından səmərəli istifadə imkanları məhdud olsa da, ismayıllılar ölkənin ərzaq təhlükəsizliyində yaxından iştirak etmək əzmindədirlər. Kənd təsərrüfatı işçiləri 2013-cü ildə 63 min, 2014-cü ildə 83 min ton taxıl tədarükünə nail olduqları halda, bu göstərici 2015-ci kənd təsərrüfatı ilində daha da artaraq 103 min tonu keçdi. Bütün qeyd olunanlar isə mayası halallıqdan yoğrulan dağ insanlarının ölkə rəhbərinin çağırışlarına layiqli töhfə kimi qiymətləndirilməlidir.
İsmayıllının torpaqlarının çirklənməməsi, əkin üçün kifayət qədər münbit olması da burada ekoloji cəhətdən daha təmiz məhsulların istehsalına və satışına təminat yaradır. Bu məqsədlə artıq rayonda “Yaşıl market” yaradılıb və “Elektron ticarət”in həyata keçirilməsi üçün münbit şərait formalaşdırılıb.
Qafqaz Universitetinin rektoru Ahmed Saniç çıxışında bildirdi ki, forum 2012-ci ildən fəaliyyət göstərir. Əsas məqsəd isə ölkə üçün daha prioritet hesab edilən məsələlərlə əlaqəli mövzular üzrə elmi əsaslı tədbirlər keçirməkdir. A.Saniç ümid etdiyini bildirdi ki, belə tədbirlərin keçirilməsi gələcəkdə kənd təsərrüfatı ilə əlaqədar yeni ideyaların və əməli fəaliyyətə köklənən mükəmməl layihələrin ortaya çıxmasına zəmin formalaşdıracaq.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin baş direktoru Rəsul Balayev də iştirakçıları salamladı və kənd təsərrüfatı naziri Heydər Əsədovun forum iştirakçılarına ünvanladığı müraciəti çatdırdı. Müraciətdə ölkənin kənd təsərrüfatının ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra - 1990-cı illərin ortalarından etibarən inkişaf istiqaməti götürməsi, sonrakı mərhələlərdə isə Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilməsi və dərinləşdirilməsi məsələləri əksini tapmışdı. Müraciətdə forumun kənd təsərrüfatının inkişafında müəyyən rol oynayacağına ümidvarlıq ifadə olunurdu.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov isə tədbirin mövzusu və keçirildiyi məkanla bağlı fikirlərini bildirdi. O, eyni zamanda dünyada olan mövcud iqtisadi vəziyyətin təhlilini verərək Azərbaycanın hər zaman istənilən sahə ilə çağırışlara cavab vermək iqtidarında olmasını nəzərə çatdırdı.
İsmayıllının aqrar potensialını dəyərləndirən Ə.Muradov bu sahəyə marağın daha da artırılmasını və gələcəkdə aqrar sahədə İsmayıllı modelinin yaradılaraq bütün respublikada yayılmasını arzuladı.
Digər iştirakçılar - Türkiyə Respublikası Ege Universiteti Kənd Təsərrüfatı kafedrasının professoru Uygun Aksoy, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və digərləri forumun keçirilməsinin günümüzlə səsləşməsini və səmərəli olacağına əminlik ifadə etdilər.
Forum öz işini panellər üzrə davam etdirdi.
Əli SƏLİMOV,
Azərbaycan.- 2015.- 18 oktyabr.- S. 4.