Azərbaycanda ilk dəfə keçirilən VIII Beynəlxalq Atatürk Konfransı Gəncədə tarix yazdı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında dünya tarixçilərinin Beynəlxalq Atatürk Konfransı sayca səkkizinci toplantısını ilk dəfə olaraq Azərbaycanda - qədim Gəncə şəhərində reallaşdırdı.

Qazi Mustafa Kamal Atatürkün doğulduğu gündən başlayaraq günümüzə qədər olan müddətdə bölgənin tarixinə əhatəli bir şəkildə işıq tutaraq mədəniyyətdən siyasətə, iqtisadiyyatdan cəmiyyət quruluşuna qədər müxtəlif sahələrin tarixi-elmi dəyərləndirilməsinin aparılmasını təmin etmək və bu inkişaf prosesində hadisələrin müasir dövrlə olan oxşarlıqlarını araşdıraraq təhlil etmək, aşkar edilən yeni məlumatları, tapıntıları geniş səviyyədə paylaşıb müzakirəyə çıxararaq elmi bir platforma reallaşdırıb beynəlxalq səviyyədə tarixçilər arasında iş birliyi və həmrəyliyə nail olmaq məqsədilə keçirilən Beynəlxalq Atatürk Konfransı ilk dəfə 1987-ci ildə Ankarada öz işinə başlamışdı. İlk konfransda belə bir mühüm tədbirin tarix elminin və dünyanın müxtəlif ölkələrindən gələn alimlər, tarixçilər üçün xüsusi əhəmiyyəti nəzərə alınaraq hər dörd ildən bir keçirilməsi qərara alınmışdır. Türkiyə dövləti bu konfransın keçirilməsini hər zaman diqqətdə saxlayır və tarixçilərlə yanaşı, rəsmi dövlət nümayəndələrinin də iştirakını təmin edir. II Beynəlxalq Atatürk Konfransı 1991-ci ildə Ankarada, III konfrans 1995-ci ildə Şimali Kipr Türk Respublikasının Qazi Mağusa şəhərində, IV konfrans Qazaxıstan Respublikasının Türkistan şəhərində, V və VI konfranslar 2003-cü və 2007-ci illərdə Ankarada, VII Beynəlxalq Atatürk Konfransı isə 2011-ci ildə Makedoniyanın paytaxtı Skopyedə və Manastırda keçirilmişdir.

VIII Beynəlxalq Atatürk Konfransı isə 2015-ci il oktyabrın 13-15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin himayəsi altında Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun və Türkiyə Respublikası Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhanın xüsusi səyləri nəticəsində Azərbaycanın qədim şəhəri Gəncədə keçirildi. Azərbaycan və Türkiyə respublikalarının müstəqillik günlərinə həsr olunmuş beynəlxalq konfransın proqramında XIX-XX əsrlərdə Qafqaz dünyanın aparıcı dövlətlərinin planlarında, Balkan müharibəsi, Şərq cəbhəsi və istiqlal hərbində Azərbaycan türkləri, Azərbaycan xalqına qarşı törədilən soyqırımıları, 1920-ci illərdə Sovet-türk münasibətlərində Ermənistan-Azərbaycan ərazi münaqişələri, çar Rusiyasının Cənubi Qafqazı işğalında erməni faktoru, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, Heydər Əliyevin dövründə Türkiyə-Azərbaycan münasibətləri, XX əsrin əvvəllərində beynəlxalq arenada Azərbaycanın neft siyasəti, 1918-ci ildə Qafqazda olan alman heyətinin Azərbaycanla bağlı hazırladığı raportlar, Azərbaycan səfiri İbrahim Əbilovun Türkiyədəki fəaliyyəti, Birinci Dünya müharibəsində Cənubi Qafqazda demoqrafik vəziyyət, arxiv sənədlərinə görə Birinci Dünya müharibəsində Qafqaz İslam Ordusunun Gəncə və Bakı hərəkatı, “Tərcüman” qəzetində Gəncə, Nuxa (Şəki) və ətrafı, XIX əsr Qacar dövrü səfərnamələrində Gəncə, Sovet Rusiyasının Qafqaz siyasətində Azərbaycanın yeri (1920-1922-ci illər), Rusiya arxivləri 1915-ci il erməni qiyamlarının təşkilatçıları haqqında, müasir mərhələdə Azərbaycan-Türkiyə münasibətləri və Azərbaycanla bağlı digər maraqlı mövzular yer almışdır.

Konfransın rəyasət heyətində təmsil olunan 76 alimin 9-u, təşkilat komitəsində təmsil olunan 22 alimin isə 5-i Azərbaycandandır. Konfransın rəyasət heyətində və təşkilat komitəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, T.C. Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örs, Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova və digər nüfuzlu alimlər təmsil olunmuşdular.

Oktyabrın 13-də Gəncə şəhərində Heydər Əliyev Mərkəzinə gələn konfrans iştirakçıları əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular. Sonra mərkəzin geniş toplantı zalında keçirilən beynəlxalq konfransın açılış mərasimində Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirildi, Türkiyədə törədilmiş son terror aktında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərinin müzakirə olunduğu beynəlxalq konfransı AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana konfrans iştirakçıları adından minnətdarlığını bildirdi. Belə bir mötəbər tədbirin Gəncədə keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdıran Yaqub Mahmudov qeyd etdi ki, bəşəriyyətə dahi Nizami Gəncəvini bəxş edən bu qədim şəhər həm də milli azadlıq hərəkatının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin beşiyidir.

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konfransının iştirakçılarına təbrik məktubunu oxudu (“Azərbaycan” qəzeti, 14 oktyabr 2015-ci il). Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyənin Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qrumunun sədri Derya Örs, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq və başqaları çıxış edərək VIII Beynəlxalq Atatürk Konfransının mühüm əhəmiyyətini vurğuladılar.

AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov tarixi həqiqətlərin üzə çıxarılmasına, tarix elminin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıya, tarixçi alimlərə yaratdığı belə bir şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıq ifadə etdi. Konfransda Azərbaycan Prezidentinə müraciət qəbul olundu. Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə 13-15 oktyabr 2015-ci il tarixdə Gəncə şəhərində reallaşan VIII Beynəlxalq Atatürk Konfransının təşkilinə və keçirilməsinə göstərdiyiniz hərtərəfli diqqət və qayğıya, həmçinin konfrans iştirakçılarının elmi axtarışlarına və səylərinə yüksək qiymət verdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərtərəfli tədqiq olunmasını məsləhət bildiyi XIX-XX əsrlər Azərbaycan tarixinin müxtəlif problemlərinin araşdırılmasının önəmli yer tutduğu bu konfrans yalnız Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin elmi həyatı üçün deyil, bir sıra dünya xalqlarının tarixi üçün də mühüm hadisədir.

Biz böyük məmnunluqla tarix elmimizin həmişə Sizin xüsusi diqqətinizdə olması faktını qeyd edirik. Azərbaycanda bir sıra nüfuzlu elmi simpoziumların və konfransların, o cümlədən “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımıları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş II Beynəlxalq Elmi Konfransın bu ilin aprel ayında Quba şəhərində keçirilməsi bunun parlaq sübutudur. Sizin II Quba konfransının iştirakçılarına müraciətiniz doğma xalqınızın tarixinə, ümumən tarix elminə böyük önəm verdiyinizi bir daha təsdiqləyir.

Azərbaycan özünü artıq bir sıra mühüm beynəlxalq səviyyəli siyasi, mədəni, elmi və idman tədbirlərinin uğurlu təşkilatçısı kimi göstərmişdir. Azərbaycan obyektiv elmi fikrin ifadə olunduğu bir məkan kimi də tanınmışdır. Buna görə də VIII Beynəlxalq Atatürk Konfransı kimi mötəbər elmi məclisin Azərbaycan torpağında, məhz qədim Gəncə şəhərində keçirilməsi təsadüfi deyildir. Gəncə tarixən Azərbaycan, ümumtürk və islam mədəniyyətinin iri mərkəzlərindən biri olmuşdur. Gəncə şəhəri Azərbaycan milli fikrinin sönməz ocağı, Azərbaycan xalqının milli-azadlıq hərəkatının mərkəzlərindən biri kimi də şöhrət qazanmışdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Gəncənin rolu əvəzsizdir. Gəncə şəhəri müstəqil Azərbaycanın ilk paytaxtı və eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının qəhrəmanlıq simvollarından biri olmuşdur. Bakının bolşeviklərin, daşnakların və Azərbaycan istiqlalının digər düşmənlərinin hakimiyyətindən 1918-ci ilin sentyabrında azad edilməsi ilə nəticələnən Azərbaycan-türk qoşunlarının zəfər yürüşü məhz Gəncədən başlanmışdır.

Gəncədə keçirilmiş VIII Beynəlxalq Atatürk Konfransı Azərbaycan, Türkiyə, Rusiya (o cümlədən Moskva və Şimali Qafqazın bir sıra respublikaları), Hindistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Serbiya və başqa ölkələrin alimlərinə bölgəmizin tarixində baş vermiş faciəli hadisələrə bir daha nəzər yetirməyə imkan vermişdir. XIX əsrin ilk onilliklərində ermənilərin Azərbaycan ərazisinə kütləvi şəkildə köçürülməsi, 1918-ci ilin yazında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, həmin ilin may ayında Azərbaycanın əzəli torpaqları olan İrəvan və Zəngəzurda Ararat Respublikasının yaradılması, bir əsr bundan əvvəlki hadisələr zamanı qanlı cinayətlərə səbəb olan ermənilərin Qarabağ, Naxçıvan və Azərbaycanın digər bölgələrinə ərazi iddiaları, İkinci Dünya müharibəsindən sonra Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası - bütün bu proseslər bölgə xalqlarının bu gün yaşadığı faciələrin, ilk öncə Qarabağ münaqişəsinin bünövrəsini qoydu.

Tarixin dərslərinin nəzərə alınmaması, təcavüzkarların cəzasızlığı erməni millətçiliyinin bu gün də öz dağıdıcı fəaliyyətini davam etdirməsinə təkan verdi. Yüz minlərlə azərbaycanlının qovulmasından sonra monoetnik dövlətə çevrilən Ermənistan Respublikası bu gün də qonşu xalqlara qarşı əsassız ərazi iddiaları ilə çıxış edir, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdə bir hissəsini işğal altında saxlayır. Bunun nəticəsində Dağlıq Qarabağın və digər Azərbaycan torpaqlarının əhalisi amansız etnik təmizləmə siyasətinə məruz qalmış, Azərbaycan Respublikasının bir milyondan artıq vətəndaşı qaçqına və məcburi köçkünə çevrilmiş, işğal edilmiş ərazilərdə Azərbaycan xalqının minilliklər ərzində yaratdığı sivilizasiyanın izlərini silmək məqsədi ilə onun mənəvi və maddi mədəniyyət abidələri qəddarcasına məhv edilmişdir.

Konfrans iştirakçılarının məruzələrinin təsdiq etdiyi kimi, müasir dünyanın yaşadığı indiki geosiyasi sarsıntılar şəraitində tarixi təcrübənin nəzərə alınmasının zəruriliyi özünü daha qabarıq şəkildə göstərir. Bu gün Yaxın Şərqin və Ön Asiyanın bir sıra ölkələrində vəziyyətin xeyli gərginləşməsinin arasıkəsilməz müharibələrə, bölgədə və qlobal miqyasda qanlı qarşıdurmalara gətirib çıxardığı müşahidə olunur. Avropanı, ümumilikdə Qərb ictimaiyyətini əhatə edən ksenofobiya və antiislam əhval-ruhiyyəsinin yüksəlişi tolerantlıq və multikulturalizm dəyərlərinin əhəmiyyətini gücləndirir ki, bunsuz da beynəlxalq və konfessiyalararası sülhü təsəvvür etmək mümkün deyildir. Bizim forumda təmsil olunan dövlətlərin elmi həyatında mühüm hadisə olan VIII Beynəlxalq Atatürk Konfransının keçirildiyi Azərbaycan məhz bu keyfiyyətləri ilə şöhrət qazanmışdır.

Azərbaycan sözün əsl mənasında tolerantlığın, multikulturalizmin, millətlərarası və dinlərarası sülhün təntənəsinə yönələn uğurlu siyasətin örnəyidir. Bu siyasətin həyata keçirilməsi cənab Prezident, Sizin və başçılıq etdiyiniz dövlətin xidmətidir. Sizin rəhbərliyiniz altında təqdim olunan müasir Azərbaycan modeli faşizmin yenidən baş qaldırdığı, millətçilik əhval-ruhiyyəsinin, rasizmin və dini ayrı-seçkiliyin yüksəlişinin müşahidə olunduğu Avropa üçün də müsbət nümunə ola bilər.

Biz, VIII Beynəlxalq Atatürk Konfransının iştirakçıları, Sizə qədim Gəncədə bu mötəbər elmi məclisin keçirilməsinə yardım göstərdiyinizə görə bir daha öz dərin minnətdarlığımızı bildiririk. Sizə Azərbaycanın və bütün bölgənin rifahı, beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayırıq!”

Müraciət qəbul olunduqdan sonra Türkiyənin Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhanın Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna fəxri doktor seçilməsi elan edildi və institutun diplomu görkəmli alimə təqdim olundu. Diqqətə çatdırıldı ki, artıq AMEA-nın Tarix İnstitutu Türkiyənin Atatürk Araşdırma Mərkəzi ilə birlikdə ortaq türk tarixinin yazılması üçün işlərə başlayıb. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti adından qonaqlara dahi Azərbaycan şairi Nizami Gəncəvinin Türkiyədə nəfis şəkildə çap edilmiş “Xəmsə”si hədiyyə olundu. Konfrans iştirakçıları mərkəzin foyesində Azərbaycan və türk xalqlarına qarşı törədilən soyqırımı siyasətini əks etdirən arxiv sənədlərinin surətlərindən ibarət sərgiyə də baxdılar.

Konfransın birinci günü iclaslar Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi tarixi binada (hazırda bu binada Gəncə Aqrar Universiteti yerləşir), ikinci günü isə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının binasında keçirildi. İki gün ərzində 3 bölmədə Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, İtaliya, Polşa, Serbiya, Bolqarıstan, Moldova, Rusiya Federasiyası, Dağıstan, Adıgey və İnquşetiya respublikaları, Krım, Hindistan, Özbəkistan, Qazaxıstan və Gürcüstandan olan 93 alimin məruzəsi dinlənildi. Konfransın bölmələrinə sədrlik edən 26 alimin 7-si Azərbaycan alimləri idi. Ümumilikdə konfransın işində 150-yə yaxın alim və rəsmi şəxs iştirak edirdi.

Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransın bağlanış mərasimində AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, T.C.Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örs, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bu tədbirin işini yüksək dəyərləndirdilər. Elə həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə Moskva Tarix, Hüquq və İqtisadiyyat Problemləri Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Müqaviləni AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və Moskva Tarix, Hüquq və İqtisadiyyat Problemləri Elmi-Tədqiqat İnstitutunun prezidenti İqor Turitsin imzaladılar. Konfransın sonunda VIII Beynəlxalq Atatürk Konfransının iştirakçıları adından dünya ictimaiyyətinə müraciət qəbul edildi. Oktyabrın 15-də konfrans iştirakçılarının qədim Şəki şəhərinə gəzintisi təşkil edildi və bununla da konfrans işini yekunlaşdırdı.

 

Elçin VƏLİYEV,

tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2015.- 18 oktyabr.- S. 6.