Naxçıvan MR-də ərzaq təhlükəsizliyi təminatına ciddi diqqət yetirilir

 

Son illər bir çox ölkələrin maliyyə problemləri ilə üzləşməsi və digər amillər əsas ərzaq məhsulları qıtlığına və dünya bazarında qiymət artımına səbəb olmuşdur. Artıq bəzi ölkələrdə ərzaq qıtlığı problemi real təhlükəyə çevrilmiş və ərzaq ehtiyatları minimum həddə düşmüşdür. Etibarlı ərzaq təminatı isə hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanaqlılığının, dövlətin iqtisadi təhlükəsizliyinin qarantıdır.

Aparılan araşdırmalar zamanı dünyada ərzaq istehsalının illik artımının azalması tendensiyası müşahidə edilir və bu azalmanın növbəti illərdə də davam edəcəyi proqnozlaşdırılır. Müşahidə olunan qlobal iqlim dəyişikliyi əhalinin ərzaq məhsullarına tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna daha çox mənfi təsir göstərir. Kənd təsərrüfatını iqlim dəyişikliklərinə adaptasiya etmək isə qlobal ərzaq təhlükəsizliyinin təmin olunması və ekosistemi qorumaq baxımından vacib olmaqla yanaşı, həm də xeyli xərc tələb edir. Bütün bu faktlar onu göstərir ki, hazırda ərzaq təhlükəsizliyi probleminin səmərəli həlli dünyada gedən sürətli qloballaşma prosesi fonunda ən mühüm məsələlərdəndir.

Ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən böyük uzaqgörənliklə ilk dəfə olaraq muxtar respublikada aqrar islahatların həyata keçirilməsinə başlamışdır. 1992-ci il aprelin 6-da Ali Məclis tərəfindən qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında”, eləcə də “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar aqrar sahənin inkişafı ilə yanaşı, etibarlı ərzaq təminatının yaradılmasına da öz təsirini göstərmişdir. Muxtar respublikada torpaq islahatının uğurla başa çatdırılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, yeni emal müəssisələrinin yaradılması və həyata keçirilən digər tədbirlər sayəsində ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. İstehsalın stimullaşdırılması və satış üçün məhsulların çeşidinin artırılması istiqamətində görülən tədbirlər həm də yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə imkan vermişdir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə də ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamış və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq ərzaq təhlükəsizliyi məsələsini dövlətçilik strategiyasının əsas elementi sırasına daxil etmişdir. Prezident İlham Əliyev də ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə əməli addımlar atır.

Naxçıvan Muxtar Respublikasında da ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülür. Ümumiyyətlə, son illər dövlətin diqqət və qayğısı ilə muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində genişmiqyaslı layihələr həyata keçirilmişdir. Meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarlarının tutumlarının artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaratmışdır. Toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq-sürtkü materiallarına görə verilən yardımların 25 faiz artırılaraq 50 manata çatdırılması, istifadə olunan gübrələrin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün əsaslı stimul olmuşdur.

Regionumuzda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər ərzaq təhlükəsizliyinin təmin olunmasında, emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır. Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edir. Aparılan məqsədyönlü iqtisadi siyasət aqrar sektorun inkişafına güclü təkan verməklə istehsalın artmasına, məhsul bolluğunun yaranmasına səbəb olmuşdur. 2015-ci ilin yanvar-avqust ayları ərzində muxtar respublikada 253,8 milyon manatlıqdan çox kənd təsərrüfatı məhsullarının istehsal olunması buna sübutdur.

Muxtar respublikada kənd təsərrüfatının aparıcı sahələrindən biri əkinçilikdir. Qədim diyarın torpaq mülkiyyətçiləri bu sahədə zəngin təcrübəyə malikdirlər. Onlara göstərilən hərtərəfli qayğı, eləcə də iqlim və coğrafi şərait əkinçilikdə uğurlar qazanılmasını təmin etmişdir. Elə bu səbəbdəndir ki, 2015-ci ilin məhsulu üçün 61 min 414 hektar sahədə əkin aparılmışdır. Bu isə 2008-ci illə müqayisədə 2505,3 hektar çoxdur.

Aqrar sahədə nəzərdə tutulan xidməti işlərin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onları lazımi texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti aqrar bölmənin kənd təsərrüfatı texnikaları ilə təchizatını, müxtəlif servis xidmətlərinin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir.

Məlumdur ki, əhalinin ərzaqla təminatında taxılçılığın inkişafı əsas şərtlərdən biridir. 2008-ci ildə muxtar respublika üzrə 32441,2 hektar sahədə taxıl əkilmişdisə, 2015-ci ildə əkin sahələri 36237 hektara çatdırılmışdır ki, bu da həmin illə müqayisədə 2795,8 hektar çoxdur. Bu il zəmilərdən 106 min 282 ton - 2008-ci illə müqayisədə 23 min 718, ötən illə müqayisədə 3212 ton çox məhsul toplanmışdır.

Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunması, fövqəladə hallara yüksək səviyyədə hazırlığın təmin edilməsi, təbii fəlakətlərin nəticələrinin qısa zamanda aradan qaldırılmasından ibarətdir. Muxtar respublikada taxıl istehsalının artımı ilə yanaşı, taxıl ehtiyatının yaradılması imkanları da yaxşılaşdırılmış, tutumu 27 min ton olan uzunmüddətli və 43 min 400 ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi yaradılmışdır.

Muxtar respublikada iqtisadi fəaliyyətin bütün sahələri ilə yanaşı, kənd təsərrüfatının dinamik inkişafı üçün də səmərəli kredit mexanizmi formalaşmışdır. Təkcə bu ilin yanvar-avqust ayları ərzində kənd təsərrüfatının inkişafı üçün torpaq mülkiyyətçilərinə banklar və bank olmayan kredit təşkilatları tərəfindən 14 milyon 552 min manatdan artıq kredit verilmişdir.

Muxtar respublikada taxılçılıqla yanaşı, kartofçuluğun inkişafına da ciddi diqqət yetirilir. Bir zamanlar regionda bu məhsula olan tələbat idxal hesabına ödənilirdi. Kartofa olan tələbatın ödənilməsi məqsədilə görülən işlər bu cəhətdən diqqətəlayiqdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda torpaqlardan səmərəli istifadə olunması, investisiyaların yatırılması, müxtəlif servis mərkəzlərinin yaradılması, daxili bazarın qorunması, tələbata uyğun keyfiyyətli məhsul istehsalının dəstəklənməsi kimi zəruri tədbirlərin görülməsi məsələləri qarşıya qoyulmuşdur. Stimullaşdırıcı təsirə malik olan bu tədbirlərin nəticəsidir ki, kartof əkini sahələri ildən-ilə genişlənir. Daxili bazarın kartofla təminatında idxaldan asılılığın azaldılması və tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etmək məqsədilə muxtar respublikada əlverişli torpaq sahələri ayrılmışdır. Bu il 2967 hektar sahədə kartof əkilmişdir ki, bu da 2008-ci illə müqayisədə 454, 2012-ci illə müqayisədə 136 hektar çoxdur.

Əhalinin qış aylarında faraş tərəvəz məhsulları ilə təmin olunması da mühüm məsələlərdən biridir. Bu sahəyə göstərilən qayğı sayəsində muxtar respublikada tərəvəz yetişdirilən istixana komplekslərinin ümumi sahəsi 100 min kvadratmetrdən çoxdur. Yalnız cari il ümumi sahəsi 2860 kvadratmetr olan 4 istixana kompleksi istifadəyə verilmişdir. Ümumi sahəsi 5000 kvadratmetr olan 2 istixana kompleksinin qurulması isə davam etdirilir.

Əhalinin müxtəlif kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində soyuducu anbarların da böyük rolu vardır. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar ortaya çıxan problemləri aradan qaldırmağa kömək edir, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təmin olunmasına imkan verir. Son illər əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının daha dolğun ödənilməsi üçün muxtar respublikada ümumi tutumu 12 min 610 ton olan 21 soyuducu anbar tikilib istifadəyə verilmişdir. Bunlardan əlavə, meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalında artıma nail olunması üçün emal sənayesinin inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.

Kənd təsərrüfatında əkinçiliklə yanaşı, heyvandarlıq da sürətlə inkişaf edir. Heyvandarlıqda islahatlar 1992-ci ildən başlamışdır. Bu sahədə islahatların aparılması çox zəruri idi, çünki 1990-cı ildən başlayaraq hər il orta hesabla mal-qaranın sayı 4 min, davarın sayı 10 min baş, ət istehsalı 1,5 min, süd istehsalı isə 6 min ton azalırdı. İslahatlar sayəsində mal-qaranın sayında və heyvandarlıq məhsullarının istehsalında ciddi artım olmuşdur. Belə ki, 2008-ci il 1 yanvar tarixə 2001-ci ilin müvafiq dövrü ilə nisbətdə mal-qaranın sayı 20 min, davarın sayı 138 min baş artmışdır.

Mal-qaranın baş sayının artması məhsul istehsalına da təsirini göstərmişdir. Belə ki, 2015-ci ilin yanvar-avqust ayları ərzində muxtar respublika üzrə diri çəkidə 12,6 min ton ət, 60,7 min ton süd istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,2, süd istehsalı 1,4 faiz artmışdır.

“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın əsas məqsədi insanların sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi də muxtar respublikada kənd təsərrüfatının inkişafına birbaşa məsul olanların məsuliyyətini daha da artırmışdır.

 

Tural HAQVERDİYEV,

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri

 

Azərbaycan.- 2015.- 18 oktyabr.- S. 10.