Dayanıqlı
elektrik enerji sistemi ölkəmizin sosial-iqtisadi
inkişafına xidmət edir
Hazırda dünyada elektrik energetikası sahəsinin yeni inkişaf meyilləri özünü göstərməkdədir ki, bu da hər bir ölkənin təkcə yaxın müddətdə deyil, həm də gələcək onilliklərdə dayanıqlı və keyfiyyətli enerji təchizatı üçün mühüm əhəmiyyətli qərarlar qəbul edilməsi zərurəti ilə bağlıdır.
Azərbaycanda müxtəlif tarixi dövrlərdə bu sahədə verilən qərarlar respublikamızın hazırkı müstəqil elektrik enerjisi sisteminin formalaşmasını təmin etmişdir. Hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Mingəçevirdə Cənubi Qafqazın ən iri istilik elektrik stansiyasının təməlinin qoyulması və tikintisinin uğurla başa çatdırılması, digər yeni generasiya güclərinin işə salınması, enerjiötürücü sistemin köklü şəkildə inkişaf etdirilməsi, enerjisistemin səmərəli idarə olunması üçün yüksək ixtisaslı energetiklər nəslinin yetişdirilməsi tarixi nailiyyət kimi bu gün də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də enerjisistemin cari fəaliyyəti və perspektivləri daim diqqət mərkəzində olmuş, 90-cı illərin əvvəllərindəki siyasi-iqtisadi böhran, naşı idarəçilik nəticəsində çətin vəziyyətə düşən və hətta iflas təhlükəsi ilə üzləşən bu mühüm sahənin dirçəlişi, ölkənin elektrik enerjisinə tələbatının ödənilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. Məhz həmin dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında xarici sərmayələrin cəlb edilməsi ilə mövcud elektrik stansiyalarının yenidən qurulması və modernləşdirilməsi layihələri icra edilmişdir. Enerjisistemin generasiya gücünün artırılmasının, ötürücü və paylayıcı şəbəkələrin inkişafının zəruriliyini əsas götürərək ölkənin energetika təhlükəsizliyinin təminatına yönələn strateji kurs qəbul edilmişdir. Bu kurs yanacaq-energetika kompleksində və regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında konkret təcəssümünü tapmışdır. İri beynəlxalq bankların kreditləri ilə yanaşı, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri elektrik enerjisi sektorunun inkişafına, onun maddi-texniki bazasının yeniləşdirilməsinə yönəldilmişdir.
Eyni zamanda, enerjisistemin istehsal fondlarının inkişaf proqramlarının qəbul edilməsi ilə yanaşı, onun idarəetmə strukturunun islahatı da aparılmışdır. Mövcud dövlət şirkətinin bazasında səhmdar cəmiyyət təsis edilmiş, onun səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Görülən tədbirlər nəticəsində enerjisistemin qarşısında duran bir çox məsələlər öz həllini tapmışdır.
Köhnə elektrik stansiyalarının yenidən qurulmasının və yeni elektrik stansiyalarının tikintisinin hesabına yeni generasiya gücləri istismara verilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər ümumi generasiya gücünü 1,5 dəfədən çox artırmağa imkan vermişdir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda 3 500 MVt-a yaxın generasiya gücü işə salınmışdır.
Bu gün ulu öndər Heydər Əliyevin strateji inkişaf xəttini praqmatik və yenilikçi, təşəbbüskar və qətiyyətli siyasi lider, möhtərəm Prezident cənab İlham Əliyev yeni dövrün tələblərinə və xalqımızın maraqlarına uyğun bir şəkildə ardıcıllıqla davam etdirir. Hər bir sahədə olduğu kimi, elektrik energetikasında da son 12 ildə baş vermiş misilsiz keyfiyyət və kəmiyyət dəyişiklikləri ölkəmizin vüsətli sosial-iqtisadi inkişafının mühüm nailiyyətlərindəndir.
Dövlət başçısının qərar və göstərişləri əsasında generasiya potensialının yenilənməsi və artırılması nəticəsində ölkəmiz elektrik enerjisinin idxalından imtina etmişdir. Bu sahədə qonşu ölkələr ilə əməkdaşlıq yalnız mübadilə məqsədi daşıyır. Generasiya güclərinin müasirləşdirilməsi enerjisistemin texniki-iqtisadi göstəricilərinin daha da yaxşılaşdırılmasına, hər kilovat-saat elektrik enerjisinin istehsalına yanacaq sərfiyyatının azaldılmasına imkan vermişdir.
Keçən dövr ərzində, uzunmüddətli istismarda olan yüksəkgərginlikli və paylayıcı elektrik şəbəkələrinin bərpasına da böyük diqqət ayrılmışdır. Demək olar ki, enerjisistemin bütün yüksəkgərginlikli yarımstansiyalarında avadanlıqlar ən müasirləri ilə əvəz edilmişdir.
Yenidənqurma zamanı xüsusi diqqət Abşeron yarımadasında elektrik şəbəkələrinin dayanıqlılığının təminatına ayrılmışdır. Bu regionda yarımstansiyaların və xətlərin əksəriyyəti 80 ildən çox istismarda idi. Bu səbəbdən onların tam yenidənqurulması və müasirləşdirilməsi tələb olunurdu. Odur ki, bütün belə obyektlərdə həmin işlər yerinə yetirilmişdir.
Son illər ərzində respublikada, xüsusilə Bakıda və onun ətrafında, nəqliyyat infrastrukturu güclü inkişaf etdirilmişdir. Bununla əlaqədar olaraq, elektrikötürmə xətlərinin traslarının dəyişilməsi və yeni xətlərin, yarımstansiyaların tikintisi üzrə işlərin böyük hissəsi yerinə yetirilmişdir. Respublika ərazisində ilk dəfə Bakı şəhərində yeraltı 110 kV gərginlikli yarımstansiya tikilmişdir. Eyni zamanda, respublikanın müxtəlif regionlarında 500, 330, 220 və 110 kV-luq yarımstansiyalar və elektrik ötürücü xətləri inşa edilmişdir. Görülmüş işlər enerjinin keyfiyyətini artırmış, enerjisistemin dayanıqlılığını və təhlükəsizliyini daha da möhkəmləndirmişdir.
Enerjisistemin fəaliyyətinin dayanıqlılıq səviyyəsinin sonrakı mərhələdə yüksəlməsi optik-lifli kommunikasiyalar vasitəsi ilə energetika obyektlərinin mərkəzləşdirilmiş idarəetmə sisteminin, SCADA-nın inkişafı ilə təmin olunmasıdır. Bu layihəyə uyğun olaraq yaradılan sistem real vaxt rejimi ilə yüksəkgərginlikli şəbəkələrdə və elektrik stansiyalarında bütün prosesləri izləməyə, vəziyyəti qiymətləndirməyə, təhlükəli vəziyyətləri lokallaşdırmağa və aradan qaldırmağa imkan verir. Enerji sistemində bu layihə artıq başa çatdırılmışdır.
Dövlət başçısının rəhbərliyi ilə elektrik enerjisi sistemində mühüm islahatlar və geniş-miqyaslı quruculuq işləri həyata keçirilir. Ölkə enerjisistemin yeni inkişaf mərhələsi kimi dəyərləndirilən bu dövr 2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına, 2005-2015-ci illərdə yanacaq-enerji kompleksinin inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, respublikamızda elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində dövlət başçısının göstəriş və tapşırıqlarının uğurla yerinə yetirilməsi ilə əlamətdardır. Bütün bunların nəticəsində 12 il ərzində Azərbaycanın müxtəlif regionlarında ümumi gücü 2300 MVt-dan artıq olan 18 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən artıq elektrik verilişi xətləri, 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur.
Belə ki, 2003-2015-ci illərdə enerji sistemində hər birinin gücü 87 MVt olan Astara, Şəki, Xaçmaz, Naxçıvan, hər birinin gücü 105 MVt olan Bakı, Şahdağ, gücü 300 MVt olan Səngəcal, 525 MVt gücündə Sumqayıt, 780 MVt gücündə “Cənub” elektrik stansiyaları, 5 MVt gücündə Vayxır, 22 MVt gücündə Biləv, hər birinin gücü 25 MVt olan Füzuli, Taxtakörpü və Şəmkirçay, 20,5 MVt gücündə Arpaçay-1, 3,1 MVt gücündə “Göyçay”, gücü 1,4 MVt olan Arpaçay-2 və digər su elektrik stansiyaları istismara verilmişdir.
Eyni zamanda, gücü 64 MVt olan Naxçıvan qaz-turbin elektrik stansiyasında yenidənqurma işləri aparılmış, stansiya modernləşdirilmiş və dizel yanacağından qaz yanacağına keçirilərək istismara verilmişdir. Bütün bunlardan əlavə, Azərbaycan İES-in enerji bloklarının yenidənqurulması işləri həyata keçirilərək stansiyanın imkan gücü artırılmışdır.
Hazırda dövlət başçısı Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını qarşıya əsas məqsədlərdən biri kimi qoymuşdur. Bu istiqamətdə həyata keçirilən siyasətin strateji məqsədlərindən biri də dünya təsərrüfat sistemində ölkəmizin maraqlarının gözlənməsi şərti ilə inteqrasiyasının təmin olunmasıdır. Bu gün elektrik enerjisi sistemində bu məqsədlə müvafiq işlər davam etdirilir.
Bunlarla yanaşı, “Şimal” elektrik stansiyasında gücü 409 MVt olan II enerji blokunun, Lerik və Yardımlı rayonlarının daha dayanıqlı enerji təchizatı layihəsi üzrə gücü 16,5 MVt olan elektrik stansiyasının, Mingəçevir və Varvara su elektrik stansiyalarının yenidənqurulması işlərinin də başa çatdırılması gözlənilir.
Hazırda ölkədə elektrik enerjisi ilə təminat məsələlərinin həllində kiçik su elektrik stansiyalarının tikintisinə xüsusi diqqət göstərilməlidir. Bu elektrik stansiyaları enerjisisteminin generasiya güclərinin strukturunu əhəmiyyətli şəkildə yaxşılaşdıracaq, pik generasiyasının payı artacaqdır. Birincisi, bunun nəticəsində enerji sisteminin manevretmə qabiliyyəti yaxşılaşacaq, elektrik stansiyalarının işinin optimallaşmasına imkan verəcək, ikincisi elektrik enerjisinin istehsalına yanacağın sərfi azalacaqdır.
Azərbaycanda çoxlu sayda kiçik çay və axınlar var və onların üzərində belə elektrik stansiyalarının tikintisi iqtisadi nöqteyi-nəzərdən məqsədəuyğundur. Bu cür elektrik stansiyalarında mürəkkəb avadanlığın olmaması texniki istismar məsələlərini əhəmiyyətli dərəcədə sadələşdirir. Alternativ elektroenergetikanın inkişafının böyük gələcəyi və əhəmiyyəti var və bu istiqamətdə işlər davam etdirilir. Ümumiyyətlə, kiçik su elektrik stansiyalarının tikintisi üzrə işlər müəyyən edilmiş qrafikə uyğun aparılır. Onların mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulur.
Bu gün ölkə elektrik enerjisi sistemində generasiya gücləri ilə bağlı problem yoxdur. Lakin enerjisistemin dayanıqlılığını və təhlükəsizliyini xarakterizə edən amillərdən biri olan enerjinin ötürülməsi sistemində müəyyən çətinliklər var. Hazırda dövlət başçısının tapşırığına əsasən enerjinin ötürülməsi sistemində və paylayıcı şəbəkələrdə yeniləşmə proseslərinin aparılması istiqamətində məqsədyönlü işlər aparılır. Məlum olduğu kimi, ötən dövr ərzində “1-ci, 2-ci Mingəçevir EVX-nin yenidənqurulması” layihəsi çərçivəsində gücü 360 MVA olan 220 kV-luq Ağdaş YS-nın, 220 kV-luq ikidövrəli Mingəçevir ES - Abşeron YS HX-nin tikintisi və 500 kV-luq Abşeron yarımstansiyasında 400 MVA gücündə 3-cü avtotransformatorun quraşdırılması və sxemə qoşulması üzrə işlər başa çatdırılmışdır. Eyni zamanda gərginliyi 330 kV-luq olan Goranboy paylayıcı məntəqəsi istifadəyə verilmişdir. 220 kV-luq “Şimal ES-Hövsan YS” hava xəttinin tikintisi, gücü 360 MVA olan 220 kV-luq “Zabrat” yarımstansiyasının inşası, 220 kV-luq ikidövrəli “Şimal ES-Zabrat YS-Sumqayıt ES” hava xəttinin tikintisi layihəsi üzrə işlər tam başa çatdırılmışdır və bir hissəsi şəbəkəyə qoşulmuşdur. Gücü 409 MVt olan “Şimal-2” elektrik stansiyası istismara veriləndən sonra yarımstansiya və elektrik verilişi xətləri tam şəkildə şəbəkəyə qoşulacaqdır.
2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı ümumi uzunluğu 80 kilometrədək olan 110 kV-luq hava xəttinin yenidənqurulması üzrə işlər müəyyən edilmiş qrafik üzrə davam etdirilir.
Əldə edilən uğurlar respublikanın elektrik enerjisi sisteminin dayanıqlılığını və təhlükəsizliyini daha da möhkəmləndirir və Azərbaycanın regionda elektrik enerjisinin ixracı üzrə mühüm ölkəyə çevrilməsinə imkan verir. İnamla deyə bilərik ki, elektrik energetikası sahəsində həyata keçirilən mükəmməl dövlət siyasəti enerjisitemin bundan sonra da sosial-iqtisadi inkişafdakı əvəzedilməz rolunun layiqincə yerinə yetirməsini təmin edəcəkdir.
Etibar
PİRVERDİYEV,
“Azərenerji”
ASC-nin prezidenti
Azərbaycan.- 2015.- 20 oktyabr.- S. 5.