Azərbaycanda beynəlxalq tələblərə cavab verən mükəmməl statistika sistemi yaradılmışdır

 

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnaməsi ilə 2015-ci il oktyabrın 20-si “Daha təkmil statistika - daha yaxşı həyat” şüarı altında Ümumdünya Statistika Günü elan edilmişdir. Xatırladaq ki, BMT Statistika Komissiyasının yarandığı 1947-ci ildən sonra Statistika Günü ilk dəfə 2010-cu ildə qeyd olunmuşdur. Əlamətdar haldır ki, bu qətnaməyə Azərbaycan da həmmüəllif kimi qoşulmuşdur.

Bu günün qeyd olunmasında əsas məqsəd müasir qloballaşma dövründə statistikanın rolunu və əhəmiyyətini bütün rəsmi statistika istehsalçılarına, statistik məlumat istifadəçiləri də daxil olmaqla, vətəndaş cəmiyyətlərinə çatdırmaqdan ibarətdir.

BMT Baş Assambleyasının qətnaməsində 2015-ci ilin 20 oktyabrının ikinci dəfə Ümumdünya Statistika Günü kimi qeyd olunmasının əhəmiyyəti vurğulanaraq bütün üzv ölkələr, BMT sisteminə daxil olan və digər beynəlxalq və regional təşkilatlar, habelə vətəndaş cəmiyyətləri, qeyri-hökumət təşkilatları, tədqiqat institutları, media və bütün rəsmi statistika istehsalçıları və istifadəçiləri bu günü qeyd etməyə dəvət edilmişlər.

Qətnamə qəbul edildikdən sonra BMT-nin Baş katibi Pan Gi Mun dünya ölkələrinin başçılarına, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 2015-ci il 19 avqust tarixli məktubla müraciət edərək Ümumdünya Statistika Gününün qeyd olunmasının dəstəklənməsini xahiş etmişdir. Baş katib məktubda statistikanın vacibliyini, milli statistika potensialının fundamental əhəmiyyət daşıdığını, etibarlı statistikanın milli, regional və beynəlxalq səviyyədə siyasətin formalaşdırılması və monitorinqi üçün əvəzolunmaz əsas olduğunu vurğulamışdır.

Ölkəmizdə Ümumdünya Statistika Gününün qeyd olunması ilə bağlı geniş tədbirlər planı hazırlanmış və onun icrası təmin edilmişdir. Azərbaycan statistikasının tarixi, bu günü və inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq üçün Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə “Daha təkmil statistika - daha yaxşı həyat” mövzusunda müsabiqə elan etmişdir. Müsabiqəyə 35 yazı ilə qatılmış 23 KİV nümayəndələrindən müəyyən olunan qaliblər mükafatlandırılmışlar. Əlamətdar günlə bağlı çoxsaylı KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı da keçirilmiş, rəsmi statistikanın mövcud vəziyyəti və perspektiv inkişafı ilə bağlı ətraflı müzakirələr aparılmışdır. Bu gün isə mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin, Milli Məclisin deputatlarının, KİV nümayəndələrinin iştirakı ilə təntənəli iclasın keçirilməsi, statistik nəşrlərdən ibarət sərginin təşkili nəzərdə tutulmuşdur. Ümumdünya Statistika Günü ilə bağlı tədbirlər yerli statistika orqanları tərəfindən bütün regionlarda da keçirilmişdir. Tədbirlər barədə ictimaiyyətin vaxtında məlumatlandırılması üçün Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində “Ümumdünya statistika günü” ilə əlaqədar xüsusi bölmə yaradılmış və bu günlə əlaqədar materiallar həmin bölmədə yerləşdirilmişdir. Azərbaycanda statistika elminin inkişafına töhfə vermək, statistika elminin nailiyyətlərini, ölkə və dünya iqtisadiyyatında müşahidə olunan hadisə və proseslərin statistik təhlilini, mühüm statistik göstəriciləri və onların hesablanma metodologiyalarını, statistikaya dair beynəlxalq aləmdə baş verən yenilikləri geniş ictimaiyyətə çatdırmaq məqsədilə təsis edilmiş “Statistika xəbərləri” elmi-praktiki jurnalının ilk nömrəsi də Ümumdünya Statistika Günündə işıq üzü görmüşdür.

Çox xoş təsadüfdür ki, BMT Baş Assambleyası tərəfindən Ümumdünya Statistika Gününün qeyd olunması üçün seçilmiş illər Azərbaycanda statistikanın yaradılmasının yubiley illəri ilə üst-üstə düşür. 2015-ci ildə Azərbaycanda rəsmi statistikanın yaradılmasının 95 yaşı tamam olur. Belə ki, 1920-ci ildə Azərbaycanda rəsmi statistikanın yaradılması ilə bağlı silsilə qərarlar qəbul edilmişdir. Əvvəlcə 1920-ci il iyul ayının 8-də Azərbaycan İnqilab Komitəsi tərəfindən statistikanın müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilmişdir. Daha sonra, Azərbaycan SSR İnqilab Şurasının 9 avqust 1920-ci il tarixli dekretinə uyğun olaraq, 15 bölmədən ibarət Mərkəzi Statistika İdarəsi yaradılmışdır. Beləliklə, biz hər beş ildən bir ölkəmizdə Ümumdünya Statistika Gününü qeyd etməklə yanaşı, həm də Azərbaycanda rəsmi statistikanın yaranmasının yubiley illərini, başqa sözlə, peşə bayramımızı qeyd edirik.

Azərbaycan statistika sistemindən söz düşmüşkən onu da bildirək ki, uzun inkişaf yolu keçmiş bu qurum bütün dövrlərdə öz işini hökumət tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə yönəltmişdir. Sovet hakimiyyəti illərində bu, əsasən dövlət planlarının yerinə yetirilməsindən, statistik məlumatların yığılması, işlənməsi və vaxtında respublikanın rəhbər orqanlarına, eləcə də SSRİ Mərkəzi Statistika İdarəsinə təqdim edilməsindən ibarət olmuşdur. Mərkəzi Statistika İdarəsi nazirlik və baş idarələrdə, onların yerli orqanlarında uçotun qurulmasının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirir, daxili hesabatları yoxlayır, hesabatların vaxtında və düzgün təqdim edilməsinə nəzarət edirdi ki, bu da son nəticədə hesabat intizamının möhkəmləndirilməsinə müsbət təsir göstərirdi.

Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildiyi gündən gündəlik qayğı və diqqət nəticəsində istər respublikada, istərsə də keçmiş İttifaq səviyyəsində Azərbaycan statistikasının nüfuzu getdikcə artmışdır. Buna əyani misal olaraq, ulu öndərin rəhbərliyi dövründə Azərbaycan Mərkəzi Statistika İdarəsinin mütəxəssislərinin SSRİ Mərkəzi Statistika İdarəsi tərəfindən Mali, Konqo və Kubaya rəsmi statistikanın yaradılması üçün ezam edilmələrini göstərmək olar. Ümummilli liderin rəhbərliyi dövründə bütün mötəbər iclaslarda, həmçinin ayrı-ayrı nazirliklərin, digər mərkəzi icra hakimiyyəti orqanlarının, rayon və şəhər rəhbərlərinin fəaliyyətləri müzakirə edilən bütün tədbirlərdə Mərkəzi Statistika İdarəsinin məlumatlarına xüsusi önəm verilirdi ki, bu da statistikanın rolunun və əhəmiyyətinin artmasına öz müsbət təsirini göstərirdi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə milli kadrların yetişdirilməsi sahəsində uzaqgörənliklə həyata keçirdiyi kadr siyasəti statistika sistemini də əhatə etmişdir. Bu dövrdə gənc milli kadrların statistika orqanlarında rəhbər vəzifələrə təyin olunması kütləvi xarakter almışdır. 1972-ci ildə isə Dövlət Statistika Komitəsinin yeni, müasir tələblərə cavab verən inzibati binası tikilib istifadəyə verilmiş, onun maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmişdir. Regionlarda da işçilərin iş şəraiti yaxşılaşdırılmışdır. Respublika rəhbərliyinin göstərişi ilə bir çox rayon və şəhər statistika idarələri üçün yeni inzibati binalar tikilmişdir. Bu qayğıya öz işləri ilə cavab verən Azərbaycan statistikləri əldə etdikləri nailiyyətlərə görə həm keçmiş SSRİ, həm də respublika daxilində müxtəlif nazirlik və komitələrin hesablama mərkəzləri arasında dəfələrlə ali mükafatlara təltif edilmişlər.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də öz diqqət və köməyini statistikadan əsirgəməmişdir. Ulu öndərin həyata keçirdiyi islahatlar çərçivəsində 18 fevral 1994-cü ildə imzalanmış “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu statistika sahəsində yeni bir dövrün başlanmasına təkan vermişdir. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri”nin bütün tələbləri nəzərə alınmışdır. Beynəlxalq standartlara cavab verən bu qanunda statistik forma və metodların demokratik prinsiplərə uyğunlaşdırılması rəhbər tutularaq rəsmi statistika sisteminin təşkili, səlahiyyət və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi ilə bağlı digər məsələlər tənzimlənmiş və beləliklə, milli statistikanın hüquqi əsasları yaradılmışdır. Bundan başqa, həmin dövrdə dövlət statistika sistemində islahatların aparılmasına dair ardıcıl olaraq iki beşillik dövlət proqramları icra edilmişdir. Nəticədə milli statistikanın beynəlxalq statistik standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın ölkədə həyata keçirilən islahatlara uyğun olaraq təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Bu gün biz öz işimizi beynəlxalq standartlara uyğunlaşdırırıq. Ümumiyyətlə, müstəqillik dövründə bazar iqtisadiyyatının tələblərinə cavab verən statistikanın yeni sahələri - qiymət, milli hesablar, xarici ticarət, turizm statistikası və s. yaradılmışdır. Odur ki, beynəlxalq standartlara cavab verən metodoloji materialların hazırlanmasına xüsusi diqqət yetirilmiş, 600-dən çox metodoloji xarakterli material hazırlanmışdır. Respondentlərə düşən hesabat yükünün azaldılması da diqqət mərkəzindədir. Əgər 1992-ci ildə statistika orqanları tərəfindən 877 hesabat toplanırdısa, bu gün onların sayı məzmunca daha zəngin olmaqla 261-ə bərabərdir. Bu hesabatlar əsasında 30-a yaxın məcmuə buraxılır və istifadəçilərə çatdırılır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi xarici ticarət statistikasının yaradılmasını şərtləndirmiş, valyuta vəsaitlərinin hərəkəti, ixrac və idxal məhsullarının fiziki həcmi, ölkəmizin əsas ticarət tərəfdaşları haqqında məlumatları əldə etməyə imkan vermişdir. Ölkədə xarici ticarət statistikası dünyada qəbul olunmuş qaydada - gömrük bəyannaməsi məlumatları əsasında qurulmuşdur.

Statistika təcrübəsində öz miqyasına görə mürəkkəb və xüsusilə irihəcmli iş sayılan siyahıyaalmalardan da geniş istifadə edilmişdir. 1990-cı ildən keçən dövr ərzində 1999-cu və 2009-cu illərdə əhalinin, 2004-cü ildə başa çatdırılmamış istehsal və qeyri-istehsal təyinatlı tikililərin və turizm obyektlərinin, 2005-ci və 2015-ci illərdə kənd təsərrüfatının, 2006-cı ildə elmi təşkilatların, 2007-ci və 2015-ci illərdə fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmaları keçirilmiş və əldə olunmuş məlumatlardan ölkənin sosial-iqtisadi inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasında geniş istifadə edilmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilən və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması problemlərinin həllində böyük əhəmiyyət kəsb edən işlərdən biri də Statistik Vahidlərin Dövlət Registrinin yaradılması olmuşdur. Həmçinin statistik müşahidələrin seçmə formada aparılmasına keçidin metodoloji təminatı üzrə xeyli işlər görülmüşdür. Beynəlxalq təşkilatların və bir sıra Avropa ölkələrinin statistika xidmətləri ilə birlikdə milli hesablar, sənaye, nəqliyyat, tikinti, əmək, kənd təsərrüfatı, ticarət, xarici ticarət, turizm, əhali miqrasiyası, qiymət, demoqrafiya və sosial statistika sahələri üzrə seçmə müayinələr keçirilmişdir. Son illər seçmə statistika müayinələrinin əhatə dairəsi də genişlənərək əsas müşahidə üsuluna çevrilmişdir.

Müstəqillik dövründə əldə olunan nailiyyətlər 2010-cu ildə Avrostat, Avropa Azad Ticarət Assosiasiyası (AATA) və BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Avropa İttifaqının, BMT-nin Uşaq Fondunun (UNİCEF), Dünya Bankının Azərbaycanda olan mütəxəssisləri, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, 18 nazirlik, komitə və bankın, 5 kütləvi informasiya vasitəsinin, 4 yerli statistika orqanının nümayəndələri və Statistika Şurasının üzvləri də cəlb edilməklə həyata keçirilmiş milli statistika sisteminin ilk Qlobal Qiymətləndirilməsinin yekunlarında öz əksini tapmışdır. Təbii ki, bütün bunlar statistikaya inamın artmasına səbəb olmuşdur.

Amma bu inamın artmasının əsas səbəbi Prezident İlham Əliyevin ölkə statistikasının inkişafını daim diqqətdə saxlamasıdır. Cənab İlham Əliyevin rəsmi statistikanın inkişafı ilə bağlı təsdiq etdiyi iki dövlət proqramı fəaliyyətimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratmışdır. Beynəlxalq əlaqələr genişlənmiş, 13 ölkənin statistika orqanları ilə əməkdaşlığa dair sazişlər imzalanmışdır. Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Statistika Komitəsi BMT-nin Statistika şöbəsi, Avropa İqtisadi Komissiyası, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNESCO, UNİCEF, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Statistika Bürosu, MDB Dövlətlərarası Statistika Komitəsi, Qara Dəniz Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarla və dünyanın 43 ölkəsinin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır. Hazırda Dövlət Statistika Komitəsinin mütəxəssisləri statistika sahəsində 9 beynəlxalq işçi və ekspert qrupunda təmsil olunurlar. Təkcə bir faktı qeyd edək: 2013-cü ildə MDB ölkələrinin statistika orqanları arasında Dövlət Statistika Komitəsi sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan “Bureau Veritas” şirkətinin İSO 9001:2008 sertifikatını almış 2-ci, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları arasında isə 1-ci təşkilat olmuşdur.

Son illər yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazalarının təkmilləşdirilməsi məqsədilə 25 rayon və şəhər statistika idarəsi üçün inzibati binalar tikilmişdir ki, bu da ölkə rəhbərliyinin statistika əməkdaşlarına diqqətinin bariz nümunəsidir. Statistiklərin əməyi də yüksək qiymətləndirilir. Təkcə son vaxtlar fəaliyyətlərində fərqləndiklərinə görə 1 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Tərəqqi”, 18 nəfər “Dövlət Qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur. Ümumdünya Statistika Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə daha 22 əməkdaşımız yüksək dövlət mükafatları - orden və medallarla təltif edilmişlər. Ölkə başçısının bu sahəyə növbəti yüksək diqqət və qayğısı bizim üzərimizə böyük məsuliyyət qoymuşdur. Çalışacağıq ki, gələcəkdə də Prezidentin etimadını fəaliyyətimizlə doğruldaq.

Gələcəkdə isə ölkə statistika sisteminin qarşısında mühüm vəzifələr durur. Bu vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə rəsmi statistikanın inkişafı Dövlət Proqramı”ndan, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin icrasından ibarətdir. Statistika sisteminin strukturunun təkmilləşdirilməsi, müasir tələblərə cavab verən səviyyəyə çatdırılması, elektron statistikanın inkişaf etdirilməsi, elektron xidmətlərin sayının artırılması, kağızsız texnologiyaların daha geniş tətbiqi fəaliyyətimizin prioritet istiqamətlərini təşkil edəcək.

 

Tahir BUDAQOV,

Dövlət Statistika Komitəsinin sədri

 

Azərbaycan.- 2015.- 20 oktyabr.- S. 5.