Moskvada “Leto AMOR-2015” fotomüsabiqəsinin
qalibləri mükafatlandırılıb
Rusiyanın Azərbaycan Gənclər Birliyi (RAGB) Moskvada 18 oktyabr - Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib.
“Moskva Hall” konsert salonunda keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin, RAGB-ın, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin və diasporumuzun nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində “Leto AMOR-2015” fotomüsabiqəsinin qalibləri də mükafatlandırılıb.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü Emin Hacıyev Azərbaycanın Müstəqillik Gününü onlarla birgə qeyd edən hər kəsə təşəkkürünü bildirib. O, RAGB-ın sədri Leyla Əliyevanın təbrikini tədbir iştirakçılarına çatdırıb. Qeyd olunub ki, həvəskar fotoqrafların müsabiqəsini təşkil etmək təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb. Qısa müddətdə müsabiqəyə 250-dən çox iş təqdim olunub və çoxlu sayda maraqlı fotoşəkillər göndərilib, onların arasından qaliblər seçilib.
Çıxış edənlər bildiriblər ki, Rusiyada təhsil alan azərbaycanlı tələbələr ölkələrimiz arasında dinamik inkişaf edən ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynayırlar. Sonra müsabiqənin qalibləri elan edilib.
“Bakı Yer üzündə ən yaxşı şəhərdir”, “Azərbaycan memarlığı: Qız qalasından “Alov qüllələri”nədək”, “Böyük şəhərdə idman”, “Şəhərlərdən uzaqlarda” və “EkoIDEA” nominasiyaları üzrə qaliblərin hər birinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından diplomlar və mükafatlar təqdim olunub.
Tədbir maraqlı mədəniyyət proqramı ilə sona çatıb.
Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2015.- 20 oktyabr.- S. 8.