Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyinin
dəstəyilə Azərbaycan
nümayəndələri “Belaya trost” festivalında iştirak ediblər
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyilə Azərbaycanın tanınmış ifaçısı Murad Sadıq və 13 yaşlı Gülnaz Talıbova “Belaya trost” beynəlxalq xeyriyyə festivalında iştirak ediblər.
Festival Rusiyanın Əməkdar Artisti Diana Qurtskayanın “Ürəyin çağırışı ilə” zəif və ya tamamilə görməyən uşaqlara yardım fondunun təşkilatçılığı ilə keçirilir.
Bu il festival M.Yermolova adına teatrın səhnəsində keçirilib. Uşaqlarla birlikdə Diana Qurtskaya, İosif Kobzon, Tamara Qverdtsiteli, Anita Tsoy, Aleksandr Oleşko, “A-Studio” qrupu və başqaları iştirak ediblər.
Konsertdə Azərbaycan, Rusiya, Moldova, Belarus və Qazaxıstandan fiziki imkanları məhdud 30 uşaq iştirak edib.
Gülnaz Talıbova məşhur bəstəkar və müğənni Mark Tişmanla birgə “Radovatsya jizni” mahnısını ifa edib.
Konsertin əvvəlində teatrın foyesində görmə və eşitmə qabiliyyətini itirmiş müəlliflərin “Ya jıvu” kitabının təqdimatı keçirilib.
Azərbaycan.- 2015.- 20 oktyabr.- S. 8.