Azərbaycanın Müstəqillik Günü Bazeldə də qeyd edilib
Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə ölkəmizin İsveçrədəki səfirliyinin dəstəyi və “Azərbaycanın Dostları” diaspor cəmiyyətinin təşkilatçılığı ilə Bazel şəhərində təntənəli qəbul təşkil edilib.
“Azərbaycanın Dostları” cəmiyyətinin sədri Arzu Əliyeva-Bodmer ölkəmizin müstəqillik tarixi, bu önəmli günün Azərbaycanın müasir dövlətçiliyində rolu barədə qonaqlara məlumat verib. O, Azərbaycanda yüksək səviyyədə həyata keçirilən quruculuq işlərinin ölkəyə səfər edən qonaqları müsbət mənada təəccübləndirdiyini, dövlət müstəqilliyinin aparılan uğurlu siyasət nəticəsində gündən-günə möhkəmləndiyini qeyd edib, diaspor üzvlərinin bundan daha da ruhlandığını və bu işdə öz töhfələrini verməyə hər zaman hazır olduqlarını diqqətə çatdırıb.
Ölkə rəhbərliyinin diaspor təşkilatlarına göstərdiyi qayğı və diqqəti daim hiss etdiklərini vurğulayan A.Əliyeva-Bodmer rəhbərlik etdiyi cəmiyyət adından bu qayğıya görə minnətdarlığını bildirib. Tədbirin bədii hissəsində Bakının 6 nömrəli məktəbinin şagirdi Leyla Yusubovanın ifasında Azərbaycan rəqsləri və diaspor cəmiyyətinin üzvü, pianoçu Fuad Məmmədovun ifasında klassik musiqimizdən nümunələr təqdim olunub.
Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Bazel
Azərbaycan.- 2015.- 20 oktyabr.- S. 8.