Yaponiyanın internet televiziyasında
Azərbaycanın Müstəqillik
Günü ilə bağlı veriliş yayımlanıb
AZƏRTAC-ın Yaponiya bürosunun təşəbbüsü ilə bu ölkənin “World Investors TV” internet televiziyasında 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə bağlı xüsusi veriliş yayımlanıb.
Aparıcıların və tamaşaçıların suallarını cavablandıran AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinin tam hüquqlu üzvünə çevrilib. Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.
Verilişdə Azərbaycanın inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu layihələr barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycanda aparılan islahatlar həyatın bütün sahələrini əhatə edib. Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşdiyi, bu ölkənin Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynadığı vurğulanıb.
Azərbaycanın xarici əlaqələrindən də bəhs edilən verilişdə ölkəmizin bir sıra beynəlxalq və regional təşkilatların fəal üzvü olduğu, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi diqqətə çatdırılıb.
Verilişdə, həmçinin Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin mövcud olduğu, son illər artan qarşılıqlı rəsmi səfərlərin iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərdiyi vurğulanıb.
Veriliş zamanı Azərbaycanın son illər qazandığı nailiyyətlərdən bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan.- 2015.- 20 oktyabr.- S. 8.