İtaliyanın “İl Giornale” qəzeti Qafqazın inkişafında
Azərbaycanın rolundan
yazır
İtaliyanın “İl Giornale” qəzetinin saytında Qafqaz regionunun inkişafında Azərbaycanın rolundan bəhs edən məqalə yayılıb.
Məqalənin əvvəlində deyilir ki, Qafqaz regionu hazırda dünya iqtisadiyyatı üçün fundamental əhəmiyyət kəsb edən bir mərkəzdir. Xüsusilə, Azərbaycan, Gürcüstan Avropa üçün önəmli aktora çevrilib.
Müəllif Cənubi Qafqazı son illər nəqliyyat, o cümlədən dəmir yolu, neft və qaz boru kəmərlərinin kəsişdiyi bir şəbəkəyə bənzədir. Diqqətə çatdırılır ki, ümumiyyətlə bu bölgə tarixin bütün dövrlərində Asiya ilə Avropa arasında bir kəsişmə nöqtəsi, sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olub. Bütün bu geosiyasi amillərin kontekstində xüsusilə Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı müttəfiqliyə nəzər salmaq lazımdır. Həmin ölkələr arasında iqtisadi əməkdaşlıqla yanaşı, siyasi əlaqələr də yüksək səviyyədədir. Bu üç ölkənin iştirakı ilə önəmli layihələr reallaşmaqdadır. Bu sırada Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, TANAP kimi layihələri xüsusi vurğulamaq lazındır. Müəllif 2016-cı ildə yekunlaşması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xəttini bu ölkələri birləşdirən strateji şəbəkə adlandırır.
Dağlıq Qarabağ münaqişəsinə toxunulan yazıda bildirilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi nəticəsində uzun illər davam edən gərginlik Cənubi Qafqazın əsas problemidir. Münaqişə nəticəsində Ermənistan Qafqazda reallaşan bütün layihələrdən kənarda qalıb, regionun iqtisadi inkişafında iştirak edə bilmir. Bu da ölkənin daxilində ciddi böhranlara səbəb olur. Yerevanda keçirilmiş son nümayişlər bu böhranın əsas göstəricilərindən biridir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Azərbaycan.- 2015.- 20 oktyabr.- S. 8.