Prezident İlham Əliyev
Birləşmiş Ərəb
Əmirliklərinin Azərbaycanda
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisinin etimadnaməsini qəbul edib.
Səfir Mohamed Hamel Alqubaisi fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Mohamed Hamel Alqubaisi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin bir-birinə yaxın və dost ölkələr olduğunu vurğulayaraq ölkələrimiz arasında siyasi əməkdaşlığın çox yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu dedi. Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu, iqtisadiyyat, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı regional təhlükəsizlik məsələlərinin əhəmiyyətini vurğulayaraq beynəlxalq terrorizmə qarşı mübarizənin zəruriliyini də qeyd etdi.
Səfir Mohamed Hamel Alqubaisi ölkəsində hər kəsin Azərbaycanı özlərinə dost ölkə hesab etdiklərini dedi. Mohamed Hamel Alqubaisi qardaş ölkədə səfir olmağından məmnunluğunu bildirdi və münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 21 oktyabr.- S. 1.