2016-cı ilin dövlət büdcəsi qəbul olundu

 

Dünən Milli Məclisin plenar iclası keçirildi. Deputatları salamlayan Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, gələn ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan digər məsələlərin layihələri Milli Məclisdə müzakirə olunub. Müzakirələr zamanı səslənən fikirlərin öyrənilməsi üçün hökumətə vaxt verilib.

Bununla bağlı çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələri zamanı deputatlar bir sıra təklif və tövsiyələr irəli sürüb. Bütün bunlara baxılıb və diqqətlə öyrənilib, təkliflərin bir çoxunun əsasən hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aid olduğu müəyyən edilib. Bununla yanaşı, bir sıra təkliflərdə irəli sürülən konkret xərc tələb edən layihələrlə bağlı məsələlər də ətraflı öyrənilib. Maliyyə nazirinin sözlərinə görə, yaranmış ənənəyə müvafiq olaraq büdcə layihələrinin müzakirələri zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərin hazırkı büdcə layihəsində nəzərə alınmayan hissəsi hökumətin diqqətində saxlanılmaqla onların mərhələli qaydada növbəti illərin dövlət və icmal büdcəsində baxılması üçün tədbirlər görüləcək.

Samir Şərifov qeyd etdi ki, qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2016-cı il üçün icmal büdcəsində həmin məqsədlə nəzərdə tutulmuş vəsait 50 faiz artırılaraq 150 milyon manata çatdırılacaq.

Maliyyə nazirinin sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı müvafiq qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsində baxılıb və bəyənilərək bugünkü plenar iclasa çıxarılıb. Dəyişikliklərdən biri ölkədə hər dəfə yaşayış minimumu və əməkhaqlarının artımı zamanı aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərdən gəlir vergisinin güzəşt dairəsindən çıxması və əksər hallarda onların gəlirlərinin azalması ilə bağlı idi. Qəbul ediləcək dəyişiklik qeyd olunan problemin aradan qaldırılmasına və nəticə etibarı ilə 500 mindən çox muzdla işləyən insanın aylıq gəlirlərinin 3-9 faiz çərçivəsində artmasına imkan verəcək. Məcəlləyə ediləcək dəyişikliklər əhalinin sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkədə sahibkarlığın, ilk növbədə kiçik və orta sahibkarlığın daha da inkişafına, eyni zamanda ticarət, ictimai-iaşə və tikinti sahəsində çalışan sahibkarlara sadələşdirilmiş vergi sisteminin tətbiqi üçün əlavə imkanlar yaradacaq.

Samir Şərifov dedi ki, 2016-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsinin Milli Məclis tərəfindən qəbulu Prezident İlham Əliyevin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və ölkənin milli təhlükəsizliyinin, müdafiə qabiliyyətinin təmin edilməsi istiqamətində müəyyən etdiyi kursun növbəti ildə də uğurla həyata keçirilməsinə, nəzərdə tutulan bütün dövlət vəzifələrinin, proqramların və digər sosial öhdəliklərin sabiq icrasına real maliyyə təminatını yaradacaq. Eyni zamanda, bu qanun layihəsinin qəbulu qeyri-münbit xarici faktorlar fonunda ölkəmizin iqtisadi və siyasi dayanıqlılığını bir daha təsdiqləməklə onun beynəlxalq maraqlarının qorunub-saxlanmasına xidmət edəcək.

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi təsdiq olundu.

Büdcə zərfinə daxil olan digər məsələ “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi idi. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dedi ki, ötən müzakirələrdə layihə ilə bağlı ciddi iradlar olmadı. Komitə sədri layihənin reallıqlara cavab verdiyini diqqətə çatdırdı. Qanun layihəsi təsdiq olundu.

İclasda “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında” qanun layihələri də təsdiq olundu.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsini müzakirəyə təqdim etdi. Qeyd olundu ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişaf hədəflərinə nail olmaq, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaratmaq, vergi yükünün əhalinin müxtəlif təbəqələri arasında bölgüsünü təmin etmək və vergilərin hesablanması qaydasını sadələşdirmək, vergi inzibatçılığını gücləndirmək məqsədi daşıyır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra haqqında” qanunda, Azərbaycan Respublikasının Mülki Prosessual, Miqrasiya, Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrini müzakirəyə təqdim etdi. Hər bir məsələ barədə ətraflı məlumat verən komitə sədrinin sözlərinə görə, dəyişikliklər vergi inzibatçılığının gücləndirilməsinə xidmət edir. Müzakirələr zamanı deputatlardan Qüdrət Həsənquliyev, Arif Əşrəfov, Adil Əliyev, Milli Məclisin Sədrinin müavini Valeh Ələsgərov layihələrlə bağlı fikirlərini bildirdilər.

Milli Məclisin Sədri Oqtay Əsədov təklif olunan dəyişikliklərin mütərəqqi olduğunu, kiçik və orta sahibkarlığın dəstəklənməsinə xidmət edəcəyini bildirdi.

Müzakirələr yekunlaşdıqdan sonra qanun layihələri təsdiq olundu.

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihələri də təsdiq olundu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihələri ilə bağlı məlumat verdi. Qeyd olundu ki, nəzərdə tutulan dəyişikliklər “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1169-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihələri təsdiq olundu.

Komitə sədri Əli Hüseynli “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələrini də müzakirəyə təqdim etdi. Dəyişikliklər cinayət mühakimə icraatı zamanı insan hüquqlarının daha təminatlı müdafiəsini özündə ehtiva edir. Qanun layihələri təsdiq olundu.

Daha sonra iclasda “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olundu. Komitə sədri Əli Hüseynli bildirdi ki, layihəyə əsasən məcəlləyə təklif olunan dəyişikliklər kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılması ilə bağlı cərimə sanksiyalarını özündə ehtiva edir. Dəyişikliklərdə fiziki şəxslərin də məsuliyyəti nəzərdə tutulur, eyni zamanda cərimənin miqdarı daha dəqiq göstərilir. Qanun layihəsi təsdiq olundu.

Deputatlar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə də müsbət münasibət bildirdilər. Dəyişiklilər terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə aktivlərin dondurulması ilə bağlı qanunvericilikdəki boşluqların doldurulması məqsədi ilə edilir.

İclasda “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri də təsdiq olundu.

Gündəlikdəki növbəti məsələ “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun layihəsi idi. Qeyd edək ki, qanuna əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən lisenziya verən dövlət orqanına mülkiyyətində və digər qanuni əsaslarla sərəncamında olan avtonəqliyyat vasitələrinin ümumi və növlər üzrə sayı haqqında məlumat verməlidir. Bu məlumat ayrıca sənəd formasında təqdim olunmalıdır. Layihədə isə bu məlumatların ayrıca sənəd formasında deyil, lisenziya almaq üçün verilən ərizədə qeyd olunmaqla təqdim edilməsi təklif olunur. Qanuna nəzərdə tutulan 14.2.8-1-ci maddəyə əsasən həmin lisenziyanın alınması üçün tələb olunan sənədlərin siyahısına taksi minik avtomobillərin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiqləyən şəhadətnamənin təqdim edilməsi təklif olunur. Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan dəyişikliyə əsasən isə taksi ilə sərnişin daşımalarına hüquq verən şəxslərin yaş həddi 19-dan 21-ə qaldırılmışdır.

Müzakirələr zamanı deputat Musa Quliyev bildirdi ki, dəyişikliklər ictimai nəqliyyatda həm xidmətin keyfiyyətini yüksəldəcək, həm də təhlükəsizlik qaydalarının həyata keçirilməsinə imkan yaradacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsini təklif etdi. Onun sözlərinə görə, bu qurumun Daxili İşlər Nazirliyinə verilməsi nəqliyyat sektorunda aparılan islahatlara öz töhfəsini verəcək. Təklifi deputat Adil Əliyev də dəstəklədi. Deputat Məlahət İbrahimqızı isə taksi xidməti ilə bağlı tənqidi fikirlərini bölüşdü.

Deputat İlham Əliyev yollarda sürət həddinin nizamlanması ilə bağlı fikirlərini bildirdi. Onun sözlərinə görə, bəzi yollarda sürət həddinin aşağı salınması ilə bağlı nişanların ara məsafələrinin qısa olması çətinliklər yaradır. İlham Əliyev yollarda yaşayış məntəqələrinin yerini bildirən məlumat lövhələri ilə də bağlı problemlərin olduğunu qeyd etdi.

İclasda daha sonra “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihələri müzakirə olundu. Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərin əsas məqsədi ümumi istifadədə olan nəqliyyat vasitələrinin idarə etmək hüququ olmayan şəxslərə idarə etmək üçün verilməsinə və belə nəqliyyat vasitələri sürücülərinin qanunla müəyyən edilən tibbi müayinəsi işinin təşkil edilməməsinə görə ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilməsindən ibarətdir.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, idarə etmək hüququ olmadan və ya sərxoş halda olan şəxslər tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etməklə yalnız inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilir. Həmçinin yollarda iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil etməklə törədilən avtoxuliqanlıq hərəkətlərinə görə yüksək cərimə (2000-4000 manat) və ya bir aydan iki ayadək həbs nəzərdə tutan inzibati məsuliyyət müəyyən olunur. Hər iki qanun layihəsi təsdiq olundu.

Deputatlar “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsinə də müsbət münasibət bildirdilər.

İclasda Bakı və Gəncə apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında məsələyə də baxıldı.

Milli Məclisin dünən keçirilən iclasında son olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarıldı. Qanun layihəsi barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, layihə ölkə başçısı tərəfindən Milli Məclisə göndərilib: “Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib. Bu baxımdan qanun layihəsi ölkə iqtisadiyyatını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək üçün böyük əhəmiyyət kəsb edir. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub”. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Rəşad CƏFƏRLİ,

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2015.- 21 oktyabr.- S. 4.