“İl Sole 24 Ore”: Azərbaycanda
İtaliya şirkətlərinin
fəaliyyəti üçün
geniş imkanlar var
İtaliyanın “İl Sole 24 Ore” qəzetinin saytında Azərbaycanda bu ölkənin şirkətləri üçün yaradılmış əlverişli mühitdən bəhs edən məqalə yerləşdirilib.
Məqalədə qeyd olunur ki, İtaliyanın moda, ərzaq, tekstil, tikinti və digər sahələrdə fəaliyyət göstərən Pyemont əyalətinin 13 şirkəti Xəzər bölgəsinin tikinti sektoru üzrə ən önəmli tədbiri sayılan “BakuBuild-2015” sərgisində iştirak edəcək.
Yazıda İtaliya Ticarət Palatasının prezidenti Ferruccio Dardanellonun fikirləri də yer alıb. O deyib: “Azərbaycan hökuməti tərəfindən paytaxt Bakının, eyni zamanda, ölkənin digər bölgələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər İtaliyada da maraqla izlənilir. İtaliya “BakuBuild-2015” sərgisində xeyli sayda şirkətlə təmsil olunacaq. Azərbaycanlı həmkarlarımızla sıx əlaqələrimiz var”.
Müəllif oxucuların diqqətinə çatdırır ki, Azərbaycanda İtaliya şirkətlərinin fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Bu ölkədə müxtəlif istiqamətlərdə görülən işlər bunu deməyə əsas verir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Azərbaycan.- 2015.- 21 oktyabr.- S. 5.