Azərbaycan-İran əlaqələri yeni inkişaf mərhələsinə qədəm
qoyub
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının fəaliyyəti ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına öz töhfəsini verir.
Bu barədə oktyabrın 20-də iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, ölkələrimizin əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu, ötən il dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən və keçirilən görüşlərdən sonra Azərbaycan-İran əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının fəaliyyəti də ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına öz töhfəsini verir. Bu yaxınlarda Azərbaycanın və İranın Astara şəhərlərində keçirilmiş görüşlər zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsinə, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz işləməsinə və digər məsələlərə dair razılıqlar əldə olunub. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsinin Şərqi Azərbaycan vilayəti üçün də əhəmiyyətli olacağı nəzərə çatdırılıb. Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən neft, enerji, nəqliyyat, ticarət, sənaye, turizm, səhiyyə və təhsil sahələrində əməkdaşlığın uğurla davam etdiyini deyən nazir kənd təsərrüfatı, logistika və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.
Görüşdə nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.
İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə dövlət başçılarının birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin genişləndiyini, əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib. Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşən İ.Cabbarzadə neft, sənaye, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq perspektivlərindən danışıb.
Azərbaycan.- 2015.- 21 oktyabr.- S. 10.