İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində olub

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 20-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İranın müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan geniş bəhs edib.

Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə səmimi görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi vilayətin ölkəmizlə müxtəlif sahələrdə uğurlu əməkdaşlığından danışıb. Qonaq bildirib ki, Azərbaycana səfəri zamanı şahidi olduğu sürətli inkişaf onu ürəkdən sevindirir.

Söhbət zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində kadr hazırlığı ilə bağlı təcrübə mübadiləsi üzrə geniş müzakirələr aparılıb.

Nümayəndə heyəti, həmçinin Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi Əməliyyat zalları, həmçinin İctimaiyyətlə əlaqə idarəsinin multimedia mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

Azərbaycan.- 2015.- 21 oktyabr.- S. 10.