Nərimanov
rayonu dinamik inkişaf və möhtəşəm quruculuq məkanıdır
Son illərdə həyata keçirilən sürətli inkişaf, hərtərəfli yenilənmə və modernləşmə prosesi Azərbaycanı dünyaya yeni formada təqdim etməyə imkan yaradıb. Bu müsbət dəyişikliklər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla gerçəkliyə çevrildiyini göstərməklə yanaşı, Azərbaycanın hər bir sahədə qazandığı nailiyyətlərin çoxşaxəli və möhtəşəm olmasından xəbər verir. Danılmaz həqiqətdir ki, bu gün respublikanın başdan-başa tikinti-quruculuq meydanına çevrilməsi, paytaxtın dünyanın sayılı şəhərləri cərgəsində mövqelərini möhkəmlətməsi məhz dövlət rəhbərinin iradə və səylərinin bəhrəsidir.
Həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2015-ci ildə də ölkəmizin iqtisadiyyatının bütün sahələrinin davamlı inkişafını təmin edərək müsbət nəticələrin əldə edilməsini şərtləndirib. Sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da ötən dövrdə yüksək templə davam edib.
İqtisadi
göstəricilər yüksəkdir
Oktyabrın 21-də Nərimanov Rayon İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın cari ilin 9 ayında yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakının aparıcı rayonlarından olan Nərimanov rayonunda da hərtərəfli inkişaf üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini söylədi.
Bildirildi ki, qısa zaman kəsiyində Nərimanov rayonunun geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Dövlət başçısının təsdiqlədiyi proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar Nərimanov rayonunun tərəqqisinin kompleks xarakter daşımasına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verməkdədir.
Ötən dövrün yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla
1 milyard 792 milyon manatlıq məhsul istehsal olunmuş, 2014-cü ilin doqquz ayına nisbətən 100 faiz artım sürəti əldə edilmişdir. 2015-ci ilin doqquz ayı ərzində istehlakçılara 1 milyard 938 milyon manatlıq və ya bütün sənaye məhsulunun 108,1 faizi qədər sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 88,6 faiz təşkil etmişdir. Ötən dövr ərzində sənaye kompleksində işləyənlərin sayı 12478 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 5,3 faiz artaraq 535,8 manata çatmışdır.
Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində ötən 9 ay ərzində 2982 daimi iş yerləri açılmışdır. Nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 52 milyon 29 min manatlıq xidmət göstərilmişdir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən 83 faiz artım surəti qeydə alınmışdır. Ötən dövr ərzində bütün mənbələr hesabına əsas kapitala 230 milyon 57 min manatlıq investisiya qoyulmuşdur ki, bunun da əsas hissəsi iqtisadi və sosial sahənin inkişafına yönəlmişdir.
Ticarət dövriyyəsinin və pullu xidmətlərin də həcmi xeyli artmışdır. Bu müddətdə ticarət şəbəkələri tərəfindən əhaliyə 920 milyon 159 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çox istehlak malları satılmışdır. Ötən dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 211 milyon 694 min manatlıq pullu xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 112 faiz təşkil etmişdir.
Quruculuq
və abadlıq işləri davamlı hal alıb
Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da ötən 9 ayda yüksək templə davam edib. Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Nərimanov rayonunda mühüm infrasturktur obyektlərinin inşası vaxtında və uğurla başa çatdırılıb.
2015-ci ilin ötən dövrü ərzində dövlət başçısı Bakı Olimpiya Stadionunun açılışında, eləcə də ilk Avropa Oyunlarına hazırlıqla bağlı dəfələrlə arenanın ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun, Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun tikintisinin, həmçinin mərkəzi küçə və prospektlərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olmuşdur. Eləcə də aprelin 16-da Bakı Metropoliteninin Nəriman Nərimanov adına elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə tanış olmuş, aprelin 29-da Bakı Konqres Mərkəzinin, mayın 7-də isə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışlarında iştirak etmiş, iyunun 4-də “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə tanış olmuş, dəyərli təklif və tövsiyələrini vermişdir.
Ötən dövr ərzində geniş abadlıq və quruculuq işləri nəticəsində “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla yerinə yetirilmişdir.
İlk Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası təmin olunmuşdur. Yeni inşa olunan Olimpiya Stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilmişdir. İlk növbədə Ziya Bünyadov prospektinin uzunluğu 15 km olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtükləri yenidən qurulmuş, digər hissələrdə isə hasarlar tikilərək müasir üzlük tavanlarla bəzədilmişdir. Artıq Ziya Bünyadov prospekti şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilmişdir. Rayonun Heydər Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində yeni park yaradılmışdır.
Rayon sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində bir neçə il bundan əvvəl başlamış layihələrin icrası 2015-ci ilin 9 ayında da uğurla davam etdirilmişdir. Heydər Əliyev prospekti 64 və K.Rəhimov küçəsi 3a ünvanlarda müasir memarlıq üslubunda inşa edilmiş yeni yaşayış binaları istismara tam hazır vəziyyətə gətirilmiş və sakinlərin istifadəsinə verilmişdir. Paytaxtımızın giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 yaşayış binasının tikintisi sürətlə və yüksək keyfiyyətlə davam etdirilmişdir.
Ötən 9 ay ərzində təhsil və səhiyyə sahəsində də işlər davam etdirilmişdir. 2015-ci ildə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə 90 nəfər 600-dən yuxarı bal toplamış, bunlardan 30 nəfəri isə 650 baldan yuxarı nəticə əldə etmişdir. Ötən il ilə müqayisədə bu rəqəmin 25 nəfər artması təhsilin keyfiyyətinin yaxşılaşmasının göstəricisidir. Dövlət başçısının 2 oktyabr 2015-ci il tarixli sərəncamı ilə rayonun 5 müəllimi “Tərəqqi” medalına, 4 nəfər “əməkdar müəllim” fəxri adına layiq görülmişlər.
Prezident İlham Əliyevin tapşırığı ilə cari ilin fevral ayının 1-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində rayon əhalisinin tibbi müayinəsi təşkil olunmuş, 80 min 855 nəfər sakin tibbi müayinədən keçirilmiş, bunlardan 20 min 522 nəfəri ambulator müalicəyə, 256 nəfəri isə stasionar müalicəyə cəlb edilmişdir.
Həştərxan
vilayəti ilə əlaqələr daha da möhkəmlənib
Nərimanov rayonu ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında iqtisadi-siyasi və mədəni sahədə sıx dostluq və əməkdaşlıq əlaqələri daha da dərinləşir. Sevindirici haldır ki, iki dövlətin dostluq əlaqələrindən irəli gələrək uzun illərdən bəri qardaşlaşmış Bakının Nərimanov rayonu ilə Həştərxan vilayətinin Nərimanov şəhəri arasında da iqtisadi-siyasi və mədəni sahədə əlaqələr daha da inkişaf edir.
2010-cu ildən başlayaraq Prezident İlham Əliyevin göstəriş və tapşırığı əsasında Həştərxan vilayətində Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə genişmiqyaslı layihələr həyata keçirilmişdir. Bu cür dinamik inkişafın göstəricisi və iki dövlətin dostluq əlaqələrinin bariz nümunəsi kimi, Həştərxan vilayətinin mərkəzində yerləşən 3,5 hektar ərazisi olan parkda nümunəvi abadlıq işləri aparılaraq ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılmış, Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ulu öndər Heydər Əliyevin adı verilmiş, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin əsas korpusu genişmiqyaslı rekonstruksiya olunmuş, müasir standartlara uyğun iki yeni korpus inşa edilmiş və şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil edilməsi üçün bütün şərait yaradılmış, mebel və texniki avadanlıqlarla təchiz edilmişdir. Həyata keçirilən layihələrin davamı olaraq Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Azərbaycan və Rusiya Dostluq körpüsünün və Heydər Əliyev parkında yaradılmış “Meçta” uşaq əyləncə şəhərciyinin və eyni adlı uşaq kafesinin, Müqəddəs Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin abidəsinin və abidənin yerləşdiyi ərazidə salınmış parkın təntənəli açılış mərasimləri, həmçinin Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Voljskiy küçəsində “Dostluq” uşaq bağçasının Prezident İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilmişdir.
Cari ilin 9 ayı ərzində dəfələrlə Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyətinin ölkəmizə, eyni zamanda Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinə rəsmi və işgüzar səfərləri baş tutmuşdur. Belə ki, yanvar ayında Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli ümumtəhsil məktəbinin bir qrup şagirdi Bakı şəhərinə gəlmiş, respublikamızın, o cümlədən paytaxtımızın görməli yerləri, tarixi abidələri ilə tanış olmuşlar. Mart ayında Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.Afanasyevin, aprel ayında vilayətin vitse-qubernatoru, hökumətin sədri K.Markelovun başçılıq etdiyi rəsmi nümayəndə heyətinin və “Bakı -2015” ilk Avropa Oyunlarının açılış mərasimində iştirak üçün vilayətin qubernatoru A.Jilkinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi və işgüzar səfərləri baş tutmuş, bu çərçivədə Həştərxan vilayəti rəhbərliyi və nümayəndə heyəti ilə Nərimanov Rayon İcra Hakimiyyətində keçirilən görüşlərdə oktyabr ayında Həştərxan şəhərində keçiriləcək Azərbaycan mədəniyyəti günləri ilə əlaqədar təşkilati məsələlər müzakirə olunmuş, gələcəkdə həyata keçiriləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Sentyabrın 17-18-də Həştərxanda keçirilmiş I Xəzər Media Forumunda Azərbaycan nümayəndə heyətinin tərkibində Nərimanov rayonunun nümayəndələri də iştirak etmişlər. Həmçinin sentyabrın 30-da Yekaterinburqda keçirilmiş VI Rusiya-Azərbaycan Regionlararası Forumuna Azərbaycan nümayəndə heyətinin tərkibində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də qatılmış və sözügedən forumda çıxış etmişdir.
Seçkiyə
mütəşəkkil hazırlıq davam edir
Nərimanov rayonu həm də siyasi fəallığı, ölkə miqyaslı siyasi proseslərdə mütəşəkkil iştirakı ilə diqqəti cəlb edir. Bütün seçkilər bu rayonda yüksək səviyyədə baş tutub.
Rayonda 18 saylı Nərimanov - Nizami, 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci dairə seçki komissiyaları fəaliyyət göstərir. 3 seçki dairəsi üzrə 84 seçki məntəqəsi mövcuddur. Onlardan 16 məntəqə 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə, 35 məntəqə 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə, 33 məntəqə isə 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə fəaliyyət göstərir. Nərimanov rayonu üzrə seçicilərin sayı 110789 nəfər təşkil edir.
Seçki prosesinin təkmilləşdirilməsi, şəffaflığın təmin edilməsi məqsədi ilə rayonda fəaliyyət göstərən 3 seçki dairəsi üzrə 25 seçki məntəqəsində veb-kameralar quraşdırılması nəzərdə tutulur. Həmin məntəqələrin vəziyyəti araşdırılmış, ehtiyac olan məntəqələrdə təmir işləri həyata keçirilmiş və lazımi texniki avadanlıqlarla tam təmin olunmuşdur. Seçkilərə çağırışla əlaqədar seçki məntəqələrinin yaxınlığında, əhalinin sıxlıq təşkil etdiyi yerlərdə təşviqat lövhələri yerləşdirilmişdir. Namizədlərin və onların vəkillərinin seçkiqabağı təşviqat işlərinin təşkili məqsədi ilə rayon ərazisində açıq və qapalı yerlər müəyyənləşdirilmiş, onlara hər cür şərait yaradılmışdır.
Seçkilərin şəffaflığını, demokratikliyini və mütəşəkkilliyini təmin etmək məqsədi ilə Nərimanov Rayon İcra Hakimiyyəti mütəmadi olaraq seçki dairələri və məntəqələrinin texniki cəhətdən təminatı və təchizatı, lazımi şərait yaradılması ilə bağlı məsələlərin icrasını həyata keçirir. Bütün seçki dairə və məntəqələrinə baxış keçirilmiş, onların şəraiti və texniki vəziyyəti araşdırılmış, darısqal və ya seçki keçirilməsi üçün uyğun binalarda yerləşməyən məntəqələrin yerlərinin dəyişdirilməsi istiqamətində müvafiq işlər görülmüşdür. Hər 3 seçki dairəsində təmir işləri həyata keçirilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə hazırlıqla əlaqədar məhəllədaxili ərazilərdə, o cümlədən məntəqələrə gedən yollarda, küçə və məhəllələrdə abadlıq, asfaltlanma və işıqlandırma işləri həyata keçirilir.
Son illər rayon ərazisində irimiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, habelə rayon rəhbərliyinin yerlərdə keçirdiyi səyyar görüşlərdə və qəbullarda rayon sakinlərinin problem və qayğılarının öyrənilməsi və həlli onlarda ruh yüksəkliyi yaradır.
İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.- 2015.- 22 oktyabr.- S. 7.