Maliyyə
və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir
“Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır...”
“Bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var.”
İlham
ƏLİYEV
Bu yazının başlığında Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Prezident cənab İlham Əliyev tərəfindən söylənilmiş fikir öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, ölkə Prezidenti şəffaflığın artırılmasının vacibliyi barədə ilk dəfə deyildir ki, vurğulayır. Əksinə, cənab İlham Əliyevin dövlət quruculuğu və iqtisadi siyasətində şəffaflıq problemi prioritet istiqamətlərdən biridir. Bu, heç də təsadüfi deyil.
Beynəlxalq təcrübə göstərir ki, şəffaflığı yüksək olan maliyyə sisteminin səmərəliliyi şəffaf olmayan sistemdən qat-qat yüksək olur, iqtisadiyyatın idarə olunmasında səmərəli qərarların qəbul edilməsi, təkcə dövlətin deyil, eyni zamanda, sahibkarların və əhalinin mənafelərinin qorunması sahəsində real zəmin yaranır.
Digər tərəfdən, şəffaflığın artırılması və səmərəli nəzarət sisteminin yaradılması hər bir ölkədə sosial-iqtisadi inkişafın təminatının vacib ünsürlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir.
Şəffaflığın az olması bir tərəfdən korrupsiyanın yayılmasına zəmin yaradır, digər tərəfdən isə iqtisadi sərbəstliyin məhdudlaşmasına və əksinə, məmurların lüzumsuz, tələb olunandan da artıq funksiyalarının möhkəmlənməsinə səbəb olur.
Şəffaflıq olmadan nə səmərəli və dayanıqlı dövlət, nə də bazar iqtisadiyyatı mümkün deyil.
Xarici mütəxəssislərin hesablamalarına görə, birbaşa şəffaflığın məhsulu olan təkmil korporativ idarəetmə şirkətlərinin kapitallaşma səviyyəsi 20-40% yüksələ bilər.
Şəffaflıqdan danışarkən, onun dövlət idarəetmə sistemində, iqtisadiyyatda və hüquq-mühafizə orqanlarının fəaliyyətində mövcudluğu vəziyyəti ön plana gəlir. Bu baxımdan qonşu Rusiya mütəxəssisləri tərəfindən hesablanmış bir göstərici - dövlət xidmətində şəffaflıq indeksi maraq doğurur. Hesablamalar göstərmişdir ki, məmurların yalnız 26%-nin fəaliyyətində şəffaflıq müəyyən dərəcədə müşahidə olunursa, 74% məmurun cəmiyyətdən təcrid olunduqları aşkar edilmişdir ki, bu da yolverilməzdir.
İnkişaf etmiş ölkələrdə şəffaflıq (transparency) və hesabatlıq (accountability) dövlət idarəetməsinin mühüm və ayrılmaz alətləri kimi yüksək dəyərləndirilir.
Əgər şəffaflıq nəzərdə tutulmuş vaxtlarda informasiya (məlumatların hazırlanıb açıqlanmasına və ya tələb-sorğu əsasında təqdim edilməsini nəzərdə tutursa, hesabatlıq daha geniş anlama malikdir. Belə ki, hesabatlıq həm dövlət orqanlarının fəaliyyətində şəffaflığı, həm də dövlət orqanlarının strateji planlarının, siyasətinin və ölkədə həyata keçirilən işlərin əsaslandırılmasında iştiraklarını və məsuliyyətlərini özündə ehtiva edir. Hesabatlığı xarakterizə edən mühüm komponentlərdən biri də qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakının olmasıdır.
Möhtərəm Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən cəsarətli iqtisadi islahatlar konsepsiyası reallaşdırılarkən, müasir dünyada baş verən siyasi və iqtisadi-maliyyə çaxnaşmasının hökm sürdüyü indiki şəraitdə idarəetmənin mühüm vəsiləsi olan nəzarətin və korrupsiyaya qarşı mübarizənin rolu ikiqat artır. Heç də təsadüfi deyil ki, cənab Prezidentin imzaladığı fərman və sərəncamlarda maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə, təkmil nəzarət mexanizminin tətbiqinə və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsinə böyük önəm verilir. Xatırlatmaq istərdik ki, hələ 24 noyabr 2003-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanda cənab İlham Əliyev ölkənin sosial-iqtisadi problemlərinin həlli üçün ayrılan vəsaitin şəffaflığının qorunmasını, müəssisələrdə maliyyə intizamının möhkəmləndirilməsini və bu sahələrdə mövcud olan nöqsanların aradan qaldırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdu.
Korrupsiya cəmiyyət üçün ciddi iqtisadi, siyasi və sosial təhlükə mənbəyi kimi çox qorxulu neqativ sosial hadisədir. Korrupsiyanın dağıdıcı təsiri hər şeydən əvvəl, hakimiyyətin bütün səviyyələrinin nüfuzunun aşağı düşməsinə və cəmiyyətin mənəvi əsaslarının korroziyasına gətirib çıxarır, “gizli iqtisadiyyatı”nı, ondan törəyən mənfi halların geniş yayılmasına zəmin yaradır.
Bütün bunlar isə son nəticədə beynəlxalq arenada ölkələrin nüfuzuna mənfi təsir göstərir. Ən təhlükəlisi isə son illərdə bir sıra ölkələrdə müşahidə edildiyi kimi, siyasi situasiyanın nəzarətdən çıxmasına və dövlətçiliyin pozulmasına gətirib çıxarır.
Rəqəmlərə müraciət edək. Ötən əsrin 90-cı illərində Amerika iqtisadçısı Paolo Mauro tərəfindən işlənib hazırlanmış model əsasında aparılmış hesablamalar göstərir ki, korrupsiya indeksinin 2,4 bal artması ölkənin iqtisadi inkişaf tempini 0,5 faiz azaldır (aşağı salır). Əksinə, korrupsiyanın 1 bal azaldılması ÜDM-in adambaşına düşən məbləğinin ildə təqribən 4600 ABŞ dolları artması ilə müşahidə olunur. Digər Amerika iqtisadçısı Şan-Çin Vayın hesablamalarına görə, ölkədə korrupsiya indeksinin bir bal kimi yüksəlməsi xarici investisiyaların 0,9 faiz azalması ilə müşahidə olunur.
Korrupsiyadan törəyən haqsız rəqabət amili də real iqtisadiyyatın inkişafına ciddi mane olur. Məhz bunun nəticəsində sahibkarlıq fəaliyyətində əsassız müdaxilə və maneə halları mümkün olur, istehlakçıların hüquqları pozulur.
Rusiyada aparılan hesablamalara görə, “otkat”lar ucbatından bu ölkədə ÜDM-in 20 faizi “itir”.
Korrupsiya dövlət vəsaitlərindən istifadənin səmərəliliyini də nəzərəçarpacaq dərəcədə aşağı salır.
Beynəlxalq qurumların araşdırmaları daha maraqlı asılılığı da üzə çıxarmışdır. 132 ölkənin timsalında korrupsiya səviyyəsi ilə onun rəqabətqabiliyyətliliyi arasında qarşılıqlı əlaqənin olduğu təsdiqlənmişdir. Belə ki, dünyada elə bir ölkə yoxdur ki, eyni zamanda həm yüksək korrupsiya səviyyəsinə, həm də yüksək rəqabətqabiliyyətliliyə malik olsun. Eyni zamanda az korrupsiyaya uğramış və rəqabətqabiliyyətliliyi aşağı olan ölkəyə də rast gəlinməmişdir. Hesablaşmalara görə, korrupsiyanın səviyyəsi ilə rəqabətqabiliyyətlilik arasında qarşılıqlı əlaqə (korrelyasiya) əmsalı 0,87 təşkil edir ki, bu da öz növbəsində, belə əlaqənin çox güclü olduğuna dəlalət edir. Başqa sözlə, korrupsiya rəqabətqabiliyyətliliyi (xüsusən də müəssisələr səviyyəsində) boğur və iqtisadi inkişafı onun səmt küləyindən məhrum edir. Təsadüfi deyil ki, korrupsiya bütün dünyada iqtisadiyyatın effektivliyinə təsir edən əsas amillərdən biri kimi qəbul olunur. Korrupsiyanın azaldılması rəqadətqabiliyyətliliyi artırır, kiçik, orta və iri biznesi inkişaf etdirir, inflyasiya səviyyəsini aşağı salır, yoxsulluğu azaldır, xalqın güzəranını yüksəldir ki, bu da yalnız iqtisadiyyatın səmərəliliyinin yüksək olması şəraitində mümkündür.
Korrupsiyaya qarşı mübarizədən danışarkən dövlət başçısı belə əməllərə yol verənlərə ciddi xəbərdarlıq etmişdir: “Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır”. Bu xəbərdarlıq dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezidentin yekun çıxışında daha kəskinliklə ifadə olunmuşdur: “Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”. Bir qədər əvvəl isə dövlət başçısı belə bir fikir səsləndirmişdir: “Şəffaflıq, təmizlik, dürüstlik həyat tərzi olmalıdır”.
Görülmüş
işlər və əldə olunan uğurlar
Azərbaycanda iqtisadi inkişaf modelini səciyyələndirən xüsusiyyətlərdən biri idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsidir.
Sosial-iqtisadi inkişafın unikal Azərbaycan modelinin reallaşması sayəsində Azərbaycan iqtisadiyyatı inkişaf tempinə görə dünya liderlərindən birinə çevrilmişdir. Azərbaycan dünyada çox etibarlı ölkə və etibarlı tərəfdaş kimi tanınmış, onun dünya iqtisadi sisteminə inteqrasiyası güclənmişdir.
Azərbaycan Respublikasının sürətlə inkişaf edərək özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə gəlib çatması və MDB məkanında ilk olaraq bazar iqtisadiyyatına keçid prosesinin başa çatmasını bəyan etməsi də məhz bu inkişaf modelinə əsaslanır.
Mübaliğəsiz demək olar ki, əldə edilən uğurlar ulu öndər Heydər Əliyevin iqtisadi strategiyasını uğurla davam etdirən və təlatümlü dünya iqtisadi məkanında Azərbaycanın milli maraqlarının qorunmasına, ölkəmizin təbii sərvətlərindən xalqın rifahı naminə səmərəli istifadə edilməsinə, regionların tərəqqisinə rəvac verən möhtərəm Prezident İlham Əliyevin cəsarətli və uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir.
Azərbaycanda daxili təhlükəsizliyin təmin olunması, dövlətin beynəlxalq risk və təhdidlərə cavab vermə qabiliyyətinin gücləndirilməsi, cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə, hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, qanunvericilik və institusional islahatların, milli təhlükəsizlik amilləri nəzərə alınmaqla reallaşdırılmasına xüsusi önəm verilmişdir. Məhz belə bir yanaşmanın nəticəsidir ki, sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq baş verməmiş, makroiqtisadi tarazlıq daha da möhkəmlənmiş və beləliklə, ölkənin potensial qlobal və regional iqtisadi böhranların təsirinə qarşı etibarlı müdafiəsi təmin olunmuşdur. Bütün bunlar idarəetmənin gücləndirilməsi, sistemli risklərin iqtisadi həyata mənfi təsirinin azaldığı bir əsasda mümkün olmuşdur.
Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, iqtisadiyyatın diversifikasiyası istiqamətində son illərdə mühüm nailiyyətlər əldə edilmiş və qeyri-neft sektorunun ümumdaxili məhsulda payı 70 faizə yaxınlaşmaqdadır.
Faktlar göstərir ki, neftçıxaran və ixracında neftin payı daha çox olan bir sıra ölkələrdə şəffaflığın azlığı hökuməti iqtisadiyyatın şaxələnməsi istiqamətinə səmtləndirməmiş, yoxsulluq səviyyəsinin aşağı salınmasına ciddi təsir göstərməmiş, əksinə, onlar əksər hallarda iqtisadi-maliyyə böhranı ilə üzləşmiş, əhalinin rifah halı pisləşmişdir.
Azərbaycanda isə Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim vəzifəmiz - bunu biz artıq neçə ildir ki, bəyan etmişik, - ondan ibarətdir ki, yoxsulluq bir fenomen kimi Azərbaycandan tamamilə yığışdırılsın. Biz bu sosial bəlanı aradan götürməliyik. Yoxsulluq Azərbaycanda aşağı səviyyədədir - 5 faiz səviyyəsindədir. Ümumiyyətlə, olmamalıdır və əminəm ki, biz gələcək illərdə buna daha da yaxınlaşacağıq”.
İndiki şəraitdə ümumi nəzarətin mühüm bir qolu olan maliyyə nəzarətinin rolu ikiqat artır.
Məhz mükəmməl maliyyə nəzarətinin mövcudluğu:
1) idarəetmədə optimal qərarların qəbul edilməsi və normal fəaliyyətin təmin olunmasına əsas verən informasiya bazasının formalaşmasına (informasiya funksiyası);
2) mövcud nöqsan və çatışmazlıqların üzə çıxarılması ilə yanaşı, onların gələcəkdə təkrar olunmamasına zəmin yaratmaq (profilaktik funksiya);
3) təsərrüfat subyektlərinə bütün ehtiyat və vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilməsi istiqamətində öhdəliklərə əməl edilməsi (səfərbəredici funksiya);
4) məsul şəxslərə qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi və öz öhdəliklərinin dəqiq yerinə yetirilməsi sahəsində tələblər aşılanması (tərbiyəvi funksiya).
Ölkəmizdə mövcud olan maliyyə nəzarəti sistemində hələ də aradan qaldırılmamış təkrarçılıq və paralelizm hallarına qarşı və nəzarət qurumları arasında koordinasiyanın yaxşılaşdırılmasına yönəlmiş bu tədbirin əhəmiyyəti çox böyükdür. Bu problemi həll etmək üçün fikrimizcə, bir tərəfdən nəzarət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi tələb olunursa, digər tərəfdən də bu qurumlar arasında qarşılıqlı əlaqə və tənzimlənmənin qurulmasına nail olunmalıdır. Bu mənada, hakimiyyətin müxtəlif qollarına aid olan, habelə qeyri-dövlət strukturlarının fəaliyyətində metodoloji, tənzimləyici, etik və informasiya aspektlərini özündə ehtiva edən kollegial bir ictimai orqanın yaradılması aktuallıq kəsb edir. Bu sahədə xarici təcrübədən bəhrələnmək yerinə düşərdi.
Ölkəmizdə maliyyə şəffaflığı probleminin həllinə nail olmaq üçün aşağıdakıların həyata keçirilməsini məqsədəmüvafiq hesab edirik:
birincisi, maliyyə nəzarəti və audit sahəsində qanunvericiliyin təkmilləşdirilməsi;
ikincisi, nəzarətedici orqanların yoxlamalarının birləşdirilməsi yolu ilə onların sayının azaldılması;
üçüncüsü, nəzarət orqanları arasında peşə və texniki informasiya mübadiləsinin güçləndirilməsi;
dördüncüsü, dövlət maliyyə nəzarətinin və auditin aktual problemlərinə həsr olunmuş konqreslərin, konfrans və seminarların keçirilməsi;
beşincisi, ictimaiyyətin və dövlət orqanlarının marağını stimullaşdırmaq məqsədilə yoxlamaların nəticilərinə dair informasiyaların dərc etdirilməsi və yayılması;
altıncısı, nəzarətə və maliyyə hesabatlarına dair beynəlxalq standartların yaradıcılıqla tətbiq edilməsi;
yeddincisi, maliyyə nəzarətinə dair beynəlxalq tədbirlərin materiallarının və standartlarının Azərbaycan dilinə tərcümə edilməsi və yayılması;
səkkizincisi, peşə təhsili məsələlərinə dair informasiya-analitik xarakterli materialların hazırlanması və yayılması;
doqquzuncusu, bütün iri qurumlarda, o cümlədən ayrılmış məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarında daxili auditin təşkili;
onuncusu, beynəlxalq tələblər səviyyəsində fəaliyyət göstərmək iqtidarında olan peşəkar auditorların və maliyyə nəzarətçilərinin hazırlanması, onların beynəlxalq sertifikatlaşdırılması və ixtisas səviyyəsinin daim artırılması;
on birincisi, beynəlxalq əlaqələrin gücləndirilməsi, peşəkar maliyyə nəzarətçilərinin etika komissiyasının yaradılması və bu qəbildən olan həlli vacib digər problemlər.
Bir daha “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın “Maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması” adlı 6-cı bölməsinin 6.1-ci bəndində layihəsinin hazırlanması nəzərdə tutulan “Maliyyə nəzarəti haqqında” qanun üzərində ilk olaraq dayanmaq istərdik.
Fikrimizcə, hazırlanacaq qanun layihəsində maliyyə nəzarətinin nəticəliliyinin, şəffaflığının və aşkarlığının, obyektivliyinin və səriştəliliyinin, müstəqilliyinin və təsirliliyinin, iqtisadi inkişafa və təhlükəsizliyə təminatının əsas istiqamətləri, maliyyə nəzarətinin hüdudları, forma və metodları, nəzarət qurumlarının hüquqi statusu, maliyyə nəzarəti orqanları ilə digər dövlət idarəetmə orqanlarının əlaqələrinin təkmilləşdirilməsi, maliyyə nəzarəti sahəsində maraqların toqquşmasının qarşısının alınması, habelə nəzarət qurumlarının fəaliyyətinin iqtisadi mexanizmləri müəyyən edilməlidir.
Maliyyə nəzarətinin normativ hüquqi bazası hazırlanarkən nəzarətin əsas məqsədi kimi maliyyə vəsaitlərindən gələcəkdə daha səmərəli və şəffaf istifadə edilməsi əsas götürülməli, bu sahədə analitik prosedurların daha geniş tətbiqinə diqqət yetirilməlidir. Bu məqsədlə maliyyə nəzarətçilərinin investisiya layihələrinin və biznes-planların araşdırılması üzrə səlahiyyətləri təsbit olunmalı, konkret vəzifə və məsuliyyətləri müəyyənləşdirilməlidir.
Maliyyə nəzarətçiləri və auditorların məsuliyyətinin artırılması üzrə müddəaların da qanunvericilikdə daha aşkar təsbit olunması məqsədəuyğun olardı.
Dünya praktikasından məlumdur ki, digər sahələrdə olduğu kimi, nəzarət də yalnız bir qurum tərəfindən yox, nəzarətin müxtəlif növlərə ayrılan dövlət və qeyri-dövlət nəzarəti formaları əsasında həyata keçirilir.
Qeyd etmək lazımdır ki, nəzarətin dövlət və qeyri-dövlət nəzarət formaları arasında və eyni zamanda bu formalara daxil olan nəzarətin növləri arasında qarşılıqlı əlaqə və dəqiq səlahiyyət bölgüsünün bərqərar edilməsi bütövlükdə nəzarət sisteminin səmərəliliyinin gücdəndirilməsi və şəffaflığın artırılması üçün mühüm zəmin yaratmış olur.
Bu zərurət, ilk növbədə, aşağıdakı faktorlarla əlaqədardır:
1) Dövlət maliyyə nəzarəti ilə qeyri-dövlət nəzarəti arasında ciddi fərqlər mövcud olsa da, onların hər ikisinin məqsədi idarəetmənin və bütövlükdə iqtisadiyyatın bütün səviyyələrində maliyyə intizamının səviyyəsinin yüksəldilməsi və idarəetmənin keyfiyyətinin artırılması durur.
2) Mülkiyyət çoxnövlülüyünün mövcudluğu və özəl bölmənin iqtisadiyyatda mövqeyinin artdığı indiki şəraitdə (hazırda ÜDM özəl bölmənin payı Azərbaycanda 84 faiz təşkil edir) dövlət nəzarətinin mövcudluğu ilə yanaşı, qeyri-dövlət nəzarətinin daha geniş tətbiqi tələb olunur.
3) Ölkədə həyata keçirilən inzibati islahatların daha düzgün tənzimlənməsi dövlət və qeyri-dövlət maliyyə nəzarəti arasında düzgün mütənasibliyin və qarşılıqlı əlaqələrin mövcudluğunu tələb edir.
İnkişaf etmiş ölkələrdə nəzarətin bu iki forması arasında səmərəli və təkmil qarşılıqlı əlaqələr bərqərar olmuşdur. Dövlət nəzarəti qeyri-dövlət formasının potensialından getdikcə daha geniş istifadə edir, onları dövlət maliyyə nəzarətinin ayrı-ayrı funksiyalarının həyata keçirilməsinə cəlb edir. Məsələn, ABŞ-da xüsusi təftiş kompaniyaları (ictimai mühasib şirkətləri) dövlətdən ayrı-ayrı təşkilatlarının nəzarət sahəsində böyük rol oynayırlar. Belə ki, ABŞ-ın Baş Büdcə Nəzarət İdarəsi belə ictimai mühasib firmalarını və auditorları öz adından maliyyə sənədlərinin təftişi və araşdırılması üçün işə cəlb edir. bu zaman qeyri-dövlət nəzarətinin nümayəndələri Baş Büdcə Nəzarət İdarəsinə birbaşa hesabat verirlər. Bu idarə isə yoxlamanın nəticələrinə dair bütün məsuliyyəti öz üzərinə götürməklə (həqiqi icraçıların adları göstərilə bilər) hesabat verir .
Fransada da müstəqil auditor təşkilatları dövlət maliyyə nəzarətində müəyyən rol oynayır. Belə ki, bütün dövlət şirkətlərinin hesablarının təsdiqlənməsi özəl auditorlar tərəfindən həyata keçirilir. Onların nəticələri isə ölkənin baş ali maliyyə nəzarəti orqanına (Hesablama Palatasına) təqdim edilir.
Qabaqcıl dünya təcrübəsində dövlət nəzarəti ilə daxili nəzarət sistemi, o cümlədən daxili audit arasında mühüm əlaqələr təşəkkül tapmışdır. Məsələn, Avropa İttifaqının Hesablama Palatası öz fəaliyyətini həyata keçirərkən yoxlanılan təşkilatların daxili nəzarət sistemlərinin məlumatlarından geniş istifadə edir.
Böyük Britaniyanın Milli Nəzarət İdarəsi dövlət maliyyə vəsaitlərindən istifadənin səmərəliliyini yoxlayarkən daxili nəzarət və daxili auditin mövcudluğuna, təşkilatın rəhbərinə idarə etmək üçün zəruri olan informasiyaların hazırlanıb vaxtında təqdim edilməsinə xüsusi önəm verir.
Kanadanın baş təftiş təşkilatı daxili nəzarət və daxili audit sisteminin nə dərəcədə düzgün fəaliyyət göstərməsindən asılı olaraq yoxlanılan təşkilatlarda öz işini seçmə qaydasında qurur.
Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin Yardım Fondu haqqında” Əsasnamədə, “Milli Televiziya və Radio Şirkəti haqqında” Əsasnamədə, “Azərbaycan Respublikası Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında” Əsasnamədə və digər qanunvericilik və normativ sənədlərdə müstəqil auditin dövlət nəzarəti çərçivəsində tətbiqi müddəaları nəzərdə tutulmuşdur. Məsələn, “Hesablama Palatası haqqında” qanunun 17-ci maddəsində göstərilir ki, “Hesablama Palatası öz səlahiyyələrini həyata keçirərkən qarşılıqlı razılıq əsasında dövlət hakimiyyəti orqanlarının nümayəndələrini, habelə müqavilə əsasında müstəqil auditorları, ayrı-ayrı mütəxəssisləri cəlb edə bilər”.
Fikrimizcə, belə redaktə göstərilən tərəflər arasında qarşılıqlı əlaqənin heç də bütün cəhətlərini tam işıqlandırmır və qanunvericilikdə bu əlaqələrin yaradılması qaydası, müstəqil auditorlar cəlb edilən nəzarətin istiqamətləri, məsuliyyət mexanizmi, ödəniş proseduru və digər bir sıra məsələlər öz həllini tapmalıdır. Bu zərurət digər dövlət nəzarət qurumlarının öz aralarında və dövlət nəzarəti orqanları ilə müstəqil auditorların qarşılıqlı əlaqələrinin qaydaya salınması və təkmilləşdirilməsi işini aktuallaşdırır. Bu mənada xüsusi bir əsasnamənin hazırlanıb təsdiq edilməsinə böyük zərurət vardır. Bu sənəddə, ilk növbədə, qeyri-dövlət nəzarətçilərinin (o cümlədən müstəqil auditorların) dövlət nəzarəti orqanları nümayəndələri ilə birgə fəaliyyətdə rəftarlarının prinsipləri, habelə yoxlama materialları üzrə mübahisəli məsələlərin razılaşdırılmış qaydaları və digər məsələlər öz həllini tapmışdır. Nəzarət sisteminin nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”ların, konfrans və digər işgüzar görüşlərin təşkili də nəzarətin şəffaflığının artırılmasında daha önəmli rol oynaması işində, nəzarətin səviyyəsinin yüksəldilməsi sahəsində mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.
Qeyri-dövlət nəzarətinin mühüm qollarından biri olan ictimai nəzarətin inkişaf etdirilməsi ideyası və zərurəti də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ilk olaraq vurğulanmışdır: “... Qəbul olunmuş bütün qərarlar vaxtlı-vaxtında icra edilməli və ciddi ictimai nəzarət olmalıdır. Biz siyasi islahatları aparmaqla yanaşı, güclü ictimai nəzarətə də diqqət göstəririk ki, dövlətin, hökumətin bütün addımları xalq tərəfindən izlənilsin, ona güclü təhlil verilsin. Lazım gələrsə, müəyyən islahatlarda düzəlişlər də edilməlidir. Geniş müzakirələr keçirilmədən biz buna nail ola bilmərik”.
Başqa bir misal: Azərbaycan Prezidenti cənab İlham Əliyev 2008-ci il aprelin 14-də Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bir daha vurğulamışdır ki, “Əgər ciddi ictimai nəzarət olmasa, əgər Azərbaycanda ciddi siyasi demokratik təsisatlar yaranmasa, bizim uğurlarımız yarımçıq ola bilər və uzunmüddətli olmayacaqdır”.
Nəzarətsiz hakimiyyət korrupsiyaya uğrayır, səmərəsiz işləyir və zor alətlərindən sui-istifadə edir. İctimai nəzarət mexanizmi ictimaiyyətə imkan verir ki, qərarların qəbul edilməsi mərhələsində olduğu kimi, həyata keçirilməsi və əldə edilmiş nəticələrin qiymətləndirilməsi mərhələsində də hakimiyyətə nəzarət etsin. Məhz buna görə, bu il 28 May - Respublika Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda Prezident İlham Əliyev bir daha vurğulamışdır ki, “İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm... İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz”.
Siyasi-hüquqi sistem çərçivəsində mütəşəkkil və məqsədyönlü şəkildə həyata keçirilən ictimai nəzarət vətəndaşlarla dövlət arasında meydana çıxan problemləri tamamilə sivil qaydada, qanunla müəyyən edilmiş qarşılıqlı təsir və qarşılıqlı məsuliyyət kanallarından istifadə etmək yolu ilə həll etməlidir, çünki ictimai nəzarət Konstitusiyada bəyan edilmiş xalq hakimiyyəti prinsipinin həyata keçirilməsinin vacib şərtidir.
Lakin bu da həqiqətdir ki, ictimai nəzarətin baş tutması hər birimizdən də çox asılıdır. Prezidentin qeyd etdiyi kimi: “Əlbəttə, vətəndaşlardan da çox şey asılıdır. Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha fəal olmağa çağırmışam”.
Vətəndaş cəmiyyəti məsləhətləşmələrdə və müzakirələrdə fəal iştirak etmək əzmində olmalı, dövlət orqanları isə belə iştirakın mexanizmini hazırlamaqla, müxtəlif yanaşma və təklifləri nəzərə almalı, bu və ya digər qərarın qəbulunu əsaslandırmalıdır.
TƏKLİFLƏR
Bir sıra ölkələrdə iqtisadi sahələr və regionlar üzrə şəffaflıq reytinqinin müəyyənləşdirilməsi təcrübəsinin Azərbaycanda tətbiqi də maraqlı olardı. Sahibkarlıq mühitinin yaxşılaşdırılmasına və yersiz müdaxilə və hüqüqpozmaların müəyyənləşdirilməsi baxımından tənzimləyici qurumlar və regionlar aspektindən investisiya mühitinin qiymətləndirilməsi və açıqlanması da mühüm əhəmiyyət kəsb edir.
Müasir şəraitdə Azərbaycan iqtisadiyyatı qarşısında duran və təxirəsalınmaz həllini gözləyən ən mühüm məsələlərdən biri iqtisadi subyektlərdə şəffaflığın təmin olunmasıdır. Bu isə öz növbəsində hesabatlığın vəziyyəti ilə bağlıdır. Buna görə də təsərrüfat subyektlərində hesabatların hazırlanması, qanunvericiliklə müəyyən olunmuş müvafiq orqana təqdim edilməsi, baxılması və zəruri hallarda ictimaiyyətə aşkarlanması, müstəqil auditin aparılması, tam, dəqiq və dolğun etibarlı informasiyanın maraqlı tərəflərə, o cümlədən investorlara çatdırılması istiqamətində beynəlxalq təcrübədən bəhrələnməklə görüləsi işlər canlandırılmalıdır.
Maliyyə resurslarından istifadənin yaxşılaşdırılmasının ən mühüm istiqamətlərindən biri kimi səmərəlilik auditinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Fikrimizcə, bu sahədə iş daha da canlandırılmalı, səmərəlilik auditi ilə ilk növbədə böyük investisiyaların qoyulduğu sahələr əhatə olunmalı, onların nəticələri müvafiq qurumlara dövlət xərclərinin səmərəliliyini yüksəltməyə yardım göstərməlidir.
Auditdən yayınma - bu, korrupsiyaya şərait yaradan halların mövcudluğu, bilavasitə korrupsiya halları, çirkli pulların yuyulması və digər neqativ hallar deməkdir. Bu problemə xüsusi diqqət yetirilməsi birinci dəfə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli fərmanında öz əksini tapmışdır. Ötən 10 il ərzində cənab İlham Əliyev bu problemin həlli istiqamətində hüquqi-institusional tədbirlərin həyata keçirilməsini tələb etsə də, müstəqil auditə qarşı qısqanclıq və onun digər əsassız yoxlamalarla bilərəkdən eyniləşdirilməsi dünyada çox mühüm bazar iqtisadiyyatı infrastrukturu və şəffaflığın təminatçısı kimi qiymətləndirilən auditin Azərbaycanda genişlənməsinə imkan vermir. Halbuki möhtərəm Prezident həmişə auditi yüksək dəyərləndirmiş və diqqət yetirmişdir.
Auditorlar Palatasının fəaliyyətinin 10 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 2006-cı ilin aprel ayında Auditorlar Palatasının kollektivinə və üzvlərinə ünvanladığı təbrik məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü il dekabrın 8-də keçiriliən müşavirədə çıxış edərkən demişdi: “Respublikamız ağır bir dövr keçirir, iqtisadiyyat böhran vəziyyətindədir. Maliyyə bizim üçün əsaslı bir sahədir. Əgər bu sahədə işləyən şəxslər ayrı-ayrı kooperativlərin, assosiasiyaların, şirkətlərin mənafeyini, yaxud da onlarla əlaqəli olaraq öz şəxsi mənafelərini ölkənin, xalqın, dövlətin mənafeyindən üstün tutursa və cürbəcür qeyri-qanuni yollarla gedirlərsə, bütün bunlar dəhşət doğurur və bir daha sübut edir ki, son illərdə respublika iqtisadiyyatının, çox mühüm sahə olan maliyyənin dağılmasının, böhran halına düşməsinin səbəbləri də birinci növbədə buradadır”.
Şükürlər olsun ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz hətta son illərdə dünyada hökm sürən maliyyə-iqtisadi böhran şəraitində durmadan inkişaf etmək əzmindədir və ölkə Prezidentinin qeyd etdiyi kimi: “İslahatlar daha da dərinləşməlidir. İqtisadi islahatlar nəticəsində artıq böyük işlər görülüb. Bunu beynəlxalq qurumlar da qeyd edir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı yenə də çox yüksək pilləyə layiq gördü. Ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 40-cı yerdədir. MDB məkanında yenə də birinci yerdədir və bu, əslində, görülən işlərin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, iqtisadi islahatları daha da dərinləşdirək və iqtisadiyyatı liberallaşdırmaq üçün əlavə tədbirlər görək.
“Fitch” reytinq agentliyinin də yüksək qiyməti bizi sevindirir. Bu, ədalətli yanaşmadır. Azərbaycanda görülən işlərin nəticəsidir ki, “Fitch, - baxmayaraq, bölgədə iqtisadi-maliyyə böhranı davam edir və dərinləşir, - Azərbaycana iqtisadi sahədə 3B investisiya reytinqini vermişdir. 3M reytinqi çox yüksək nəticədir. Ancaq biz çalışmalıyıq ki, daha da yüksək reytinqlərə nail olaq. Hesab edirəm ki, görüləcək əlavə tədbirlər nəticəsində biz buna da nail olacağıq”.
Fikrimizcə, görüləcək tədbirlər sırasında şəffaflığın artırılması və korrupsiyaya qarşı sistemli mübarizə öz mövqeyini daha da gücləndirəcək və Azərbaycanın şərəfli inkişaf yolu möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edəcəkdir.
Vahid
NOVRUZOV,
Azərbaycan
Respublikası Auditorlar Palatasının sədri,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.- 2015.- 22
oktyabr.- S. 10.