Azərbaycan ilə Rusiya arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub

 

Oktyabrın 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Silahlı Qüvvələrinin ölkəmizdə fəaliyyət müddəti başa çatan hərbi attaşesi polkovnik Vladimir Çernenko ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin region üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma razılığı əsasında daha da genişləndirilməsi davamlılığı məsələləri müzakirə olunub.

Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant mütəxəssislərin hazırlanması məsələlərinə diqqət yetirilib.

Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərinə görə hərbi attaşeyə təşəkkürünü bildirib ona uğurlar arzulayıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən hərbi attaşe ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin, xalqının Silahlı Qüvvələrinin daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

 

 

Azərbaycan.- 2015.- 23 oktyabr.- S. 4.