Bakıda AviasiyaHava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyası

 

AviasiyaHava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın mənzil-qərargahının Bakıda yerləşməsinə dair qərar Azərbaycan iqtisadiyyatının, o cümlədən ölkə aviasiyasının dinamik inkişafı ilə bağlıdır. Heydər Əliyev Beynəlxalq Aeroportu Dövlətlərarası Aviasiya Komitəsi (DAK) regionunun ən yaxşı altı aeroportu sırasında yer alır.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar AviasiyaHava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın oktyabrın 23-də Bakıda keçirilən 35-ci sessiyasında səsləndirilib.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 70 illiyinə və Dövlətlərarası Aviasiya Komitəsinin 25 illiyinə həsr olunmuş sessiyada çıxış edən DAK-ın sədri Tatyana Anodina xatırladıb ki, AviasiyaHava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın mənzil-qərargahının Bakıda yerləşməsi barədə qərar qurumun 2013-cü ildə Moskvada keçirilmiş sessiyasında qəbul olunub. O, bu qərarı Azərbaycan iqtisadiyyatının, o cümlədən aviasiyanın dinamik inkişafı, Prezident İlham Əliyevin və hökumətin bu sahəyə xüsusi münasibəti ilə izah edib. T.Anodina məlumat verib ki, Bakı Beynəlxalq Aeroportu DAK-ın sertifikatını alıb və 650 aeroport arasında 6 ən yaxşı hava limanlarından biridir.

Baş nazirin müavini Abid Şərifov sessiyanın aviasiyanın inkişafına böyük töhfə verəcəyinə əminliyini bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan 1992-ci ildən ICAO-nun üzvüdür, ölkəmiz aviasiya sahəsində 23 beynəlxalq sənədə qoşulub. Baş nazirin müavini Azərbaycanın iqtisadi inkişafından danışaraq vurğulayıb ki, Prezident İlham Əliyev nəqliyyat sektorunun, o cümlədən aviasiyanın inkişafına böyük diqqət və qayğı göstərir, bununla bağlı bütün infrastruktur yenilənir.

Abid Şərifov məlumat verib ki, son 10 ildə ölkənin nəqliyyat sektoruna 15 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Azərbaycanda 4 yeni aeroport tikilib, aviasiya tam modernləşdirilir və aviapark müasir avialaynerlərlə yenilənir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalına 2014-cü ildə 4 ulduz statusu verilib.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prezidenti Olumuiva Benard Aliu bildirib ki, o, AviasiyaHava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın sessiyasında ilk dəfədir iştirak edir. Rəhbəri olduğu təşkilat Dövlətlərarası Şura ilə əməkdaşlığa böyük önəm verir və genişlənən əlaqələr hava məkanının təhlükəsizliyinə müsbət təsir göstərir. ICAO prezidentinin sözlərinə görə, hava nəqliyyatından ildə 3,5 milyard sərnişin istifadə edir, 15 ildən sonra bu rəqəm iki dəfə artacaq. “Biz gözlənilən bu sərnişin axınına artıq indidən hazırlıq görməliyik”, - deyə Olumuiva Benard Aliu vurğulayıb.

Sessiyanın işində “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Hava Məkanından İstifadə haqqında Sazişin iştirakçısı olan dövlətlərinin xarici işlər və nəqliyyat nazirliklərinin, mülki aviasiya xidmətlərinin, aviasiya müəssisələrinin, təhsil və elmi mərkəzlərinin rəhbərləri iştirak edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 24 oktyabr.- S. 3.