İlk qadın korrozionist alim
Dünya
miqyasında tanınmış alim qadınlarımızdan
biri texnika elmləri doktoru, professor
Anaxanım Hüseynbəy qızı Xanlarovadır. Onun metalların korroziyası və mühafizəsi
sahəsindəki elmi nailiyyətləri yüksək dəyərləndirilmişdir.
O, neft-qaz mədən qurğularının korroziyadan
mühafizəsi üsullarını yaradaraq qurğunun əsas
təmirlərarası müddətini iki dəfədən
artıq uzatmağa müvəffəq olmuşdur.
Professor Anaxanım Xanlarova məşhur Xanlarovlar nəslindəndir. Bakı
xanlarından olmuş bu nəsil elmimizə, mədəniyyətimizə
istedadlı şəxslər vermişdir. Atası
Hüseynbəy Xanlarov gənclik illərində Avropada
yaşamış və təhsil almışdı. Anası Şeyda Şamxorskaya zadəgan ailəsindən
idi. Təhsilini dayısı maarifpərvər
həkim Qara bəy Qarabəyovun yanında almışdı.
Milli adət-ənənələr
əsasında gözəl ailə tərbiyəsi
görmüş Anaxanım Bakıda 132 nömrəli orta məktəbi
bitirdikdən sonra N.Nərimanov adına
Bakı Sənaye Texnikumunda oxumuşdur. 1934-cü
ildə isə Azərbaycan Dövlət Universitetinin kimya
fakültəsinə daxil olmuşdur.
Həmin dövrdə ölkədə özünü
müsbət cəhətdən göstərən tələbələr
praktiki işə cəlb edilirdi. Onlar üçün
nəzəri biliklərini tətbiq etməyə şərait
və maddi durumlarını yaxşılaşdırmağa
imkan yaradılırdı. Tələbə
Anaxanım 1936-cı ildə SSRİ Elmlər Akademiyası Azərbaycan
filialının Kimya İnstitutunda laborant vəzifəsində
işə başlayır. Həm
bacarığını göstərir, həm də təcrübəli
mütəxəssislərdən, alimlərdən öyrənir,
axtarışlar aparırdı. Oxuduğu
qrupa tanınmış müəllimlərdən professor
Sadıq Hüseynov və Yusif Məmmədəliyev dərs
deyirdi. Onlarla yanaşı, SSRİ Elmlər
Akademiyasının akademiki Lopuxun və müxbir üzvü
Krasusski mühazirələr oxuyurdu. Dərslər
əsasən rus dilində keçirilirdi. Bu,
bir tərəfdən gənc milli kadrların dərsləri mənimsəmələrinə
çətinlik törətsə də, digər tərəfdən
onların yeni dil öyrənmələrinə vasitə idi.
Bakıda böyümüş Anaxanım rus
dilini yaxşı bilirdi. Kəndlərdən
gəlmiş tələbə yoldaşlarına bu dili öyrənməkdə
və mühazirələri mənimsəməkdə kömək
edirdi. O, 1939-cu ildə universiteti fərqlənmə
diplomu ilə başa vurdu.
A.Xanlarova
o dövrdə Azərbaycanın tanınmış
kimyaçı alimləri - Lenin mükafatı laureatı
V.F.Neqreyev, SSRİ Dövlət mükafatı laureatı Y.H.Məmmədəliyev,
professorlar D.Mehdiyev və Ş.Ə.Əliyevlə birgə
çoxşaxəli elmi tədqiqatlar aparmışdır.
O, ilk illərdə
yerli xammallardan gərəkli maddələrin alınmasına
xüsusi diqqət yetirmiş, fısdıq qatranından
korroziya inhibitoru, yarpaqsız böyürtkən kollarından
anabazinsulfat alınmasını tədqiq etmişdir. Böyürtkən kollarından alınan maddə
respublikamızın pambıq tarlalarında ziyanvericilərlə
mübarizə aparmaq üçün lazım idi.
Anaxanım Xanlarova müstəqil elmi-tədqiqat işinə
sovet dövründə ilk kimya elmləri namizədi alimlik dərəcəsi
almış həmyerlimiz Şıxbala Əliyevlə birgə
Binəqədi yatağının yanar şistlərini öyrənməklə
başladı.
Əldə edilmiş nəticələr
“SSRİ EA Azərbaycan Filialının Xəbərləri” məcmuəsində
1941-ci ildə işıq üzü gördü.
Ş.Əliyevlə birgə işlərində Azərbaycan
şistlərindən metalların korroziyasının
qarşısını alan
inhibitorların, eləcə də neft tullantılarından
üzvi turşuların və fenolların
alınmasını da tədqiq etdi.
1941-1945-ci illər Böyük Vətən müharibəsi
dövründə “Hər şey cəbhə
üçün, hər şey qələbə
üçün!” şüarı altında işlər
SSRİ məkanında geniş vüsət
almışdı. Digər Azərbaycan tədqiqatçıları
kimi Anaxanım Xanlarova da hərbi məqsədli tədqiqatlarla
məşğul olmağa başladı. Respublikamızın
yanar şistlərini öyrəndi. Gecə
qaranlığında hərbi gəmiləri görmək məqsədilə
istifadə edilən işıqlandırıcı maddənin
alınması üsulunu müstəqil surətdə işləyib
hazırladı.
Stirol praktiki əhəmiyyətli kimyəvi maddədir, tətbiq
sahələri genişdir. Onu polimerləşdirməklə
polistirol əldə etmək mümkündür. Buna isə sənayedə, məişətdə
ehtiyac vardı. Polistirolu zəngin neft
ehtiyatları mövcud olan ölkədə neft məhsullarından
almaq iqtisadi cəhətdən səmərəli olardı.
Gənc tədqiqatçı bu prosesin öyrənilməsi
istiqamətində axtarışlar apardı. Yüksək elmi nəticələr əldə etdi.
Həmin nəticələr əsasında namizədlik
dissertasiyası yazdı. “Neftdən stirol və
polistirolun alınması” mövzusunda dissertasiyanı
uğurla müdafiə etdi. 1944-cü ildə
alimlik dərəcəsinə layiq görüldü.
1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası
yaradıldı. Gənc alim 1945-1952-ci illərdə
EA-nın Neft İnstitutunda fəaliyyət göstərdi.
Böyük elmi işci kimi
çalışdı, sonra laboratoriya müdiri vəzifəsinə
irəli çəkildi. Onun elmi fəaliyyəti
normal heptanın katalitik üsulla antrasenə və fenantrenə
çevrilməsi, eləcə də benzolun alfa-olefinlərlə
alkilləşməsi reaksiyalarının tədqiqini əhatə
etmişdir. Həmin dövrdə alimin
aparmış olduğu reaksiyalar nəticəsində
alınmış izokarbohidrogenlərə, molekulunda 6-12 ədəd
karbon atomuna malik alkilbenzollara ehtiyac kifayət qədər
böyük idi. A.Xanlarova bu problemlərin
həllinin öhdəsindən bacarıqla gəldi.
1952-1968-ci
illərdə dənizdə neft və qaz yataqlarının
işlənməsi üzrə “Dənizneftqaz” Dövlət
Elmi-Tədqiqat və Layihə İnstitutunda “Korroziya”
laboratoriyasının, 1968-1971-ci illərdə Azərbaycan SSR
EA-nın Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunda
“İnhibitorla mübarizə” laboratoriyasının müdiri
işləmişdir. Sonra yenidən “Dənizneftqaz”
DETLİ-yə qayıtmış və “Korroziya” şöbəsinin
müdiri vəzifəsində
çalışmışdır.
O,
“Korroziya” laboratoriyasının müdiri təyin ediləndə
qarşıda bir sıra elmi və praktiki problemlərin həlli
dururdu. Metalların korroziyadan mühafizəsini
tədqiq edərkən onun üzərində yaranan
antikorrozion örtük qatın dinamikasını
aydınlaşdırmaq mühüm əhəmiyyət kəsb
edirdi. Bu dinamikanı bilmək korrozionist
mütəxəssislər üçün çox vacib olsa
da, onu öyrənmək heç də asan deyildi. A.Xanlarova müasir və səmərəli
üsulla, yəni, nişanlanmış atomlar üsulu ilə
metallarda antikorrozion örtük qatın yaranma
dinamikasını öyrəndi. Onun rəhbərliyi ilə
dəniz neft-qaz avadanlıqlarının, sualtı boru kəmərləri
və qurğuların metal konstruksiyalarının korroziyadan
mühafizəsi nəzəri cəhətdən əsaslandırılmaqla
təcrübi üsullarla tədqiq edildi. Yeni səmərəli
tövsiyələrin işlənib hazırlanması və
istehsalata tətbiqi istiqamətində geniş miqyasda elmi-tədqiqat
və təcrübə-sınaq işləri yerinə
yetirildi. Aparılmış elmi-tədqiqat
işləri sayəsində dənizdə müxtəlif
hidrometeoroloji sahələrdə yerləşən neft - mədən
avadanlıqlarının polad konstruksiyalarında korroziyanın
səbəbləri hərtərəfli
araşdırıldı. Məhz bu tədqiqatların nəticəsində
metal qurğuların ayrı-ayrı hissələrində,
qovşaqlarında konstruktiv dəyişikliklər
aparılması mümkün oldu. Həmin
qurğuların etibarlı surətdə istismar müddəti
artırıldı. O, əldə edilmiş elmi nəticələr
əsasında elmi məsləhətçisi olmadan doktorluq
dissertasiyasını yazdı. 1967-ci ildə
“Neft-mədən qurğularının korroziyası və
onların suüstü zonasında mühafizəsi”
mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi.
Onun bu işi təkcə elmi əhəmiyyət
kəsb etmirdi, həmçinin böyük praktiki və
iqtisadi əhəmiyyətə malik idi. Beləliklə,
Anaxanım Xanlarova keçmiş SSRİ məkanında
metalların korroziyası və mühafizəsi sahəsində
texnika elmləri doktoru alimlik dərəcəsi almış
ilk qadın oldu.
A.Xanlarova
10 il ərzində “Korroziya” şöbəsinə
rəhbərlik etmişdir. 1979-cu ildə ona
“Materialların kimyəvi müqaviməti və korroziyadan
mühafizəsi” ixtisası üzrə professor elmi rütbəsi
verildi.
A.Xanlarova 1980-ci ildən 2006-cı ilədək “Dənizneftqazlayihə”
DETLİ-də baş elmi məsləhətçi və
“Korroziya” şöbəsində aparıcı elmi
işçi vəzifəsində işləmişdir.
300-dən artıq dərc olunmuş elmi əsərin, o
cümlədən ixtiralara görə 75 müəlliflik
şəhadətnaməsi və patentin, rusca
yazılmış 5 monoqrafiyanın həmmüəllifi
olmuşdur. Onun “Qoruyucu sürtkülər” kitabı (Bakı,
1961-ci il) hidrotexniki qurğuların dəniz korroziyasından
qorunması mövzusuna həsr edilmişdir. Digər dəyərli monoqrafiyası “Neytral
mühitlərdə poladın korroziyadan qorunması” (Bakı,
1962-ci il) adlanır. A.Xanlarovanın
işıq üzü görmüş üçüncü
kitabı elmi məqalələrinin toplusundan ibarətdir
(“Protektor polimer örtüklər. Polimerlərin
antikorrozion texnikada tətbiqi”. Moskva, 1962-ci il). Bu topluda polimer maddələrdən
hazırlanmış qoruyucu örtüklərin antikorrozion
texnikada tətbiqi istiqamətindəki uğurlardan söhbət
açılır. Onun Lenin mükafatı
laueratı V.F.Neqreyev və R.H.Hacıyeva ilə birgə qələmə
aldıqları “Dəniz neft-mədən
qurğularının korroziyadan mühafizəsi” adlı
monoqrafiya 1964-cü ildə Moskvanın “Nedra” nəşriyyatında
çap olunmuşdur. Bu kitab sahə
mütəxəssisləri tərəfindən çox
yüksək dəyərləndirilmişdir və bu gün də
əhəmiyyətini saxlamışdır. “Elektrikötürücü hava xətlərinin
korroziyadan qorunması” (Moskva, “Energetika”, 1974-cü il)
kitabında Xəzər dənizi şəraitində müxtəlif
poladların korroziyasının xüsusiyyətləri şərh
edilir.
Professor A.Xanlarova elmi kadrların hazırlanmasına da
böyük əmək sərf etmişdir. Onun elmi rəhbərliyi
altında doqquz nəfər namizədlik dissertasiyası
işi yerinə yetirmişdir.
Görkəmli alim Ümumittifaq konfranslarında,
qurultaylarda, seminarlarda Azərbaycanı, xarici ölkələrdə
Sovet İttifaqını yüksək səviyyədə təmsil
edir, çıxışları böyük maraqla dinlənilirdi.
Kifayət qədər uğurlar qazanmış və nüfuza malik olmuş Anaxanım Xanlarovanın həyatının ilk baxışda xoş keçdiyi təəssüratı yarana bilər. Əslində isə belə olmamışdır. Bəy ailəsinin nümayəndəsi kimi onun uşaqlıq və gənclik illəri bolşevik hakimiyyətinin ilk onilliklərinə təsadüf etmişdir. Bu isə özlüyündə onun həyatının həmin illərdə müəyyən məhrumiyyətlərlə bağlı olmasını göstərir. Böyük Vətən müharibəsi ərəfəsində ziyalı gənclə, ixtisasca mühəndis-metallurq olmuş Qasım Əlibaba oğlu Vəliyev ilə ailə qurmuşdur. Q.Vəliyev 1935-ci ildə Moskva Polad Ərintilər İnstitutunu bitirmişdi. Bakıda rəhbər vəzifədə çalışan, cəbhə üçün hərbi texnika istehsalı ilə məşğul olan yüksək səviyyəli bu mütəxəssisi heç də hamının gözü götürmürdü. 1941-ci ildə müharibə başlayarkən metal kombinatından da işçilər cəbhəyə göndərilirdi. Q.Vəliyev kombinatın fəaliyyətinə daha çox fayda verən əməkdaşları işdə saxlamağa çalışırdı. Daşnak məsləkli bir dəstə nankor erməni Qasım müəllim haqqında yalan, böhtan dolu məktublar yazaraq Moskvaya göndərmişlər. Guya Q.Vəliyev vəzifəsindən sui-istifadə edərək millətçiliklə məşğul olur, erməniləri cəbhəyə daha çox göndərir. Kremldə rəhbər vəzifələrdə çalışan ermənilərin dəstəyi ilə o, əvvəlcə işdən uzaqlaşdırılmış, sonra isə öldürülmüş və A.Xanlarovaya müəyyən təzyiqlər göstərilmişdir.
Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərliyində çalışan qeyri-millətlərdən olan şəxslər onun qarşısına milli kadrlarımızın əleyhinə casusluq etmək tələbi qoymuşlar. O isə qəti şəkildə bu tələbi rədd etmiş, nəticədə faktiki olaraq özünü və iki körpəsinin həyatını təhlükə qarşısına qoymuşdur. İllərlə nəzarətdə saxlanmış və izlənmişdir. Hər cür məhrumiyyətlərə və çətinliklərə dözərək elmdə dəyərli uğurlar qazandığı kimi, övladlarını da vətən üçün faydalı adamlar kimi böyüdüb tərbiyə etmişdir. Uşaqlar da elmlə məşğul olmağa üstünlük vermişlər. Rəna xanım anasının yolu ilə gedərək korroziya sahəsində çalışmış və elmlər namizədi alimlik dərəcəsi almışdır. Oğlu Ramiz isə fizikanı özünə tədqiqat sahəsi seçmişdir. Hazırda elmlər doktoru dissertasiyasının müdafiəsinə hazırlaşır.
Professor Anaxanım Xanlarovanın kimya elminin neft-qaz sənayesinin inkişafındakı böyük əməyi layiqincə qiymətləndirilmişdir. O, 1941-1945-ci illər Böyük Vətən müharibəsindəki xidmətlərinə görə “Rəşadətli əməyə görə” medalına, həmin müharibədəki qələbəmizin 30 və 40 illikləri münasibətilə medallarla təltif edilmişdir, “SSRİ-nin fəxri neftçisi” və “Qaz sənayesinin fəxri işçisi” adlarına layiq görülmüşdür. Onun adı SSRİ-nin Neft və Qaz Sənayesi Nazirliyinin Fəxri kitabına yazılmışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə də təltif edilən A.Xanlarova gənclər üçün yüksək mükafat sayılmış Lenin komsomolu mükafatı laureatı olmuş və SSRİ Nazirlər Sovetinin mükafatını almışdır. Prezident təqaüdçüsü idi. XX əsrin ikinci yarısının kataloq və ensiklopediyalarında Azərbaycanın elm xadimləri VİP person tərkibinə daxil olmuşdur. 1915-ci il oktyabrın 21-də dünyaya göz açan A.Xanlarova 2007-ci il fevralın 7-də Bakı şəhərində vəfat etmişdir.
Bu istedadlı alim, bacarıqlı elm təşkilatçısı və yüksək mənəviyyatlı insan kimi xatirələrdə yaşayır,ehtiramla yad olunur.
Rəsul RƏXŞANLI,
kimya üzrə fəlsəfə
doktoru
Azərbaycan.- 2015.- 24 oktyabr.- S. 7.