Gözəl sənətkar kimi həmişə yaşayacaq

 

Azərbaycan təsviri sənətinin formalaşmasında və inkişafında qadın rəssamlarımızın xidmətləri xüsusi qeyd olunmalıdır. Onlardan birixalq rəssamı Elmira Şahtaxtinskayadır.

E.Şahtaxtinskaya 1930-cu ildə görkəmli kimyaçı alim, akademik Həbibulla Şahtaxtinskinin ailəsində dünyaya göz açıb. O, kiçik yaşlarından incəsənətə, xüsusilə rəssamlığa meyil göstərib. İlk ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1947-1950), daha sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1950-1956) alıb. Müəllimləri - professorlar M.M.Çeremnıx və N.A.Ponomaryovdan professional sənətin incəliklərini əxs edib. Beləliklə, E.Şahtaxtinskaya Moskva Dövlət Rəssamlıq İnstitutunda ali təhsilini başa vuraraq doğma Bakı şəhərinə qayıdıb və müstəqil bədii yaradıcılığa başlayıb.

Görkəmli rəssam əsasən təsviri sənətin qrafika sahəsində fəaliyyət göstərib. O, maraqlı plakat və dəzgah rəsmlərinin, həmçinin akvarelquaş texnikasında işlənmiş silsilə bədii rəsm əsərlərinin müəllifidir. Onun sənət inciləri doğma vətəni ilə yanaşı, xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

E.Şahtaxtinskayanın uğurlu bədii yaradıcılıq fəaliyyəti həmişə yüksək qiymətləndirilib. Belə ki, o, 1957-ci ildə Azərbaycan Gəncləri Festivalının I dərəcəli medalı və Laureat diplomu ilə təltif olunub, 1963-cü ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1977-ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülüb. Rəssam bir çox ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Onun Moskva (1967, 1988), Kaunas (1967), Bakı (1967, 1989) və Naxçıvan (1979) şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub.

E.Şahtaxtinskaya uğurlu bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı, bir sıra məsul vəzifələrdə çalışıb. O, SSRİ və Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü, “Azərnəşr”in bədii redaktoru, Nəşriyyat və Poliqrafiya üzrə Dövlət Komitəsinin baş rəssamı və “Plakat” nəşriyyatının Zaqafqaziya üzrə komissiyasının üzvü olub.

Tanınmış sənətkar yaradıcılığa plakat janrında əsərlər yaratmaqla başlayıb. Onun plakatları mövzunun özünəməxsus səlis ifadə həlli və güclü bədii təsir qüvvəsi ilə diqqəti cəlb edirdi.

Ötən əsrin 70-ci illərindən E.Şahtaxtinskaya siyasi plakat janrıyla yanaşı, daha çox Azərbaycanın Orta əsrlərdə yaşamış görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin, memarlıq abidələrinin yaddaqalan, cəlbedici və həmçinin hamının başa düşüb, qəbul edəcəyi “dil”də təsvirlərini yaratmağa başlayıb. Onun yaradıcılığında xüsusi çəkiyə malik “Azərbaycan - qədim mədəniyyət diyarıdır” (1971) silsiləsinə daxil olan otuza qədər plakat Azərbaycan təsviri sənətində yeni bir bədii yaradıcılıq istiqaməti idi. Bu seriyadan olan əsərlər təsviri sənət tariximizdə dəyərli sənət nümunələridir. Rəssam qeyd olunan silsilə üzərində ömrünün sonunadək ciddi axtarışlar apararaq daim milli ənənələrə həssas yanaşmaqla yüksək bədii estetik zövqə malik dəyərli əsərlər ərsəyə gətirmişdir. E.Şahtaxtinskaya yazırdı: “Şərq miniatür rəngkarlığının dahiyanə nümunələrinə malikdir. Bunlar öz xarakterinə, bədii formasına, səthi-dekorativ şərtiliyinə, ümumiliyinə və eyni zamanda son dərəcə konkretliyinə görə Şərq plakatının öyrənilməsi və yaradılması üçün bir baza, əsas ola bilər”.

Rəssam bu silsilədən olan əsərlərini yaratmaqla milli-mənəvi dəyərlərə sayğısını, özünün vətəndaşlıq mövqeyini bir daha göstərmişdir. Digər tərəfdən isə bu əsərlər Azərbaycanın minilliklərlə formalaşmış zəngin mədəniyyətinin dünyaya tanıdılmasında misilsiz qaynaqlardır. Rəssamın bu seriyadan olan əsərlərindən “Azərbaycan qədim mədəniyyət ölkəsidir” (1972), “Şahtaxtı və Kül-Təpə küplərinin 4 və 6 min yaşı var” (1973), “Azərbaycan plastikasının 3000 illik yaşı var” (1974), “Azərbaycan poeziyasının klassikləri dünya ədəbiyyatının korifeyləridir” (1972), habelə şair Qətran Təbrizi (1988), Xaqani Şirvani (1986), Nizami Gəncəvi (1982), İmadəddin Nəsimi (1969), Məhəmməd Füzuli (1984, 1993), Şah İsmayıl Xətai (1986), Hüseyn Cavid (1982), Səməd Vurğun (1976), Nəsrəddin Tusi (1973, 1980), Rəşid Bakuvi (1984), mütəfəkkir filosof Bəhmənyar (1978), musiqiçi və bəstəkar Səfiəddin Urməvi (1973), Əbdül Qadir Marağayi (1985), Üzeyir Hacıbəyli (1975), Müslüm Maqomayev (1985), Qara Qarayev (1983), Fikrət Əmirov (1982), Arif Məlikov (1983), memar, rəssam və xəttat Memar Əcəmi (1976), Soltan Məhəmməd (1976), Mirəli Təbrizi (1988), Səttar Bəhlulzadə (1974), akademik Mirəsədulla Mirqasımov (1983) və digərlərini qeyd etmək olar.

E.Şahtaxtinskaya yaradacağı şəxsin obrazı üzərində işləyərkən ilk növbədə həmin şəxsiyyətin yaşadığı dövrü hərtərəfli öyrənir, onun həyat və yaradıcılığı barədə araşdırmalar aparırdı. Bir sözlə, rəssam işinə çox ciddi yanaşaraq apardığı gərgin yaradıcılıq müşahidələrini uğurlu əsərlər yaratmaqla sona yetirirdi.

Götürək Əcəmi Naxçıvaninin 850 illiyinə həsr edilmiş portretini. Şərq qiyafəli memar sağ əlində üzərində düşündüyü memarlıq layihəsini tutmuş vəziyyətdə və işıqlı çöhrəsi ətrafa yönəlmiş halda təsvir edilib. Əsərin fonunda müəllif uğurlu yaradıcılıq üslubundan faydalanaraq memarın artıq müəllifi olduğu Mömünə Xatun, Yusif ibn Küseyir türbələrini və Naxçıvan memarlıq məktəbinin digər abidələrini elə uğurlu bədii ifadə vasitələri ilə tamaşaçı diqqətinə çatdırıb ki, yaradıcının məharətinə heyran qalmamaq olmur. Sadalanan xüsusiyyətləri rəssamın bu silsilədən olan digər əsərlərinə də şamil etmək olar.

E.Şahtaxtinskaya qrafik rəsmlərin, akvarelquaş texnikasında işlənmiş çoxsaylı silsilə əsərlərin də müəllifidir. “Bakı” silsiləsinə (1958-1959) daxil olan əsərlərində rəssam Bakı şəhərinin görüntülərini, Xəzər dənizinin poetik biçimli ponoramını, insanların diqqəti cəlb edən surətlərini həssas qəlbi və incə yaradıcı zövqlə bədiiləşdirə bilib. Bu silsiləyə aid olan əsərlərə “Bakıda qış”, “Dənizdən Bakının görünüşü”, “Dəniz sahilində”, “Nizami meydanı”, “Azneft meydanı” və başqalarını qeyd etmək olar. Ümumiyyətlə, qış fəslinə, qarlı təbiət səhnələrinin təsvirinə rəssamlarımızın əsərlərində nadir hallarda rast gəlirik. Bu baxımdan da rəssamın yaradıcılığı təqdirəlayiqdir. E.Şahtaxtinskaya demək olar ki, Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzmişdir. Onun Naxçıvan, Gəncə, Quba, Gədəbəy, Zaqatala, Şuşa və digər bölgələrimizin füsunkar təbiətinə həsr etdiyi tablolarında, təbiətdə baş verən ani dəyişiklikləri, bənzərsiz təbiət gözəlliklərini və dolğun həyat lövhələrini ən incə detallarınadək təsvir etməyə çalışmışdır. Buna misal olaraq, “Gecə mənzərəsi” (1958), “Liman” (1960), “Göy-göl” (1960), “Quba yaxınlığında mənzərə” (1963), “Qış mənzərəsi” (1963), “Qarlı dağlar” (1964), “Şuşa dağları” (1968), “Əsgəranda qala” (1970), “Dağ mənzərəsi” (1971), “Şəki yaxınlığında mənzərə” (1973) və digərlərini göstərmək olar.

E.ŞahtaxtinskayaAğaclar” (1980) silsiləsindən olan əsərlərində daha çox gördüklərini, müşahidə etdiklərini yox, özünün gördüklərindən, müşahidə etdiklərindən və topladığı yaradıcılıq təcrübəsindən əldə etdiyi nəticələri bədii-fəlsəfi formada, olduğundan daha da ideal biçimdə bədii həllinə nail olmuşdur. Bu istiqamət rəssamın yaradıcılığının tamamıilə başqa bir istiqamətini təşkil edir.

Sənətkarın yaradıcılığında xarici ölkələrə həsr etdiyi əsərləri xüsusi əhəmiyyət daşıyır. O, yaradıcılıq ezamiyyətlərində bədii axtarışlarını daha da təkmilləşdirmiş və kolorit həllinin kamilliyi, dəqiq qrafik işlənmə xüsusiyyətləri ilə seçilən əsərlər yaratmışdır. Görkəmli sənət xadimininÇexslovakiyada” (1957) və “Bolqarıstan” (1963) silsilələrinə daxil olan əsərləri özünün forma və məzmun dolğunluğu, eləcə də bədii və texniki işlənmə xüsusiyyətləri ilə diqqətimizi cəlb edir.Nesebr” (1963), “Sozopol” (1963), “Stokholm” (1965) adlı əsərləri sadalananlara misal ola bilər.

Xalq rəssamı Tahir Salahov E.Şahtaxtinskayanın yaradıcılığı və şəxsiyyəti barədə danışarkən demişdir: “1966-cı ildə Naxçıvanda yaradıcılıq ezamiyyətində olarkən Şahtaxtıda oldum. O zaman mən yəqin etdim ki, Elmira xanımın həyatda və yaradıcılığında aldığı qüvvətli enerji haradandır”.

Biz rəssamın yaradıcılıq aləminə ümumi nəzər yetirərkən bu qənaətə gəlirik ki, E.Şahtaxtinskaya daim yaradıcılıq axtarışlarında olmuş, mürəkkəb eksperimentlər nəticəsində fəaliyyətini təkmilləşdirməyə çalışmış və özündən sonra zəngin bədii yaradıcılıq irsi qoyub getmişdir

.

Əsəd QULİYEV,

sənətşünas, Rəssamlar İttifaqının üzvü

 

Azərbaycan.- 2015.- 25 oktyabr.- S. 7.