Prezident İlham
Əliyev Sumqayıtda texniki avadanlıqlar
zavodunun açılışında iştirak edib
Oktyabrın
25-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisində
“Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin
texniki avadanlıqlar zavodunun açılışında
iştirak edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə bağlı məlumat verdi.
Azərbaycanda sənayeləşmə iqtisadi siyasətin prioritetlərindəndir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanda sənayeləşmənin tempi yüksəlib, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi bu sahənin inkişafına yeni təkan verib.
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biri də sənaye mərkəzlərinin yaradılmasıdır. Sənaye parkları yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın müxtəlif sahələrinin daha sürətlə inkişaf etdirilməsinə təkan verir. Bu baxımdan Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü ildə təməli qoyulan Sumqayıt Kimya Sənaye Parkı xüsusi əhəmiyyət kəsb edir. Park Sumqayıt şəhərində əvvəllər ekoloji fəlakət zonası hesab olunan 296 hektar sahədə yaradılıb.
Parkın yaradılmasının əsas məqsədləri ölkədə innovasiyalı və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait formalaşdırmaq, bu sahə üzrə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Sənaye zonasında 40-dək müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada 10 minə qədər daimi yeni iş yerinin açılması gözlənilir. Sumqayıt Kimya Sənaye Parkının investisiya cəlbediciliyinin artırılması məqsədilə parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eyni zamanda, buraya gətirilən texnika və texnoloji avadanlıqlar əlavə dəyər vergisindən azad olunub.
Sumqayıt Kimya Sənaye Parkında “bir pəncərə” sistemi tətbiq edilib. Burada artıq dörd rezident qeydiyyata alınıb. Parkın ərazisində ilk sərmayəçi olan “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin artıq bir neçə zavodu fəaliyyət göstərir. Zavodların keyfiyyət siyasətinin əsasını “müştəri məmnuniyyəti” təşkil edir. Bu hədəfə əsaslanaraq müştərilərə yüksək standartlara uyğun keyfiyyətli məhsullar təqdim edilir. Bunun nəticəsidir ki, ABŞ-ın Neft İnstitutu tərəfindən “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinə beynəlxalq keyfiyyət sertifikatı verilib.
Bildirildi ki, Kimya Sənaye Parkında şirkətin üç zavodu fəaliyyət göstərir. “Azertexnolayn”ın əsas istehsal sahələrindən biri polad borular zavodudur ki, burada təyinatı üzrə beynəlxalq standartlara cavab verən keyfiyyətli spiral tikişli polad borular istehsal olunur. Zavodda polad boru istehsalı üzrə üç xətt qurulub. Bu xətlərin hər birinin illik istehsal gücü 200 min tondur.
Şirkətin digər bir müəssisəsi isə mexaniki məhsullar zavodudur. Bu zavodda əsasən polad armaturlu borular, metal hasar və plastik birləşdirici hissələr istehsal olunur. Artıq “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodu da istehsala tam hazırdır.
Dövlətimizin başçısı zavodu işə saldı.
Prezident İlham Əliyevə müəssisənin iqtisadi-texniki göstəriciləri barədə məlumat verildi.
Azərbaycan Prezidenti istehsal prosesinə baxdı.
Bildirildi ki, zavodda metaltökmə
və emal sahələri fəaliyyət
göstərir. Metaltökmə
sahəsində ən
müasir standartlar səviyyəsində qurulan
və saatda 10 ton metaləritmə gücünə
malik olan iki soba, saatda 50 qəlib hazırlama gücünə malik avtomatik qəlibləmə
sistemi və avtomatik qum hazırlama
xətti var. Burada beynəlxalq təcrübəyə
malik yerli mühəndislər tərəfindən
dizayn olunmuş qaz və su
siyirtmələri, dairəvi
siyirtmə, yanğın
hidrantı, təkkürəli
və cütkürəli
hava təxliyyə vantuzu, menhol sistemi, siyirtmə qovşağı, müxtəlif
növ quyu qapaqları kimi məhsulların istehsalı
həyata keçiriləcək.
Qeyd edildi ki, zavodda ildə 6500 ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıq istehsal olunacaq. Bu da onu göstərir ki, Azərbaycanda son dövrlərdə neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində çox mühüm və ardıcıl layihələr həyata keçirilib. Dövlətimizin başçısının müvafiq fərmanları ilə texnoparkların yaradılması, bu texnoparklarda müasir istehsal sahələrinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının gücləndirilməsinə, rəqabətədavamlı və keyfiyyətli məhsulların istehsalına geniş imkanlar açıb. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verir, bununla da son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurlarına təminat yaradır.
Diqqətə çatdırıldı ki, texniki avadanlıqlar zavodunun laboratoriyasında spektral analiz cihazı ilə analizlər aparılır. Burada, həmçinin qum və mikroquruluş laboratoriyaları var. Mərkəzləşdirilmiş laboratoriyada siyirtmə və hidrotexniki qurğuların istifadəyə tam yararlılığına əmin olmaq üçün onlar dartılma, uzanma və sinifləndirmə testlərindən keçirilir.
Zavodda üçnövbəli iş rejimində 250 nəfər işlə təmin olunacaq. Burada istehsal edilən məhsullar əsasən daxili bazarda olan tələbatın ödənilməsinə yönəldiləcək. Zavodun məhsulları, həmçinin xaricə, o cümlədən Türkiyəyə, MDB dövlətlərinə və digər ölkələrə ixrac olunacaq.
“Azertexnolayn” MMC 2015-ci ildə
Türkmənistanın Türkmənbaşı Dəniz
Limanının tikintisi tenderində qalib gəlib. Sumqayıt Kimya
Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC tərəfindən dəyəri
45 milyon dollar olan 60 min ton
boru məhsulunun Türkmənistana
ixracı üzrə müqavilə bağlanıb. Eyni zamanda, şirkət
Türkmənistanın su təchizatı
qovşağı tenderində əsas iştirakçı
qismində təmsil olunub.
AZƏRTAC
Azərbaycan.- 2015.- 27 oktyabr.- S. 1.