“Sahibkarlıq
sahəsində aparılan yoxlamaların
dayandırılması haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən
insanların həyat və sağlamlığına, dövlətin
təhlükəsizliyinə və iqtisadi
maraqlarına mühüm təhlükə
yaradan hallar üzrə
aparılmasına yol verilən yoxlamaların
Siyahısı
Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər:
1.1. dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması;
1.2. fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması;
1.3. təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;
1.4. sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması;
1.5. kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması;
1.6. radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması.
2. Bu siyahının 1-ci hissəsində nəzərdə
tutulmamış, lakin insanların həyat
və sağlamlığına, dövlətin təhlükəsizliyinə
və iqtisadi maraqlarına mühüm
təhlükə yaradan təxirəsalınmaz
hallarda yoxlamalar
müstəsna qaydada aidiyyəti dövlət
orqanının əsaslandırılmış müraciəti
əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin
razılığı ilə aparılır. Bu
halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab
etdikdə yoxlama həmin nazirliyin
əməkdaşının iştirakı ilə
aparılır.
Azərbaycan.- 2015.- 27 oktyabr.- S. 4.