Azərbaycan Hökuməti ilə BMT Sivilizasiyalar Alyansı arasında Saziş imzalanıb

 

Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT Sivilizasiyalar Alyansının təşkilatçılığı və Müqəddəs Entoni Kollecinin Orta Şərq Mərkəzinin himayəsi ilə İngiltərənin Oksford Universitetində keçirilən “Paylaşılan dünyanın çağırışları” mövzusunda Əbdüləziz Saud Əl-Babteyn Mədəniyyət Fondunun 15-ci konfransında iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir Əbülfəs Qarayevlə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri arasında görüş keçirilib və “Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7–ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixində Bakıda keçirilməsinə dair Saziş” imzalanıb. Saziş ev sahibi ölkə ilə BMT Sivilizasiyalar Alyansı arasında müvafiq öhdəlik və tələbləri nəzərdə tutur.

Görüş zamanı, həmçinin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq məsələlərinə toxunulub. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə müxtəlif dövlət qurumlarının rəhbər şəxslərindən ibarət Təşkilat Komitəsinin yaradılması bu qlobal tədbirin ölkə rəhbərliyi səviyyəsində xüsusi diqqətdə saxlanılmasının göstəricisidir.

 

Azərbaycan.- 2015.- 27 oktyabr.- S. 4.