Bu dəfə BP incəsənət
mövzusunda fotomüsabiqəyə sponsorluq etdi
Azərbaycan Milli İncəsənət Muzeyi “İncəsənət fotoqrafların gözü ilə” adlı 2-ci fotomüsabiqəyə yekun vurub. Müsabiqə BP Azərbaycan şirkətinin sponsorluğu ilə həyata keçirilib.
Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə peşəkar fotoqraflarla yanaşı, çoxsaylı həvəskar fotoqraflar, müxtəlif peşə sahibləri, tələbələr iştirak ediblər.
Azərbaycan Milli İncəsənət Muzeyi BP şirkəti ilə birlikdə müsabiqənin yekunlarına həsr edilmiş tədbir keçirib. Qaliblərə mükafatlar təqdim olunub, həmçinin bütün iştirakçılara sertifikatlar verilib. Muzeyin sərgi salonunda müsabiqəyə təqdim olunan əsərlərdən ibarət sərgi nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi ilə BP Azərbaycan şirkəti arasında uzunmüddətli əməkdaşlıq mövcuddur. Şirkət ölkəmizdə olduğu 20 ildən artıq bir dövr ərzində Azərbaycanın zəngin mədəni irsinin və incəsənətinin təbliğatçısı kimi bir sıra mühüm layihələrə dəstək verib. Bu təşəbbüslərə Azərbaycan xalçalarının, miniatür sənətinin, xeyriyyəçilərinin, məşhur “Əli və Nino” romanının və s. təbliğinə yönəlmiş layihələri misal göstərmək olar.
Bir neçə ildir ki, BP Yeni il və Novruz bayramları günlərində ictimaiyyət üçün Azərbaycanın ən böyük muzeylərinə, o cümlədən Milli İncəsənət Muzeyinə pulsuz giriş təmin edən mədəniyyət proqramı həyata keçirir. Bu proqram məktəblilər, universitet tələbələri, icmalar, habelə Bakıya gələn qonaqlar arasında böyük rəğbət qazanmışdır. Elə bunun nəticəsidir ki, hər gün muzeylərə minlərlə ziyarətçi cəlb edib.
Azərbaycan.- 2015.- 27 oktyabr.- S. 8.