Şəki şəhərində
Bəxtiyar Vahabzadənin ev-muzeyinin
yaradılması və yaşadığı binaya
xatirə lövhəsinin vurulması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, xalq şairi, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin azərbaycançılıq məfkurəsinə sədaqət və tarixi-mədəni dəyərlərə ehtiram aşılayan, istiqlal ideyaları ilə zəngin yaradıcılığı milli ədəbi fikir xəzinəsinə qiymətli töhfə təşkil edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və onun Şəkidə yaşadığı binaya xatirə lövhəsinin vurulması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin;
2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 28 oktyabr.- S. 1.