Bu qatar başqa
idi...
90-ci ilin əvvəlləri xalqımızın tarixinə
şanlı, həm də məşəqqətli illər
kimi həkk olundu. Müstəqilliyimizdən öncə 1990-cı ildə
baş verən qanlı 20 Yanvar, iki il sonra
isə bəşəriyyəti sarsıdan Xocalı
soyqırımının acıları bütün dünyaya
yayıldı. Həmçinin bu illərdə
Qarabağda və ətraf rayonlarda erməni faşistləri tərəfindən
törədilən qırğınlar, yandırılan, talan
edilən yurd yerləri və doğma ocaqlarından didərgin
düşən insanların fəryadı hələ də
qulaqlardadır. Çətin də olsa,
yenicə müstəqillik qazanmış Azərbaycan dövləti
bu ağır günləri arxada qoyub sabitlik həyatına
yenicə qədəm qoymuşdu ki, Bakı Metropolitenində
baş verən şiddətli partlayışlarda yüzlərlə
həmvətənimizin həyatına son qoyuldu.
Bu dövrdə Bakı metrosunda ayrı-ayrı vaxtlarda
iki dəfə erməni terrorçuları tərəfindən
partlayış törədilmişdi. Erməni quldurları
paytaxt Bakıda təxribat yaratmaq və terror törətmək
üçün insanların sıx olduğu metro
stansiyalarını hədəf seçmişdilər.
1994-cü il martın 19-da günorta
saatlarında metronun “20 Yanvar” stansiyasında ilk
partlayış səsləri eşidildi. Saat
mexanizmi ilə təchiz edilmiş qurğunun işə
düşməsi və baş verən güclü
partlayış 14 nəfərin həyatına son qoydu, 50-yə
yaxın insan yaralandı. Onu da qeyd edək
ki, həlak olanların arasında bəstəkar, Xalq artisti
Rafiq Babayev də var idi. Bu terror hadisəsindən
4 ay keçməmiş - iyulun 3-də metronun “28 May” və “Gənclik”
stansiyaları arasında erməni terror təşkilatının
sifarişi ilə növbəti partlayış törədildi.
Təxminən saat 8.30 radələrini göstərəndə
“28 May” stansiyasından “Gənclik”ə yan alan
qatarın ikinci vaqonunda baş verən partlayışda 15-ə
yaxın insan həlak oldu, 58 nəfər isə ağır
yaralandı. Hadisələrin hər ikisinin Ermənistan
terror təşkilatının təlimatçıları və
Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları
tərəfindən törədildiyi elə anındaca müəyyən
edildi. Bu terror əməliyyatlarına
görə Azərbaycan Respublikasının hüquq
mühafizə orqanları tərəfindən bir neçə
nəfər tutulub istintaqa cəlb olundu.
Sözsüz, bu qədər itki, günahsız
insanların qurbana çevrilməsi hər bir azərbaycanlını
göynətmişdi. Sən demə, onları qarşıda
daha ağır və ən dəhşətli metro qəzası
gözləyirmiş. Elə dəhşətli qəza
ki, o qəza insan tələfatına görə dünyada
baş verən metro hadisələrindən ən faciəlisi
olacaqdı, hətta bu qəza “Ginnesin rekordlar kitabı”nda
birincilik “qazanacaqdı”...
1995-ci ilin 28 oktyabrı. Gözəl payız
günlərindən biridir. Ölkədə
yenicə əmin-amanlıq, sabitlik yaradılmış və
sanki xalqımızın yaşadığı
ağrı-acılar, faciələr arxada qalmışdı.
Cəbhə bölgəsindən də
ölüm-itim xəbərləri, demək olar ki, gəlmirdi,
atəşkəs idi. Gözlənilmədən axşam
saatlarında Bakıdan hər yana
yayılan ölüm xəbərləri hamını şoka
saldı. “Qara xəbər tez yayılır”
deyiblər. Təxminən, axşam saat 6 radələrində
Bakı metrosunun “Nəriman Nərimanov” və “Ulduz”
stansiyaları arasında qatarda baş verən yanğın və
yüzlərlə insanın ölüm xəbəri iki
saatdan sonra ölkə hüdudlarını da aşdı.
Metronun
“Ulduz” stansiyasından “Nəriman Nərimanov” istiqamətində
hərəkət edən qatar gözlənilmədən
dayanır və partlayış səsindən sonra
güclü yanğın ətrafa yayılır. Yanğın arxadakı ikinci vaqonda başlasa da,
get-gedə alov və zəhərli tüstü o biri vaqonlara da
keçir. Şüşələri
qırıb pəncərələrdən, qapılardan
çıxan sərnişinlərin bir hissəsi “Nəriman Nərimanov”,
bir hissəsi isə “Ulduz” istiqamətində qaçmağa
çalışır. Ancaq mazutlu tunelin tüstüyə
boyanması və havaçəkmə sistemi qaydasında
olmadığından bura can atanların da əksəriyyəti
həyatını dəyişir. Texniki qəza kimi qiymətləndirilən
hadisədə maşinistin qatarı
platformaya çatdırmadan tuneldə saxlaması xilasetmə
işlərinə ciddi əngəllər yaradır. Digər
tərəfdən də sərnişinlərin kortəbii hərəkət
edərək bir-birini ayaqlaması ölənlərin
sayını bir az da çoxaldır. Hadisə nəticəsində 286 nəfər faciəvi
şəkildə həyatını itirir və təxminən,
o qədər də insan müxtəlif dərəcəli xəsarətlər
alır. 350-yə qədər sərnişin isə bu təhlükəli
qəzadan sağ-salamat xilas ola bilir.
İnsanların
xilas olunmasında yaxından iştirak edən və o zaman
“Ulduz” stansiyasının rəisi vəzifəsində
çalışan (hazırda da həmin stansiyanın rəisidir)
Şaiq Heydərov baş verənləri belə
xatırlayır: “Şənbə günü idi, axşam saat
5-6 arası idi. “Əhmədli”- “Memar Əcəmi” stansiyası
istiqamətində hərəkət edən qatar
“Ulduz” stansiyasına daxil oldu və yola düşəndən
az sonra - 150 metr tunelə girmişdi ki, güclü
partlayış səsi gəldi. Tez bir zamanda məlum oldu ki,
bu, qəzadır və tunelin içində qatarlar od tutub yanır. Kiçik bir fasilədən
sonra stansiyanın və tunelin işıqları da
söndü, çünki yanğın işıq xətlərinə
də keçmişdi. Elə bir vəziyyət
yarandı ki, çoxları vahimədən çölə
qaçdı. 3 nəfər - mən, o
vaxt stansiyada nəzarətçi işləyən
Cümşüd Cəfərov və Akif adında polis nəfəri
sərnişinləri xilas etməyə başladıq. Əvvəlcə 50-yə yaxın insanı
platformaya çatdıra bildik.
Bu zaman
bir zabit yaxınlaşıb bizə kömək etmək istədiyini
dedi. Yanında hərbi geyimdə üç
müdavim də var idi. Elə bil
zamanında Tanrı onları yetirmişdi, köməyə
ciddi ehtiyac var idi. Qəza ikinci yolla gedən
qatarda baş versə də, bu qara geyimli zabit və
müdavimlər birinci yolla, yəni əks istiqamətdə gələn
qatardan düşmüşdülər ki, insanları xilas
etsinlər. Beləcə, biz 5-6 nəfərlə
xilasetməni davam etdirdik. Mənimlə
Cümşüd bir istiqamətdən, həmin zabit,
müdavimlər və polis isə digər tərəfdən
alov qızışana kimi çoxlu sayda sərnişin xilas
edə bildik. Sonra o zabitdən xəbərim
olmadı, sürətlə hərəkət edirdi. Hərəmiz bir tərəfdən stansiyaya
adamları çatdırıb qayıdırdıq. Biz növbəti dəfə yanan qatara
yaxınlaşanda buradakı sərnişinlərin əksəriyyətini
dəhşətli vəziyyətdə gördük. Qalaq-qalaq bir-birinin üstünə yıxlıb
boğulmuşdular, aralarında qoca, cavan, uşaq, qadın -
bir sözlə, hər cür insan var idi. Sonrakı
dəqiqələrdə tüstüdən boğulub
huşsuz vəziyyətdə olmuşam. Təcili
yardımın müdaxiləsindən yarım saat sonra
özümə gəlmişəm. Sonra
bildik ki, sən demə, həmin zabit bugünkü Milli Qəhrəmanımız
Çingiz Babayev imiş”.
Həqiqətən, partlayış zamanı
insanların xilas olunmasında baş leytenant Çingiz Babayev
əvəzsiz xidmət göstərib. O, C.Naxçıvanski adına Hərbi Məktəbdə bölmə
komandirinin müavini vəzifəsində
çalışırdı. Çingiz hadisə
baş verən qatarda olmasa da, öz insanlıq borcunu şərəflə
yerinə yetirdi, zabitlik adını uca tutdu. Həyatı bahasına olsa belə, yüzlərlə
insanı ölümün pəncəsindən xilas etdi.
Hadisə şahidlərinin dediyinə görə, o,
mümkün qədər çox adam xilas
etməyə çalışırdı. Vaqonların
pəncərələrini, döşəmələrini
sındırıb çarəsiz qalan insanları alovun, zəhərli
tüstünün pəncəsindən alıb stansiyaya
daşıyırdı. Nəfəsini dərmədən
növbəti insanların xilası üçün geri
qayıdıb yenidən alovun içinə
atılırdı. O, son nəfəsinə qədər
çalışdı, öz işini uğurla yerinə
yetirdi. Yüzlərlə insan Çingizin əllərində
qaranlıq dünyadan xilas olub bir ömürlük işıqlı
həyat qazandı. Lakin zəhərli tüstü əldən
düşmüş Çingizin və onunla
çiyin-çiyinə qəhrəmanlıq göstərən
C.Naxçıvanski adına Hərbi Məktəbin
müdavimləri - Ruslan İsayev, Samir Məmmədov və
Nicat Səfərovun da həyatına son qoydu. Bununla onların
hər biri ölməzliyin zirvəsinə yüksəlib elin,
obanın, xalqın yaddaşına xilaskar kimi əbədi həkk
olundu...
Hadisə baş verən gün Çingiz hərbi məktəbdən
onu gözləyən ata-anasının yanına - evlərinə
getməli və növbəti gün yenidən işə
qayıtmalı idi. Tale elə gətirdi ki, o, həmin gün
böyüyüb boya-başa çatdığı ünvana
yox, əbədi haqq evinə yollandı. Heç
xidmət etdiyi hərbi məktəbə də
qayıtmadı, lakin o məktəbi keçənlərə
ömürlük örnək oldu. Hər gün onu
işə, oradan evə aparan və heç vaxt dayanmayan
qatarlardan fərqli olaraq, Çingizin ömür qatarı əbədi dayandı.
Elə bu
igidliyinə görə hadisədən bir il sonra ulu öndər
Heydər Əliyevin fərmanı ilə baş leytenant
Çingiz Babayev “Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı, onunla birlikdə həlak olan C.Naxçıvanski
adına Hərbi Məktəbin müdavimləri isə
“İgidliyə görə” medalı ilə təltif olundular.
Çingizin
atası Adil Babayev yeganə oğlunun qəhrəmanlığı
ilə fəxr etdiyini deyir: “Çingiz hələ orta məktəbdə
oxuyarkən idmana, hərb peşəsinə meyilli idi. O öz
bacarığı və səriştəsi ilə həmyaşıdlarından
fərqlənirdi. Universiteti bitirdikdən sonra
istəyinə uyğun olaraq vətəninə hərbçi
kimi xidmət etməyə başladı. Qarabağ
savaşında könüllü iştirak etmişdi və
torpaqlarımızın itkisini özünə dərd edirdi.
Cəmi 31 il yaşasa da, bir ömrə
sığmayan qəhrəmanlıq göstərdi. Ən böyük tapşırığını
isə sonuncu hadisə zamanı yerinə yetirdi”.
Çingiz atasının istəyi ilə Şəhidlər xiyabanında deyil, şəhər qəbiristanlığında dəfn olunub. Atası oğlunun itkisindən sonra yaşaya bilməyəcəyini düşünüb onunla yanaşı öz məzarı üçün də yer qalsın deyə belə bir məkanı seçib. Ancaq nə qədər ağır olsa da, Adil kişi oğlunun itkisi ilə barışıb, bu gün də yaşamağa davam edir. Onu yaşadan, ona təsəlli verən isə oğlunun igidlik göstərərək qəhrəmancasına həlak olması, elin, xalqın yolunda canından keçməsidir.
Bu gün oxuduğu orta məktəbdə və universitetdə portreti asılıb, yaşadığı binanın önündə barelyefi vurulub. Eyni zamanda, “Ulduz” metro stansiyasının girişində heykəli qoyulub, divardan asılmış lövhələrdə onun həyat yolu və qəhrəmanlığı haqqında məlumatlar yerləşdirilib. Xidmət etdiyi C.Naxçıvanski adına Hərbi Məktəbdə isə nümunəvi zabit kimi müdavimlərə onun haqqında geniş məlumatlar verilir.
Qəhrəmanlıqdan, igidlikdən söz düşəndə bəlkə də qeyri-ixtiyari döyüş meydanı, yağı ilə cəng edən igidlər, vətənin müdafiəsi uğrunda canından keçən oğullarımız yada düşür. Amma sən demə, müharibəyə getmədən, silaha sarılmadan, heç yağının bağrını dəlmədən də qəhrəmanlığın ən yüksək pilləsinə ucalmaq mümkün imiş. Bunun üçün cəsur, əzmkar, mərd olmaq, içində vətəninə, millətinə və insanlığa sevgi bəsləmək kifayət edərmiş. Çünki əsl qəhrəmanlar harada, nə zaman lazımdırsa, orada peyda olur, öz şərəfli missiyalarını yerinə yetirib qeybə çəkilirlər. 20 il əvvəl Bakı Metropolitenində baş vermiş dəhşətli partlayış zamanı canını qurban verib yüzlərlə soydaşımızı ölümün pəncəsindən xilas edən baş leytenant Çingiz Babayevin timsalında bunun bir daha şahidi olduq.
Elnur HADIYEV,
Azərbaycan.- 2015.- 28 oktyabr.- S. 7.