“Naxçıvanda
Dədə Qorqud” beynəlxalq elmi simpoziumu keçirilib
Ölkə
Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman
dilinə ilk tərcüməsi və nəşrinin 200
illiyinin qeyd edilməsi haqqında” 2015-ci il 20 fevral tarixli sərəncamı
ilə əlaqədar Naxçıvanda silsilə tədbirlər
həyata keçirilir.
Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvanda Dədə Qorqud” adlı beynəlxalq elmi simpozium öz işinə başlayıb.
İki gün davam edən simpoziumun iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki heykəlini ziyarət etmiş, Heydər Əliyev Muzeyi ilə tanış olmuş, AMEA Naxçıvan Bölməsinin foyesində “Naxçıvanda Dədə Qorqud” adlı sərgiyə baxmışlar.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev simpoziumu açmış, ölkəmizin müxtəlif bölgələrindən, həmçinin xaricdən gələn qonaqları salamlamış və belə bir beynəlxalq tədbirin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, simpoziumda Azərbaycanın tanınmış alim və tədqiqatçıları, həmçinin Türkiyə və İran İslam Respublikasından gələn Qorqudşünas alimlər iştirak edirlər. “Kitabi-Dədə Qorqud” irsinin araşdırılması, onun Naxçıvanla bağlılığı və yaşadılması istiqamətində görülən işlərdən bəhs edən natiq qeyd etmişdir ki, dastanın Naxçıvanla bağlılığı mövzusunda açıq dərslər keçirilmiş, eləcə də “Kitabi-Dədə Qorqud” və Naxçıvan” televiziya filmi çəkilmiş, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının təkmilləşdirilmiş ikinci nəşri hazırlanmışdır.
Plenar iclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Dədə Qorqud ideyaları və müasirlik”, AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun “Dədə Qorqud və Naxçıvan folkloru”, Türkiyənin İqdır Universitetinin dosenti Turqut Öcalın “Kitabi-Dədə Qorqud”da islami mötivlər”, İran İslam Respublikasının Təbriz Universitetinin müəllimi, dosent İbad Məmizadə Ağdaşlının “İranda Dədə Qorqudun tədqiqi və nəşri məsələləri” və AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Kitabi-Dədə Qorqud” dastanı və onun Naxçıvanla bağlılığı” mövzularında məruzələri dinlənilmişdir.
“Kitabi-Dədə Qorqud” dastanları: Ədəbiyyat məsələləri və folklor”, “Kitabi-Dədə Qorqud” dastanları: Dili və tərcüməsi”, “”Kitabi-Dədə Qorqud” dastanları və tarix”, “Kitabi-Dədə Qorqud” dastanları: Tərbiyəvi məsələlər” başlıqlı bölmələrdə keçirilən iclaslarda ümumilikdə 50-ə yaxın elmi məruzə dinlənilmişdir.
Elxan MƏMMƏDOV,
Azərbaycan.- 2015.- 28 oktyabr.- S. 8.