Prezident İlham
Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici
Qurğular Kompleksinin açılışında iştirak
edib
Oktyabrın
28-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici
Qurğular Kompleksinin açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlət başçısına layihə üzrə görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir.
Qeyd olundu ki, əhalinin daha keyfiyyətli içməli su ilə təmin edilməsi, Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərinin içməli suya tələbatının ödənilməsi, Kür sutəmizləyici qurğusunda emal olunan suyun bir hissəsinin Aran və Muğan bölgəsinə yönəldilməsi, eyni zamanda, Ceyranbatan sutəmizləyici qurğusunun üçüncü növbəsinin köhnəlməsi yeni qurğunun inşasını zəruri edirdi. Bununla yanaşı, Taxtakörpü su anbarının və Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi nəticəsində Ceyranbatan gölündə kifayət həcmdə su ehtiyatının yaranması yeni qurğunun xam su ilə təminatına imkan verirdi. Bu məsələ “Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sisteminin Master Planı” layihəsində əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Master Planda 1-ci və 2-ci Bakı, Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı su kəmərlərinin qidalandırdığı ərazilərin şəbəkə sistemlərini əlaqələndirəcək və yeni texnologiyaya əsaslanacaq qurğunun tikilməsi də əksini tapmışdı. Kompleks layihələndirilərkən onun mövcud mənbələrlə əlaqələndirilməsi, hazırda istismar olunan magistral xətlərin təmiri və ya qəzalar zamanı su təchizatında dayanıqlığın təmin edilməsi əsas götürüldü. Mütəxəssislərin apardığı layihə-axtarış və texniki-iqtisadi əsaslandırmalar nəticəsində Ceyranbatan gölünün ehtiyatlarından istifadə etməklə ən son - ultrasüzgəc texnologiyasına əsaslanan təmizləyici qurğunun tikintisi qərara alındı. Layihə-axtarış işləri çərçivəsində Ceyranbatan gölünün bütün göstəriciləri ətraflı təhlil edilərək, gölün dibinin batimetriyası işlənib hazırlandı. 2011-ci il sentyabrın 8-də isə Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan Su Təchizatı İdarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli qoyuldu. Bu da onu göstərir ki, ölkədə su təchizatı infrastrukturunun yaradılması istiqamətində ulu öndər Heydər Əliyevin başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Abşeron yarımadasının hər bir yaşayış massivinin fasiləsiz su ilə təmin olunması istiqamətində mühüm tədbirlər görülür.
Kompleksin ən mürəkkəb hissələrindən biri Ceyranbatan gölündən suyun götürülməsini təmin edən suqəbuledici qurğuların tikintisi olub. Layihəyə əsasən, sugötürücü qurğu və boru xətlərinin bir hissəsi gölün dibində quraşdırılmalı idi. Gölün dibində suyun bulanıqlığının qarşısının alınması üçün xüsusi layihə hazırlandı və sugötürücü boruların qapalı, yəni mikrotunel üsulu ilə quraşdırılmasına qərar verildi. Tikinti-quraşdırma işlərinin etibarlı və təhlükəsiz aparılmasını təmin etmək üçün gölə 400 tonluq xüsusi təyinatlı, həmçinin yedəkçi gəmiləri buraxıldı. Xüsusi təyinatlı gəmi vasitəsilə suyun altında mürəkkəb hidrotexniki qurğuların qısa müddətdə və keyfiyyətlə quraşdırılması təmin edildi. Layihədə göldən lazımi həcmdə suyun götürülməsini təmin edəcək üç iri diametrli kəmər, sugötürücü başlıqlar və bölüşdürücü kamera inşa olundu. Gölün içərisinə doğru hər birinin uzunluğu 454 metr olan üç kəmər çəkildi. Mikrotunel üsulu ilə quraşdırılan xətlərin tikintisində dəmir-beton borulardan istifadə edildi. Sonra əraziyə hazır dəmir-beton özül plitə yerləşdirilərək suqəbuledici başlıqlar onun üzərində quraşdırıldı. Suqəbuledici başlıqlar göldə hər hansı lillənmə baş vermədən quraşdırılıb və 1960-cı illərdə tikilən mövcud sugötürücü qurğunun işinə heç bir maneə yaranmayıb. Burada tikilən subölüşdürücü kamerada toplanan su ultrasüzgəcli qurğuya hər birinin uzunluğu 913 metr olan dörd kəmərlə ötürülür. Bu xətlərin 245 metrlik hissəsi Ceyranbatan gölünü qidalandıran kanalın və mövcud boru xətlərinin altından keçməklə inşa edilib.
Təmizləyici qurğuya ötürülən suyun ilkin təmizlənməsi və onun həcminin müəyyən edilməsi mexaniki süzgəc binasında aparılır. Burada quraşdırılan avtomatik yuyulan torşəkilli süzgəclər suyun tərkibindəki iri hissəcikləri tutmaqla, ilkin təmizləmə prosesini həyata keçirir. Subölüşdürücü kameradan təmizləyici qurğuya çəkilən kəmərlərin hər birinin üzərində ultrasəs prinsipinə əsaslanan sayğaclar quraşdırılıb və onlar emala yönəldilən xam suyun həcmini dəqiq ölçməyə imkan verir. Mexaniki süzgəclərdə ilkin təmizləmədən keçən su 10 min kubmetr tutumu olan xam su anbarına toplanır. Burada quraşdırılmış səviyyəölçən və siyirtmələr daxil olan, eləcə də emala ötürülən suyun həcmini onlayn rejimdə tənzimləyir.
Yeni kompleksin əsas obyekti ultrasüzgəcli sutəmizləyici qurğudur. 5,6 hektar ərazidə yerləşən bu qurğu mürəkkəb geoloji ərazidə inşa olunub. Qruntun xarakteri nəzərə alınaraq burada əvvəlcə bərkitmə işləri aparılıb, sonra dəmir-beton və metal konstruksiyadan ibarət əsas bina inşa edilib.
Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın su təchizatı sistemlərinin yaxşılaşdırılması istiqamətində gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb.
Məlumat verildi ki, xam su anbarından suyun süzgəclərə sabit təzyiqlə ötürülməsini 16 nasos təmin edir. Emal prosesinə verilən su əvvəlcə 200 mikronluq süzgəclərdən keçir, sonra qurğunun əsas təmizləyici modullarında süzülür. Süzgəclərə 4,5 atmosfer təzyiqlə ötürülən su modulların içərisində quraşdırılan 0,02 mikronluq xüsusi süzgəclərdən keçməklə, cəmi 20 saniyədə təmizlənir. Hazırda dünyada azbulanıqlı suların emalı üçün ən səmərəli texnologiya məhz ultrasüzgəcli qurğular sayılır. Membran texnologiyasına əsaslanan belə qurğularda su heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla emal olunur. Belə qurğuların ən böyük üstünlüyü suyun təbii mineral tərkibini saxlamaqla, onu asılı hissəciklərdən - bakteriya, virus, bəzi həll olunmamış duzlar və ağır metallardan təmizləməsi, bulanıqlıq, xoşagəlməz iy və dadın aradan qaldırılmasıdır. Tam qapalı, avtomatik rejimdə təmizlənən suda bulanıqlıq həddi bir litrdə maksimum 0,03 milliqram təşkil edir. Beləliklə, ultrasüzgəclərdə emal edilən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir.
Qurğuda emal prosesinin fasiləsizliyini təmin etmək üçün süzgəclər müəyyən müddətdən bir yuyularaq asılı maddələr və lildən təmizlənir. Süzgəclərin təmizlənməsi geriyuma və kimyəvi dozalama nasoslarının köməyi ilə həyata keçirilir. Proses növbəli rejimdə aparılır, yəni qurğunun bir hissəsində geriyuma və kimyəvi dozalama aparılarkən, digər hissələrdə suyun emalı davam edir. Bu da öz növbəsində, emal prosesinin fasiləsizliyini təmin edir. Qurğuda quraşdırılan 5280 modulun məhsuldarlığı saniyədə 6,6 kubmetrdir. Gələcəkdə əlavə modulların quraşdırılması, eləcə də elektromexaniki sistemin köməyi ilə emal gücünün artırılaraq saniyədə 7,5 kubmetrə çatdırılması mümkündür. Süzgəclərdən çıxan içməli suyun keyfiyyətinə onlayn rejimdə nəzarət olunur. Bu məqsədlə xüsusi analiz panelləri quraşdırılıb ki, onlar suyun keyfiyyət parametrləri barədə siqnalları birbaşa SCADA otağına ötürür. Bununla yanaşı, burada yaradılmış laboratoriyada istər xam suyun, istərsə də emal olunmuş təmiz suyun vacib parametrləri daha dəqiq şəkildə öyrənilir və keyfiyyət göstəriciləri tam nəzarətdə saxlanılır.
Qeyd olundu ki, kompleksdə qurğunu idarə edəcək personal üçün işçi otaqları, tədbirlərin keçirilməsi üçün konfrans zalı da yaradılıb.
SCADA otağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, qurğuda bütün texnoloji proseslər - suyun həcmi, təzyiqi, emalı, hər bir mərhələdə keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması tam avtomatlaşdırılıb və bütövlükdə proses kiçik işçi heyəti ilə SCADA idarəetmə mərkəzindən idarə olunur.
Ultrasüzgəcli təmizləyici qurğuda emal olunan təmiz suyun nisbətən hündürlükdə yerləşən anbara qaldırılması üçün nasos stansiyası tikilib. Suyun optimal paylanması və elektrik enerjisindən asılılığın aradan qaldırılması məqsədilə dəniz səviyyəsindən 118 metr hündürlükdə 50 min kubmetr həcmində anbar kompleksi inşa olunub. Qurğudan anbara qədər 11 kilometr uzunluğunda kəmər çəkilib. Anbar layihələndirilərkən onun Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerası ilə əlaqəsinin yaradılması üçün yeni qaldırıcı nasos stansiyası quraşdırılıb. Bu işlər Ceyranbatan və Oğuz-Qəbələ-Bakı su mənbələrinin alternativ istismarına şərait yaratmaqla, Abşeron yarımadasının içməli su təchizatında etibarlılığın təmin olunmasını şərtləndirib.
Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib. Gələcəkdə Masazır və Binəqədidə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur ki, bunun nəticəsində 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq. Bu da magistral kəmərdə və paylayıcı şəbəkələrdə sabit, dayanıqlı hidravlik rejimin təmin olunmasına, həmçinin qəza və planlı dayanmalar zamanı fasiləsiz su təchizatının aparılmasına imkan verəcək.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin yaradılması layihəsi çərçivəsində, ümumilikdə, 30 kilometr uzunluğunda müxtəlif diametrli boru, 116 nasos, 6 transformator quraşdırılıb, ərazidə yaşıllaşdırma işləri görülüb, 150 minə yaxın ağac və kol əkilib. Kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına dünyanın bu sahədə məşhur ixtisaslaşmış şirkətləri, həmçinin 30-dək yerli podratçı təşkilat cəlb olunub.
Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksini işə saldı.
Dövlət başçısı mərasimdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Bu gün şəhərimizin həyatında çox əlamətdar və tarixi bir gündür. Biz Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. Bundan sonra Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək.
Mən xatırlayıram ki, dörd il bundan əvvəl biz burada bu kompleksin təməl daşını qoyduq. Şadam ki, artıq bu nəhəng infrastruktur obyekti istismara verilir.
Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Biz fəxr edirik ki, bu, Azərbaycanda, Bakıda yaradılıb. Bu kompleksin tikintisi üçün böyük həcmdə dövlət vəsaiti ayrılıb. Əlbəttə ki, bu günə qədər infrastruktur layihələrinin icrası da bu kompleksin işinə öz dəstəyini verir. İlk növbədə, Taxtakörpü su anbarı, Taxtakörpü-Ceyranbatan su kəmərinin tikintisi bu kompleksin fəaliyyətinə, əlbəttə ki, çox müsbət təsir göstərir.
Burada ən müasir texnologiyalar tətbiq olunur. Dünyanın
aparıcı şirkətləri burada öz təcrübəsini
bizimlə bölüşüblər. Kompleksin
istismarı işində də əminəm ki, heç bir
problem olmayacaq və beləliklə, biz bu böyük sosial
layihəni artıq başa çatdırırıq.
Ümumiyyətlə, Azərbaycanda infrastruktur layihələrinin
icrası prioritet məsələdir. Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsas
məqsədi də Bakıda və bütün bölgələrdə
müasir infrastrukturun yaradılmasıdır. Bu istiqamətdə son illər ərzində
çox böyük işlər
görülmüşdür. Demək olar
ki, elektrik enerjisi ilə bağlı bütün problemlər
öz həllini tapmışdır. Biz əvvəlki
illərdə xaricdən elektrik enerjisi alırdıqsa, bu
gün nəinki öz tələbatımızı ödəyirik,
eyni zamanda, xaricə də ixrac edirik. Vaxt var
idi ki, biz qaz idxalı ilə məşğul idik, bizə qaz
çatmırdı. Hazırda
görülən işlər nəticəsində Azərbaycan
nəinki regionda, dünyada qaz ixrac edən ölkəyə
çevrilir. Biz bütün bunları son
illər ərzində əldə etmişik. Kənd yollarının tikintisi, sosial infrastrukturun
yaradılması həm Bakıda, həm bölgələrdə
geniş vüsət almışdır.
Bu infrastruktur layihələrinin içində, əlbəttə
ki, içməli su layihələri xüsusi əhəmiyyət
daşıyır. Çünki içməli su
insanların həyatına birbaşa təsir edən amildir.
Şadam ki, bu gün Bakıda və
bütün bölgələrdə içməli su layihələri
icra edilir. Biz artıq bir çox şəhərlərimizdə
mənim iştirakımla bu layihələrin
açılışlarını etmişik. Hələ ki bəzi rayonlarda işlər davam edir və
qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın
bütün şəhərlərində təmiz içməli
su fasiləsiz və bütün əhaliyə verilsin.
Biz bu məqsədə çatmaq üçün
artıq çox önəmli addımlar atırıq. Bununla bərabər, hər
il mənim sərəncamımla Prezidentin
Ehtiyat Fondundan vəsait ayrılır və ən azı 300
subartezian quyusunun qazılması təmin edilir. Çaylar
boyu yerləşən kəndlərdə modul tipli təmizləyici
qurğular quraşdırılır. Yəni,
biz bu məsələlərə kompleks şəkildə
yanaşırıq və əlbəttə ki, burada əsas
rolu “Azərsu” icra edir. Şadam ki, son illər
ərzində bu sahədə görülən işlər əhali
tərəfindən də yüksək qiymətləndirilir.
Eyni zamanda, biz görürük ki, məsələlər
öz həllini tapmaqdadır.
Əsrlər boyu Azərbaycan və xüsusilə
Bakı şəhəri içməli su problemi ilə
üz-üzə qalmışdır. Bunun təbii səbəbləri
vardır. Əlbəttə, sovet
dövründə böyük işlər
görülmüşdür, Kür su kəməri çəkilmişdir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə böyük infrastruktur layihələri icra
edilmişdir. Ancaq müstəqillik illərinin
ağır şəraiti, xüsusilə 90-cı illərin əvvəllərində
yaranmış çox ağır sosial, iqtisadi və siyasi vəziyyət
imkan vermirdi ki, biz müasir texnologiyaları Azərbaycana cəlb
edək.
Bu məqsədlə çox böyük işlər
görülmüşdür. Bəzi layihələr
xaricdən götürülmüş kreditlər hesabına
icra edilmişdir. Ancaq iqtisadi
gücümüz artdıqca biz bu vəsaiti, ilk növbədə,
insanları ən çox narahat edən problemlərin həllinə
yönəldə bilmişik və bu gün belə gözəl,
nəhəng qurğuların istismara verilməsini qeyd edirik.
Bir daha demək istəyirəm ki, bu kompleksdə
ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən
böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin,
Abşeron rayonunun sakinlərinə xidmət edəcək.
Bax, bu gün xəritədəki mənzərə onu göstərir
ki, uzun illər içməli sudan korluq
çəkən Bakı qəsəbələri bundan sonra bu
təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm
ki, bu, Dünya Səhiyyə Təşkilatının
standartlarına cavab verən içməli sudur.
Əlbəttə, Bakı şəhərinin su təsərrüfatı
daha da sürətlə yeniləşməlidir. Şəbəkə
sistemi hələ ki, bizim standartlarımıza tam uyğun
deyil. Ancaq bu istiqamətdə də işlər
aparılır və əlbəttə, biz hamımız istəyirik
ki, tezliklə bütün şəhərimizdə hər bir
vətəndaş kranı açıb oradan suyu birbaşa
içə bilsin. Artıq biz buna
yaxınlaşırıq və bu qurğunun xüsusi əhəmiyyəti
ondan ibarətdir ki, bizə bu imkanı yaradacaq.
Son illər ərzində görülmüş işlər
nəticəsində Bakıda fasiləsiz içməli suyun
verilməsi təxminən 80 faizə çatmışdır. Bu, əvvəlki
dövrlə müqayisədə çox böyük nailiyyətdir,
ancaq əlbəttə, bizi tam qane edə bilməz.
Bakı kimi müasir, gözəl, inkişafda olan şəhərdə
əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su
ilə təmin edilməlidir. Əminəm ki,
biz buna da nail olacağıq. Buna nail
olmaq üçün isə iqtisadi potensial lazımdır və
biz son illər ərzində apardığımız iqtisadi
islahatlar, düşünülmüş siyasət nəticəsində
iqtisadi imkanlarımızı böyük dərəcədə
artıra bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı
dünya miqyasında bir nümunə kimi göstərilir, hətta
böhranlı illərdə bizim iqtisadiyyatımız
artır, bu il də artacaqdır. Bizim kifayət qədər böyük maliyyə
resurslarımız vardır, onlardan qənaətlə istifadə
edirik, ölkəyə, xalqa lazım olan bu kimi layihələrə
yönəldirik. Əlbəttə, iqtisadi
inkişaf gələcəkdə də bizə imkan verəcək
ki, bu günə qədər həllini tapmamış layihələr
icra edilsin. Onların içində əlbəttə
ki, ilk növbədə, içməli su layihələridir.
Çünki qeyd etdiyim kimi, elektrik enerjisi ilə
bağlı problemlər demək olar ki, həll olunub. Generasiya gücümüz tələbatdan
artıqdır. İndi şəbəkələrdə
işlər gedir, yeni qurğular quraşdırılır.
Bakıda, bütün şəhərlərdə
qazlaşdırma 100 faizdir. İndi kəndlərdə
də, - kəndlərin haradasa 50 faizi
qazlaşdırılıb, - bu istiqamətdə hələ
işlər görüləcək. Azərbaycanda
ümumi qazlaşdırma 90 faizə yaxınlaşır.
Belə olan halda növbəti illərdə içməli
su, kanalizasiya layihələrinin davam etdirilməsi, başa
çatdırılması əsas prioritet məsələ
olacaqdır və gələn ilin investisiya proqramında da bu
məqsədlər üçün kifayət qədər
böyük vəsait nəzərdə tutulmalıdır. Çünki
nəinki Bakıda və böyük şəhərlərdə,
hər bir yaşayış məntəqəsində təmiz
içməli su olmalıdır. Təmiz
içməli su sağlam həyat deməkdir.
Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı
dayanır. Azərbaycanın çox güclü
düşünülmüş sosial siyasəti vardır və
insan amili bu siyasətin mərkəzində dayanır.
İnsan sağlamlığı üçün əsas
şərt təmiz içməli sudur. Biz bunu həll
edirik. İkinci əsas şərt təmiz
havadır. Bunu da həll edirik. Bakıda görülmüş işlər nəticəsində
ekoloji vəziyyət böyük dərəcədə
yaxşılaşıb. Vaxtilə
Balaxanı zibilxanasından qalxan tüstü şəhərin
böyük hissəsini əhatə edirdi. İndi nəhəng, müasir zibilyandırma
zavodunun inşasından sonra artıq bu problem aradan
götürülüb. Artıq
Balaxanı zibilxanası adlı yer yoxdur. Orada
indi texnopark yaradılır, ərazi
abadlaşdırılır, bax, bu ərazidəki kimi
ağaclar əkilib. Dörd il bundan əvvəl
mən burada olanda heç bir ağac yox idi. İndi
böyük bir meşə salınıb. Böyükşor
gölü ekoloji təhlükə mənbəyi idi. Onun yanında dayanmaq mümkün deyildi. Adam üfunətdən boğulurdu. İkinci Dünya müharibəsi zamanı hətta
ondan açıq neft anbarı kimi istifadə edirdilər.
Ondan sonra, lay, kanalizasiya suları,
bütün axıntılar oraya tökülürdü.
Böyükşor gölünün reabilitasiyası,
abadlaşdırılması layihəsinin birinci hissəsini
biz cəmi bir il ərzində həll
etdik. Gölün 300 hektarı indi tam təmizlənib,
bir kilometrdən də çox uzunluğu olan böyük
bulvar salınıb, bənd tikilib və işlər davam
etdirilir. Bir daha demək istəyirəm,
vaxtilə onun yanında dayanmaq mümkün deyildi. İndi isə gölün üzərinə
köçəri quşlar qonur. Bax, budur
bizim yanaşmamız. Biz bunu nə
üçün edirik, niyə bu qədər vəsait xərcləyirik?
Ona görə ki, Bakıda ekoloji vəziyyət
yaxşılaşsın, insanlar daha da rahat yaşasınlar,
çoxlu ictimai yerlər yaradılsın, ekoloji problem yaradan
yaranı sağalda bilək.
Böyükşor gölünün
reabilitasiyasının ikinci mərhələsi həyata
keçiriləcək və beləliklə, Bakıda
çox gözəl, böyük, haradasa 700-800 hektar sahədə
göl yaradılacaqdır. Gələcəkdə
o gölün ətrafında yaşayış yerləri, yeni
parklar da salınacaq. Yəni, o ölü
bir yeri biz insanlar üçün diriltdik və dirildirik.
Zığ gölü də yaxın zamanlarda təmizlənəcək.
O ərazini də tamamilə
yaşıllaşdıracağıq və əhalinin sərəncamına
verəcəyik. Bir daha deyirəm, biz bunları ona görə
edirik ki, buna ehtiyac var. Bizim böyük problemlərimiz ondan
ibarətdir ki, 100 ildən artıqdır Bakıda neft sənayesinin
yaratdığı fəsadları aradan götürməliyik.
Bibiheybət neft mədənləri - o bir ekoloji
fəlakət mənzərəsi idi. Adam
ona baxanda dəhşətə gəlirdi. İndi ora
baxanda adam gözəl, abad mənzərə,
ağaclar, parklar görür. Orada su idmanı
kompleksi tikilib, birinci Avropa Oyunlarının
yarışlarının bir hissəsi orada keçirilib,
bulvar, qazonlar, parklar salınıb. Hətta
indi buruqlara o qədər gözəl xidmət göstərirlər
ki, onlar da artıq gözəl mənzərənin bir elementlərinə
çevrilib.
Bakıda vaxtilə fəaliyyət göstərən yod
zavodu böyük bir təhlükə mənbəyi idi. Artıq bu
zavod oradan köçürüldü, bütün lazımi
tədbirlər görüldü və bu təhlükə mənbəyindən
də insanların canını qurtara bildik. Ona görə, içməli su layihəsi bax, bu
istiqamətdə görülən işlərin tərkib hissəsidir
və bilavasitə insanların sağlamlığına təsir
göstərən amildir.
Yenə də deyirəm, Azərbaycanda son vaxtlar ərzində
güclü sosial siyasət sayəsində insanların
ömrünün uzunluğu artır. Bu, gözəl
göstəricidir. Diaqnostika aparılır, hər il dispanserizasiya keçirilir, milyonlarla insan
bütün ölkə üzrə pulsuz müayinədən
keçir və onlar müalicə edilir. İçməli
su, təmiz hava, sağlam ərzaq məhsulları, sağlam
qida - bizim prioritetlərimiz bax bunlardır. Ona görə, bu, çox böyük sosial layihədir,
çox böyük infrastruktur layihəsidir və biz bunu icra
edirik. Mən çox şadam ki, bu gün
Azərbaycan bu istiqamətdə də dünyada birincidir.
Son illər ərzində iqtisadi inkişaf templərinə
görə dünyada bizə bərabər ikinci ölkə
yoxdur. Vaxtilə paxıllar, bəzi dairələr, bizim
işimizə kölgə salmaq istəyənlər
uğurlarımızı neftlə bağlayırdılar.
İndi neftin qiyməti iki dəfədən də
aşağı düşüb, amma biz yenə də
inkişaf edirik, yenə də nümunə göstəririk.
Bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesi
10 faizdən çox artmışdır. Ümumi
daxili məhsul təxminən 4 faiz, qeyri-neft sektoru təxminən
6 faiz artmışdır. Bu qurğunun
istifadəyə verilməsində də biz liderlik göstərmişik.
Heç bir başqa ölkədə bu
böyüklükdə və bu səviyyədə təmizləyici
qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan
edə bilər və edir. Gələcəkdə
bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik
və əminəm ki, 2018-ci ildə başa çatması
gözlənilən üçüncü regional inkişaf
proqramının icrası nəticəsində Azərbaycanda
bütün əsas infrastruktur layihələri icra ediləcək.
İnsanlar daha da yaxşı, daha rahat, təhlükəsizlik,
əmin-amanlıq, rifah içində yaşayacaqlar.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə
təbrik etmək istəyirəm. “Azərsu”nun işçilərini
təbrik etmək, öz minnətdarlığımı
bildirmək istəyirəm ki, onlar bu böyük işləri
görürlər. Bakının və
Abşeron rayonunun bütün sakinlərini təbrik edirəm
ki, nəhayət, bu məsələ də öz həllini
tapdı. Sizi bir daha təbrik edirəm,
yeni uğurlar arzulayıram.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.-
2015.- 29 oktyabr.- S. 7.