Prezident İlham
Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
29-da Misir Ərəb Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Suzanne Mohamed Gamilin etimadnaməsini qəbul edib.
Səfir Suzanne Mohamed Gamil fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Suzanne Mohamed Gamil etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Prezident
İlham Əliyev ölkələrimiz arasında
müxtəlif səviyyəli
qarşılıqlı səfərlərin
son vaxtlar daha fəal şəkildə həyata keçirilməsinin
önəmini qeyd edərək bu təmasların əməkdaşlığımızın
çox müsbət
göstəricisi olduğunu
dedi. Ölkələrimiz arasında ikitərəfli
əlaqələrə toxunan
Prezident İlham Əliyev bu əlaqələri irəli
aparmaq üçün
prioritetlərin dəqiq
müəyyənləşdirilməsinin vacibliyini qeyd etdi, iki ölkə
arasında qarşılıqlı
ticarətin səviyyəsinin
artırılacağına ümidvar olduğunu bildirdi. Azərbaycanın Misir ilə
əlaqələri bütün
sahələrdə inkişaf
etdirməkdə maraqlı
olduğunu deyən dövlətimizin başçısı
enerji və təhlükəsizlik sahələrində
əməkdaşlıq üçün
də yaxşı potensialın olduğunu qeyd etdi. Ölkələrimizin yerləşdiyi regionlardakı
vəziyyətə toxunan
Prezident İlham Əliyev hazırda təhlükəsizliyin bütün
dünyada gündəlikdə
duran ən vacib məsələlərdən
biri olduğunu vurğuladı. Beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıqdan danışan
dövlətimizin başçısı
Azərbaycan ilə Misirin daim bir-birini
dəstəkləməkdə davam edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev
səfirə ölkəmizdəki
diplomatik fəaliyyətində
uğurlar arzuladı.
Səfir Suzanne Mohamed Gamil Misir Ərəb
Respublikasının Prezidenti
Əbdülfəttah əs-Sisinin
salamlarını dövlətimizin
başçısına çatdırdı. Ölkəmizə
səfir təyin olunmasından məmnunluğunu
ifadə edən
Suzanne Mohamed Gamil Azərbaycan
ilə Misir arasında dost və qardaş münasibətlərinin
mövcud olduğunu dedi, ölkəsini beynəlxalq təşkilatlarda
daim dəstəklədiyinə
görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını
bildirdi. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevi böyük insan və əsl
lider kimi ehtiramla xatırlayan səfir Suzanne Mohamed Gamil Ulu Öndərin qısa zaman ərzində dövlət
quruculuğu sahəsində
əldə etdiyi nailiyyətlərin xalqımız
tərəfindən yüksək
qiymətləndirildiyinin daim
şahidi olduğunu dedi. Səfir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi
məsələsində ölkəsinin
hər zaman Azərbaycana dəstək
nümayiş etdirdiyini
vurğuladı.
Dövlətimizin başçısı İlham Əliyev Prezident
Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Misir
Ərəb Respublikasının Prezidentinə
çatdırmağı xahiş etdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 30 oktyabr.- S. 1.