Mədəniyyət və Turizm naziri Ağsuda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü oktyabrın 29-da Ağsu şəhərində olub.

AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri rayon Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.

Əvvəlcə nazir Ə.Qarayev mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla anıb.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət ocaqlarının fəaliyyəti, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Şamaxıdan qəbula yazılan vətəndaşlar rayon ərazisində kompleks şəklində arxeoloji qazıntı işlərinin aparılması, bölgədə turizmin müxtəlif növləri üzrə bələdçilik xidməti göstərən şəxslər üçün təlimlərin keçirilməsi ilə bağlı müraciətlər ediblər.

Qəbələ sakinlərinin müraciətləri mədəniyyət müəssisələri və klubların tarixi və əlamətdar günlərə aid metodiki vəsaitlərlə təminatı, ölkəmizin görkəmli ədibləri, sənət adamları ilə görüşlərin təşkili, rəsm qalereyasında tanınmış fırça ustaları tərəfindən ustad dərslərinin, incəsənət məktəbində Bakı məktəblərinin təcrübəli müəllimlərinin açıq dərslərinin təşkili, eləcə də Vəndam və Nic qəsəbələrində incəsənət məktəbinin filiallarının yaradılması barədə olub.

İsmayıllı sakinləri mədəniyyət işçilərinə fəxri adların verilməsi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində regional mərkəzin yaradılması, uşaq incəsənət məktəbi binasının inşası ilə bağlı xahişlərini diqqətə çatdırıblar.

Ağsu sakinlərinin müraciətində rayondakı Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasının yenidən qurulması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana fondlarının yeni nəşrlərlə təminatı, uşaq musiqi məktəbində ixtisaslı kadrların çatışmazlığı, nəzəriyyə dərslərinin keyfiyyətinin artırılması məsələləri səsləndirilib.

Ağsu, Qobustan və İsmayıllı rayonlarından daha bir neçə vətəndaş işlə təminat və digər sosial məsələlərlə bağlı nazirə müraciət ediblər.

Qəbula gələn vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

 

Azərbaycan.- 2015.- 30 oktyabr.- S. 3.