İkili standartın ağır nəticəsi
Zəngilandakı
qədim tarixi abidələrimiz də 22 ildir xəzan ömrü
yaşayır
Abidələr, qalalar zamanın, dövrün daşlaşmış səhifələri kimi “danışan tarix”ə çevrilir, dünəndən - minilliklərdən soraq verir. Bu mənada hər bir xalqın varlığını sübut edən tarixi yadigarlar içərisində abidələrin özünəməxsus yeri və rolu var. Çünki onların meydana gəlməsinə qədər əsrlər keçib. Çoxəsrlik tarixi keçmişdən yadigar qalan mədəniyyət abidələrinin mühafizəsi isə beynəlxalq əhəmiyyət kəsb edir.
Tədqiqatlar təsdiqləyib ki, Azərbaycan bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazisində yerləşir. Ulularımız çox dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar ki, onlar respublikamızın hər yerində qeydə alınmışdır. Bu abidələr hər bir xalqın və ya millətin tarixi, mədəniyyəti, bir sözlə, keçdiyi inkişaf yolunun bariz sübutudur. Maraqlıdır ki, Azərbaycan ərazilərində belə abidələrin sayı həddən artıq çox olub və onların yaşı əsrlərlə hesablanır. Ölkəmizə səfər edən səyyahlar bu abidələrə heyranlıqlarını gizlədə bilməmiş və dəfələrlə öz xatirələrində qeyd etmişlər.
Tarixin daşlaşmış mədəniyyət və dini abidələri ölkəmizin hər guşəsində var. Təəssüf ki, ərazilərimzin Ermənistan tərəfindən işğalı nəticəsində onların böyük hissəsi dağıdılmış, yaxud saxtalaşdırılaraq “erməniləşdirilmişdir”. Belə bölgələrdən biri də Zəngilandır ki, özünəməxsus tarixi keçmişə malikdir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün qədimi ornamenti ilə seçilən onlarla türbə vardı. Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilirdi ki, ətrafında orta əsr qəbiristanlığı yerləşirdi. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (759 h. - 1358) məzarı vardı. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrü XIII-XIV əsrlərə gedib çıxırdı. Bu ərazilərdə həmin əsrlərə aid sənduqə, başdaşı formalı qoç, at heykəlli qəbir daşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə xalqımızın həyat və məişətinin müxtəlif tərəflərini əks etdirir, toponimika, xalq təbabətinə, etnogenez məsələlərə aydınlıq gətirir, orta əsr mədəni həyatımıza dair bir sıra məsələləri işıqlandırırdı.
Məmmədbəyli kəndindəki türbənin giriş qapısının üstündə nəsx xətti ilə yazılmış ərəbcə kitabə vardı. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi qeyd edilirdi. Kitabədəki mətnə görə, o, Yəhya ibn Məhəmməd əl-Həcc Seyid Əlinin türbəsi idi.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar, burada 1974 və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkərə çayı yuyub aparmışdır. Şəhər qalığının ərazisi 9 hektara yaxın təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərbdən dağ silsiləsi, şərqdən Həkərə çayının sıldırım sahili ilə əhatə olunmuşdu.
Şərifanda aparılan qazıntılar zamanı xeyli miqdarda maddi-mədəniyyət qalıqları aşkar edilib. Arxeoloji materiallara əsasən, şəhər tipli yaşayış məskəni olan Şərifan XIV əsrdə salınıb və XVII əsrə kimi burada intensiv yaşayış olub.
Rayonun zəngin bitki örtüyü, çaylardan, sal daş-qayalardan ibarət təbii qala-mağaralar bu ərazilərin qədimliyini, yəni ilk insan yaşayış məskənləri olmasını təsdiqləyirdi.
Təəssüflə qeyd edilməlidir ki, Zəngilanla bağlı vaxtilə yetərincə tədqiqat aparılmayıb, lakin 1976-cı ildə tarix elmləri doktoru Rəşid Göyüşov və Aləm Nuriyev tərəfindən Şəhri-Şərifan adlı qədim şəhər öyrənilmiş, burada bir sıra qiymətli maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.
Zəngilan dağıdıcı, viranedici müharibələrə, təbii fəlakətlərə məruz qalsa da, 1993-cü il oktyabr ayının sonuna, yəni erməni vandalları tərəfindən işğalına qədər ərazisində tarixi, arxeoloji, etnoqrafik, memarlıq abidələri və təbii sərvətlər öz varlığını qoruyub saxlaya bilmişdi.
Zəngilan rayon 21 saylı tam orta məktəbin müəllimi İsa Musayevin dediklərindən: “...Zəngilan Azərbaycanın qərb qurtaracağında, Araz çayından şimalda yerləşir. Rayon müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalıb. Rusiyanın işğalı zamanı, 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərb tərəfi Naxçıvan, şərq tərəfi isə Qarabağ xanlığının tərki-binə daxil olub.
Rayonun ərazisində xeyli maddi-mədəniyyət abidələri var idi ki, onların da 1993-cü ildən sonra salamat qalmasına güman yoxdur. Çünki Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törədilmiş vandallıq bunu söyləməyə əsas verir.
Erməni silahlı birləşmələrinin işğalı nəticəsində, təqribi hesablamalara görə, rayona 1 milyard 390 milyon ABŞ dolları məbləğində zərər dəymiş, çox qiymətli abidələr dağıdılmışdır. Bartaz və Keçikli kəndində VI-VII əsrlərə aid olan “Şukrataz” və “Əsgulum” qalaları, XIII-XIV əsrlərin yadigarı Bartazdakı “Xanazur”, Malatkeşin ərazisində yerləşən “Dağdağan” və Gəyəlinin pirləri, Zəngilan şəhərində XVIII əsrə aid 1 məscid, Tağlı qalası, Pircivan dəvə piri, Səgülüm qalası mövcud olmuş, rayonun minillik tarixini əks etdirən zəngin arxeoloji tapıntılarla təchiz edilmiş Dövlət Muzeyi, Gilətağ ərazisində XVI-XVII əsrlərə aid, Sarı Aşıqla bağlı Günəş abidə piri, Rəzdərədəki Alban türbə kompleksi, IX əsrə aid Rəzdərə kənd məscidi, XII əsrdən qalma Top korpusu, Yol piri, Qız qalası kimi tarixi, mədəni və dini abidələrimiz erməni şovinizm siyasətinin qurbanlarına çevrilmişdir. Zəngilan uğrunda döyüşlərdə yüzlərlə zəngilanlı şəhid olmuş, onlardan ikisi - Əsgərov Əsəd Soltan oğlu və Nuriyev Elnur Eyvaz oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür”.
Zəngilanın ərazisindəki tarixi abidələr yalnız yuxarıda adları sadalanan deyil. Hacallı kəndindəki dairəvi bürc, Məmmədbəylidəki səkkizguşəli türbə (1304-1305), Yenikənddə ziyarətə çevrilmiş XIV əsr türbəsi məhz dediklərimizə bariz nümunələrdir.
Rayonun Yeməzli kəndi yaxınlığından tapılmış küp qəbirlərdəki muncuq, sikkə və bülöv daşlar e.ə. IV-II əsrlərə aid edilmişdir. Bu ərazilərdə İslamdan əvvəl xristian dini yayılmışdı. Araz çayının sol sahilindəki Bartaz kəndi yaxınlığında, Xanəzir pirinin 100-150 metrliyində, meşənin dərinliklərindəki bir hissəsi uçub dağılmış alban kilsəsinin divarlarının qalınlığı 1,5 metrə çatırdı. Rayonun Qarababa kəndindəki alban abidəsi də sanki eyni memarın əsəri idi.
Həmdullah Qəzvini Xudafərin körpüləri barədə yazırdı: “Araz çayı üzərində, Zəngilan yaxınlığındakı (on bir aşırımlı) körpü hicri tarixi ilə 15-ci ildə (636) Məhəmməd Peyğəmbərin yaxın adamlarından hesab olunan Bəkir-ibn Əbdüllah tərəfindən salınmışdır. Buna görə də “Xuda-Afə-rin”, yəni “Allah yaratmış” körpü adlanır”.
...Belə abidələrin dağıdılması vandalizm siyasəti yürüdən daşnakların xalqımızın mənəviyyatına və tarixinə vurduğu elə bir zərbədir ki, həmin yaralar min illər boyu sağalmır. Axı, hər tarixi, dini və mədəni abidə əsrlərin yadigarıdır.
Beynəlxalq humanitar təşkilatların Ermənistanın təcavüzkarlığa son qoyması üçün heç bir konkret tədbir görməməsi isə onların hələ də ikili satandartlı siyasət yürütmələrinin təsdiqidir.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2015.- 30 oktyabr.- S. 11.