Səhiyyənin müasirləşdirilməsi dövlətin sosialyönümlü siyasətində mühüm yer tutur

 

Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması bu gün Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Bu istiqamətdə ardıcıl olaraq reallaşdırılan islahatların nəticəsi kimi son illər ölkədə səhiyyənin maddi-texniki bazası yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.

Dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artırılması ölkədə əhalinin sağlamlığı ilə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Biz artan iqtisadi imkanlarımızı ilk növbədə sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik” - deyən ölkə Prezidenti İlham Əliyev hər zaman bu sahələrin problemlərinin kompleks həlli istiqamətində mühüm addımlar atmışdır. Son 10 ildə Azərbaycanda səhiyyə xərcləri 6,7 dəfə artmışdır. Əgər 2005-ci ildə səhiyyəyə 115 milyon 300 min manat ayrılmışdısa, 2010-cu ildə bu rəqəm 479 milyon, 2015-ci ildə isə 777 milyon 300 min manat olmuşdur.

Səhiyyəyə göstərilən yüksək diqqətin nəticəsi olaraq bu sistemdə daha keyfiyyətli, çevik xidmət infrastrukturunun təşkili məsələləri xüsusilə diqqət mərkəzində saxlanılır, “proqram maliyyələşməsi” prinsipinin tətbiqi bir sıra xəstəliklərin profilaktikasına, eləcə də dövlətin vətəndaşlara göstərdiyi tibbi yardımın keyfiyyətcə yaxşılaşmasına imkan vermişdir. Bu illər ərzində “Qanın, qan komponentlərinin donorluğuqan xidmətlərinin inkişafına dair Dövlət Proqramı”, “Hemofiliyatalassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı”, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”, “Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, “Ana və uşaqların sağlamlığının qorunması haqqında Tədbirlər Proqramı” və s. hazırlanaraq uğurla icra edilməkdədir. Büdcədən səhiyyəyə ayrılan məbləğin məhz böyük bir qismi konkret olaraq belə proqramların tətbiqinə yönəldilmişdir. Onların əksəriyyəti həyatları dərmandan və tibbi yardımdan asılı olan ən ağır xəstələr kontingentini əhatə edir. Hazırda bütün onkoloji xəstələrin müalicəsi ilə bağlı həyata keçirilən proqrama görə əvvəllər bahalı dərman almaq məcburiyyətində qalan insanlar indi şiş əleyhinə həyati vacib preparatlarla tam həcmdə dövlət hesabına təmin olunurlar. Xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən insanların 95 faizinin hemodializlə bağlı bütün xərcləri dövlət tərəfindən ödənilir. Proqram çərçivəsində ölkədə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə daimi müalicə qəbul edir. Bunun sayəsində onların ömrü uzanır, ölüm göstəricisi azalır. Bu mərkəzlərin 26-sı bölgələrdə yerləşir və pasiyentlərin yarıdan çoxu Bakıya gəlmək məcburiyyətində qalmır, müalicələrini yaşadığı yerdə alırlar. Bundan başqa, belə xəstələrə hazırda dializlə yanaşı, böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Doqquz ay ərzində 62 nəfərə böyrək köçürülüb. Bu gün Azərbaycanda hər növ orqan köçürülməsi əməliyyatı aparılmış 653 nəfər var və dövlət onların hamısının dərmanla təminatını öz üzərinə götürüb. Təbii ki, belə əməliyyatların icrası güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrları sayəsində mümkün olub. Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 11 nəfərə qaraciyər köçürülmüş, 55 xəstəyə endoprotezləşmə əməliyyatı həyata keçirilib. Minlərlə xəstədə, o cümlədən 391 uşaqda kardiocərrahiyyə əməliyyatları aparılıb. Bu isə uşaq ölümünün azalması deməkdir.

Dövlət proqramları çərçivəsində diabetlə mübarizədə də müəyyən işlər aparılmışdır. 200 mindən çox şəkərli diabet xəstəsi illər boyu, daim dövlət hesabına bütün lazımi dərmanları alır. Əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə verilir.

Vaxtilə insanlara həm tibbi, həm də maddi cəhətdən çox böyük problem yaradan B və C viruslu hepatit də ötən ildən başlayaraq dövlət hesabına müalicə olunur. Hazırda 1529 belə xəstə müalicə kursu alır.

İrsi qan xəstəlikləri ilə mübarizədə də böyük nailiyyətlər var. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi ölüm təhlükəsi ilə üzləşən xəstələrə, əsasən də uşaqlara həyatlarını davam etməkdə imkan yaradır. 2015-ci ildə bu səhiyyə ocağına 15 mindən çox müraciət olunub. Hazırda 2500-dən artıq xəstə həmin mərkəzdə daimi müalicə alır. Talassemiya Mərkəzində sümük iliyi transplantasiyası əməliyyatları da həyata keçirilir. Azərbaycanda 22 uşağa sümük iliyi köçürülüb.

Ölkə başçısının təşəbbüsü ilə qəbul olunan daha bir qanun talassemiyanın profilaktikası baxımından xüsusi əhəmiyyət daşıyır. İyun ayının 1-dən ölkəmizdə nikaha daxil olan hər kəs tibbi müayinədən keçir. Dörd ay ərzində artıq 52 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3730 nəfər talassemiya daşıyıcısı aşkar edilib.

Anauşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması da dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının, həmçinin yeni doğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, yoluxucu xəstəliklərin immuno profilaktikası proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olmuşdur. Respublikada həyata keçirilən bu tədbirlərin nəticəsində bu kateqoriyalı kontingentin sağlamlıq göstəricilərində müsbət dinamika müşahidə edilir.

Ötən ildən etibarən beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olaraq bu sahədə yeni diri doğulma meyarları qəbul edilib. Bu gün Azərbaycan səhiyyəsi imkan verir ki, vaxtından xeyli tez, hətta 600 qram çəki ilə doğulan körpələrin həyatı uğrunda mübarizə apara bilsin. Bir neçə il əvvəl hər belə körpənin xilası möcüzə idi. İndi isə ilin əvvəlindən az çəkili, yəni, 1000 qramdan az çəki ilə doğulmuş 202 yeni doğulmuşdan 80-ni xilas etmək mümkün olub.

Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkədə xeyli sayda perenatal mərkəzlərin yaradılması, respublika uşaq xəstəxanasının, Bakı şəhəri

2 və 3 nömrəli kilinik uşaq xəstəxanalarının, uşaq nevroloji xəstəxanasının əsaslı təmiri, bərpası və yeni avadanlıqlarla təchiz olunması, uşaq onkologiyauşaq kardio-cərrahiyyə mərkəzlərinin, Elmi-Tədqiqat Pediatriya İnstitutunun nəzdində Uşaq Konsultasiya Mərkəzinin, erkən yaşlı uşaqların cərrahiyyə şöbəsinin, uşaq hematologiya şöbəsinin yaradılması, bir çox rayonlarda yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir. Son bir neçə il ərzində Bakı şəhərində yerləşən bütün uşaq poliklinikaları əsaslı təmir edilərək müasir tibb avadanlığı ilə təmin olunmuşdurlar.

Respublikada vərəmlə mübarizə sahəsində də əhəmiyyətli işlər görülmüşdür. Xəstəliyin diaqnostikasının yaxşılaşdırılması, pasiyentlərin aktiv müalicəyə cəlb olunması, genişmiqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin sabitləşməsinə nail olunmuşdur. Bununla yanaşı, xəstəlikdən ölüm göstəricisi 2003-cü ildə hər 100 min nəfərə 10,1 idisə, 2012-ci ildə 4-ə enmişdir. İndi isə bu rəqəm xeyli azalmışdır.

Ölkə Prezidentinin tapşırığı ilə hər bir Azərbaycan vətəndaşının ildə bir dəfə müayinədən keçməsi işiuğurla davam etdirilir. Bu il ölkə üzrə 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon 695 min uşaq müxtəlif müayinələrə cəlb olunub.

Səhiyyə xidmətinin keyfiyyətli həkim kadrlarla təminatı da mühüm məsələlərdən biridir. Ulu öndər Heydər Əliyevin bu məqsədlə ötən əsrin 80-ci illərində yüzlərlə gəncin keçmiş SSRİ-nin ən qabaqcıl ali tibb təhsili müəssisələrinə oxumağa göndərilməsi xüsusi qeyd edilməlidir. Yüksək ixtisaslı tibb kadrları hazırlayan belə ali məktəblərdən biriİ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universiteti idi. Bu gün Azərbaycanın dünyada artan nüfuzu sayəsində həmin ali məktəbin ilk və yeganə filialı Bakıda fəaliyyət göstərir.

Xüsusi vurğulamaq lazımdır ki, səhiyyə layihələrinin uğurla həyata keçirilməsində Heydər Əliyev Fondu da yaxından iştirak etmişdir. Yüzlərlə Azərbaycan vətəndaşının müxtəlif xəstəliklərdən müalicə olunmaq üçün xarici ölkələrin nüfuzlu klinikalarına göndərilməsi, on minlərlə insana pulsuz tibbi yardım göstərilməsi, Bakıda və respublikanın digər regionlarında aparılan çətin cərrahiyyə əməliyyatları sayəsində minlərlə körpə və yaşlı insanın həyata qaytarılması da fondun sırf səhiyyə sahəsində gördüyü işlərin yalnız müəyyən bir hissəsidir. Bu qurum nəinki Azərbaycanda, ümumən bütün dünyada yaşayan soydaşlarımızın müalicəsi ilə bağlı problemlərinə fəal şəkildə kömək göstərir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milləti yoxdur!”, “Sağlam olmağını yəqin et, xəstəliyə “Yoxde!”, “Əmin ol ki, sağlamsan!”, “Onkoloji xəstəliklərin milliyyəti yoxdur!”, “Gənclər QİÇS və narkomaniyaya qarşı” devizi altında həyata keçirilən aksiyalar bu qəbildəndir. Həmin aksiyalar pasiyentlərin pulsuz müayinəsinə, gənc həkimlər arasında təcrübə mübadiləsinin aparılmasına böyük kömək göstərir.

Ötən ilin sonunda vətəndaşların müraciətlərinə dərhal reaksiya verilməsi ilə bağlı Elektron Səhiyyə Mərkəzi fəaliyyətə başlayıb. Bu, bir növ Səhiyyə NazirliyininAsan xidmət”i funksiyasını yerinə yetirən mərkəz kimi onların problemlərini rahat və qısa müddətdə həll etməyə imkan verir. Doqquz ay ərzində mərkəzə 22 min insan müraciət edib.

Bu il uğurla aparılan işlərdən biri də dərmanların əsassız qiymət artımının qarşısını almaqla bağlı olmuşdur. Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlanıb tətbiq olunur. Buraya həm aptek şəbəkəsinə nəzarətin gücləndirilməsi, həm satılan malların qiymətinin uyğunluğuna, həkimlərin təyinatlarına nəzarət, həm də təlimlərin keçirilməsi daxildir. İndiyə kimi Tarif Şurası 2183 dərman vasitəsinin qiymətini təsdiqləyib və onların da qiyməti aşağı salınıb. Ölkə Prezidentinin bu təşəbbüsü əhali arasında böyük razılıqla qarşılanıb.

Ötən 10 ildə tibbi xidmətin müasir tələblər səviyyəsində qurulması, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində bir çox tədbirlər diqqət mərkəzində saxlanılmışdır. Prezident İlham Əliyev tərəfindən yeni tələblərə cavab verən səhiyyə müəssisələrinin tikilməsi, mövcud tibb ocaqlarının təmiri və yenidən qurulması məqsədilə böyük əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalanmışdır. Həmin sərəncamlarda, xüsusilə bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi - yeni xəstəxanaların, poliklinikaların inşası, mövcud səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində təmiri və bərpa olunması, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı məsələləri geniş əksini tapmışdır. Son 10 ildə Azərbaycanda 586 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Təkcə bu ilin 9 ayı ərzində 10-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. O cümlədən, onların 3-ündə - Mingəçevir, GöyçayUcar mərkəzi xəstəxanalarının açılışında dövlət başçısı şəxsən iştirak edib. Hazırda Ağsu, Masallı, Biləsuvar, Qazax, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyükçoxprofilli tibb müəssisələrinin tikintisi davam etdirilir. Aparılan işlər sayəsində ölkəmizin səhiyyə ocaqlarında yüksək səviyyəli tibbi xidmət üçün hər cür şərait yaradılıb.

Bu ilin ən mühüm hadisəsi olan “Bakı-2015” I Avropa Oyunlarına xidmət göstərmək üçün 900-ə yaxın yerli tibb işçiləri də cəlb olunmuşdur. Olimpiya şəhərciyində, Bakı və Mingəçevirdəki bütün Olimpiya komplekslərində tibb məntəqələri yaradılmışdır. Oyunlar müddətində müxtəlif sağlamlıq problemləri ilə 6381 müraciət olmuş və lazımi tibbi yardım göstərilmişdir.

Hazırda səhiyyə sahəsində qarşıya qoyulan əsas məqsəd ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, əhalinin sağlamlıq monitorinqinin müntəzəm aparılması üçün məlumat-informasiya sisteminin təkmilləşdirilməsi, tibbi sığortanın gücləndirilməsi, bu sahənin maliyyələşdirilməsi sahəsində islahatların aparılması, dövlət sanitariya-epidemioloji nəzarətin möhkəmləndirilməsi və fövqəladə vəziyyətlərə qarşı hazırlığın artırılmasından ibarətdir.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2015.- 31 oktyabr.- S. 4.