Hollivudda "Arşın mal alan" filminin ilk premyerası uğurlu alınıb

 

Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi ölkəmizin Los-Ancelesdəki baş konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunub. Bu, "Arşın mal alan" filminin Hollivudda ilk premyerası kimi tarixə düşüb.

Film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş "Ricardo Montalban" da təqdim edilib.

Qeyd edək ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə bərpa edilmiş rənglənmiş versiyası göstərilib. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, "Arşın mal alan" filminin isə 70 illiyinə həsr olunub.

Filmin nümayişindən əvvəl Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, "Arşın mal alan" filmi barədə məlumat verib. Baş konsul, hələ 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu filmin bərpa edilməsini tövsiyə etdiyini diqqətə çatdıraraq, tamaşaçıları həmin çıxışın video yazısına baxmağa dəvət edib. Sonra Ümummilli Liderin çıxışı nümayiş olunub.

N.Ağayev, Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə filmin 2013-cü ildə bərpa edilmiş rənglənmiş versiyasının təqdim edildiyini vurğulayaraq, bunun tarixi hadisə olduğunu, "Arşın mal alan" filminə yeni həyat qazandırdığını bildirib.

Diplomat, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizin dünyanın müxtəlif ölkələrində musiqi mədəniyyətimizin təşviqi istiqamətində gördüyü işlər barədə tamaşaçıları məlumatlandırıb.

Baş konsul, Los-Anceles Kaliforniyanın 6 digər şəhəri tərəfindən 18 sentyabrın Üzeyir Hacıbəyli Günü elan edildiyini qeyd edərək, sözügedən şəhərlərə öz minnətdarlığını bildirib. Həmçinin, Rəşid Behbudovun yaradıcılığı barədə danışan diplomat, unudulmaz müğənninin gözəl ifasının aktyorluq istedadının filmin böyük uğur qazanmasında yüksək önəm daşıdığını söyləyib.

Sonra çıxış edən, Rəşid Behbudovun qızı Rəşidə Rəşid filmlə bağlı atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb. R.Rəşid, filmin bərpasına rənglənməsinə görə Heydər Əliyev Fonduna təşəkkür edərək, bunun Azərbaycan mədəni irsinə böyük töhfə olduğunu bildirib. R.Rəşid, "Arşın mal alan" filminin Los-Anceles kimi dünya kino sənayesinin mərkəzində nümayişini tarixi hadisə adlandırıb.

Daha sonra filmin bərpasını rənglənməsini həyata keçirən Hollivud şirkətinin rəhbəri İqor Lopatonok, eləcə vizual effektlər üzrə 2002-ci ildə Oskar mükafatı almış, "21 Ceyms Bond" filminin bərpasını həyata keçirmiş Prays Petel (Price Pethel) Sony Pictures, "Walt Disney Studios" kimi tanınmış kino şirkətlərin filmlərinın tərtibatçısı Ceyn Hiks (Jane Hicks) çıxış ediblər. Natiqlər, belə bir önəmli layihədə iştiraklarından məmnunluqlarını ifadə edərək, "Arşın mal alan" kimi zəngin bir filmin dünya mədəniyyəti üçün yüksək əhəmiyyət daşıdığını bildiriblər.

Sonra film nümayiş etdirilib. Nümayişdə Los-Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin bu şəhərdəki baş konsulları konsulluq əməkdaşları, ictimai-siyasi qurumların nümayəndələri digər şəxslər olmaqla ümumilikdə 650 nəfərə yaxın tamaşaçı iştirak edib.

"Arşın mal alan" bir daha qəlbləri fəth edərək, tamaşaçıların gurultulu sürəkli alqışları ilə qarşılanıb.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2015.- 22 sentyabr.- S. 8.