Prezident İlham Əliyev
Latviyanın Azərbaycanda
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsun etimadnaməsini qəbul edib.
Səfir Yuris Maklakovs fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Yuris Maklakovs etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin möhkəmlənməsi baxımından önəmini qeyd etdi. Prezident İlham Əliyev əməkdaşlığımızın daha da genişləndirilməsi üçün təkcə ənənəvi deyil, eyni zamanda, yeni sahələrin müəyyənləşdirilməsinin zəruriliyini vurğuladı. Dövlətimizin başçısı Yuris Maklakovsun ölkəmizdəki səfirlik fəaliyyəti dövründə Azərbaycanın müvafiq nazirlik və qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirərək münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Yuris Maklakovs ilk növbədə Latviya Prezidenti Raymonds Veyonisin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Səfir Prezident İlham Əliyevin Latviyaya səfərinin ölkəsində məmnunluqla xatırlandığını vurğuladı. İqtisadi əməkdaşlığın daha da genişləndirilməsini qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu deyən Yuris Maklakovs səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söylədi.
Görüşdə ölkələrimiz arasında iqtisadi, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 1 sentyabr.- S. 1.