Azərbaycanın iqtisadi inkişafı beynəlxalq
maliyyə qurumları
tərəfindən də
etiraf edilir
“Fitch
Ratings” beynəlxalq kredit
reytinq agentliyi Azərbaycanın uzunmüddətli
yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlayıb
Azərbaycan başa çatmamış qlobal böhran şəraitində bir çox ölkələr üçün tamamilə əlçatmaz görünən iqtisadi inkişaf sürətinə nail olmuşdur və bunu beynəlxalq maliyyə qurumları da etiraf edirlər. Ötən dövrün iqtisadi qiymətləndirməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdənsə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır.
İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərib, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq makroiqtisadi sabitlik qorunub. Eyni zamanda, dinamik inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verib. Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulub. Bu da çox böyük rəqəmdir və bu ilin 6 ayında xarici investisiyalar üstünlük təşkil edir. Bu onu göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur. Ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənib.
Bu günlərdə isə “Fitch Ratings” beynəlxalq kredit reyting agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlayıb. Agentliyin hazırladığı hesabatda qeyd olunur ki, Azərbaycanın investisiya səviyyəli reytinqi ölkənin aşağı suveren borcu, 2006-cı ildən yüksək xammal qiymətləri və cari hesabın müsbət saldosu nəticəsində yığılmış iri həcmdə xarici valyuta aktivlərini əks etdirir.
Reytinq üzrə proqnozu sabit saxlayan agentliyin qənaəti ondan ibarətdir ki, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alacaq.
Qlobal iqtisadi mühitdə cərəyan edən qeyri-sabitlik və xammal məhsullarının, o cümlədən neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda “Fitch Ratings” tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BBB-” investisiya səviyyəsində bir daha təsdiq olunması ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir.
İqtisadi dayanıqlığın mühüm əsaslarından olan makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, habelə qlobal böhranın təsirlərinin zəiflədilməsi də hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu məqsədlə inflyasiyanın aşağı səviyyədə saxlanması, bank-maliyyə sektorunda sabitliyin dərinləşdirilməsi, inflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi üçün sistemli tədbirlər sistemi həyata keçirilib. Bir çox qonşu dövlətlərdə böhran ilk növbədə maliyyə-bank sektoruna dəysə də, respublikamızda arzuolunmaz hallara rast gəlinməmiş, bankların öz öhdəliklərini normal şəkildə yerinə yetirməsində, kreditləşmə siyasətini həyata keçirmə-sində ciddi problem yaranmamışdır. 2015-ci ilin ilk 6 ayında ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq və uğurlu hesab oluna bilər. Bü dövrdə ölkədə 26,3 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,7 faiz təşkil etmiş, qeyri-neft sektoru üzrə 9,2 faiz artım əldə edilib. Cari ilin fevral ayında manatın xarici valyutalara nisbətdə ucuzlaşmasına baxmayaraq, ölkədə istehlak qiymətlər indeksi (inflyasiya) olduqca qənaətbəxş səviyyədə - 3,5 faiz olub.
Ümumiyyətlə, dünya maliyyə-iqtisadi böhranı Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. Bu baxımdan cari ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarını da müsbət qiymətləndirmək olar. Ötən dövrün pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən qərəzli iddiaların əsassızlığını tam sübuta yetirmişdir. Həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir.
Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılmasının, infrastrukturun yeniləşdirilməsinin, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev ötən müddətdə də özəl sektorun inkişafına xüsusi diqqət yetirmişdir.
Regional inkişafa xidmət edən kompleks tədbirlər inamla davam etdirilmişdir. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” da regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Qeyri-neft sektorunun davamlı və dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə gətirib çıxarıb. Cari ilin birinci yarısında ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılıb ki, onlardan 48 mini daimi iş yeridir. Son 12 il ərzində isə 1 milyon 400 min iş yeri açılıb ki, onlardan 1 milyonu daimidir. Azərbaycanda işsizlik ötən ilin yekunlarına görə, 5 faiz səviyyəsində olub. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirirlər.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əldə olunan yüksək iqtisadi göstəricilərlə bağlı bildirib: “Bu, bir daha onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilər. Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var - regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı. Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə, indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm məhsuldarlıq artsın, həm də biz torpaq fondumuzdan maksimum dərəcədə istifadə edək”.
Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Bu fakt bir daha göstərir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında öz yerini tutacaq.
Elnur HACALIYEV,
Azərbaycan.- 2015.- 1 sentyabr.- S. 1, 2.