Azərbaycanın alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar

 

Hələ lap dövri-qədimdən, insan oğlu dünyaya gəldiyi ilk vaxtlardan oda tapınıb, nura doğru yön alıb. Qədim insanların əsas xüsusiyyətlərindən biri, bəlkə də birincisi onların əmək alətləri hazırlaması və oddan istifadə etmələri olmuşdur. Əcdadlarımız ilk vaxtlar şimşək çaxması, vulkan püskürməsi, üzvi maddələrin öz-özünə yanması zamanı yaranan odu götürərək istifadə edirdilər. Od isinmək, vəhşi heyvanlardan qorunmaq, yemək hazırlamaq məqsədinə xidmət edirdi. Sonralar zaman keçdikcə, şüurun inkişafında yetkinləşmə formalaşdıqca tədricən olsa da, insan işığın ilk müjdəçisi olan odun əmələ gətirdikləri ilə qənaətlənmədi. Və nəhayət, elmin inkişafı ilə intişar tapan yeni-yeni ixtiralar fonunda elektrik enerjisi kəşf olundu. İşığın yaranması isə yeni dünyaya keçidin əsasını qoydu.

Hazırda, demək olar ki, dünyanın əksər hissəsi elektrik enerjisi ilə təmin olunub. Lakin bu təminat əsasən mazut, qaz və daş kömürün istifadə olunduğu istilik elektrik stansiyalarında həyata keçirilir. Bu da istehsalın maya dəyərinin yüksəlməsinə, eyni zamanda istehsal prosesinə sərf olunan məhsulların havanı çirkləndirməsinə yol açır. Nəticədə dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə yeni bir enerji vasitəsinə - alternativ və bərpa olunan enerji mənbələrinə müraciət olunmağa başlanır.

Müasir dünya tədricən alternativ enerji mənbələrindən geniş və fəal formada istifadəyə keçir. Bəşəriyyət çox yaxşı başa düşür ki, neft, qaz tez və ya gec tükənəcək, nüvə enerjisi isə yüz faiz təhlükəsiz ola bilməz. Daş kömür ekologiya üçün zərərlidir və bərpa olunan enerji mənbəyi deyil. Ona görə də hazırda alimlər və tədqiqatçılar alternativ energetikaya müraciət edərək səmərəliliyin artırılmasını və hasil olunan elektrik enerjisinin maya dəyərinin azaldılmasını hədəf götürürlər. Heç şübhəsiz ki, hazırda günəş, külək, termal, kombinə edilmiş və hətta dənizdəki elektrik stansiyaları ilə insanları heyrətləndirmək mümkün deyil.

Məqaləni hazırlayarkən Rusiyada nəşr olunan “Beynəlxalq Alternativ Energetika və Ekologiya” jurnalının baş redaktor müavini, həmyerlimiz, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqovun “Heydər Əliyev böyük energetika haqqında nə dedi?” məqaləsi ilə rastlaşdıq. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Strateji proqramlar şöbəsinin əməkdaşı Q.İsaqov 1993-cü il yanvar ayının sonlarında Naxçıvana ezam olunur. Burada Heydər Əliyevin qəbulunda olarkən alternativ energetika ilə bağlı ümummilli liderlə söhbətindən xatirələrini təqdim edirik: “Mən Heydər Əliyevdən soruşdum ki, Sizin alternativ energetikaya və onun Azərbaycanda inkişaf perspektivlərinə münasibətiniz necədir? Heydər Əliyev bildirdi ki, alternativ energetikanın Azərbaycanda inkişaf perspektivlərini yüksək qiymətləndirir. O, əminliklə bildirdi ki, Azərbaycanda günəş, külək və su energetikasının ehtiyatları böyükdür. Amma bunların əsl inkişafı 30-40 ildən sonra baş verəcək. Həmin dövrdən sonra alternativ energetika Azərbaycanın yanacaq-enerji balansında mühüm rol oynayacaq. Ölkəmizdə günəşli günlərin sayı çoxdur, Azərbaycanın paytaxtı Bakı küləklər şəhəridir, respublikamızda gözəl və geniş potensiala malik dağ çayları var. Biz alternativ energetikanı indidən inkişaf etdirməliyik və bu sahənin inkişafını əsl mütəxəssislərə tapşırmalıyıq. Bu sahələri heç nədən xəbəri olmayan insanlara tapşırmaq onları bilərəkdən məhv etməkdən başqa bir şey deyil. İşi işbilənə vermək lazımdır!”

Hər zaman olduğu kimi, bu dəfə də xalqımızın dahi oğlunun gələcəyə yönəlik proqnozu özünü doğrultdu. Üstündən cəmi on bir il keçdikdən sonra ümummilli liderin şərəfli yolunun layiqli davamçısı Prezident İlham Əliyev ölkənin enerji təhlükəsizliyinə yeni töhfə verdi. 2004-cü ilin 21 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiqləndi. Həmin Proqramda nəzərdə tutulan tədbirlərin icra olunması üçün müxtəlif qurumlara tapşırıqlar verilmişdi. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi isə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi (hazırda Energetika Nazirliyi) müəyyən edilmişdi. Lakin dövlət başçısının 1 fevral 2013-cü il tarixində imzaladığı “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) yaradılmış və müvafiq istiqamət üzrə konkret icra hakimiyyəti orqanı kimi göstərilmişdir. Ümumilikdə isə vaxtında qəbul olunmuş bu dövlət proqramı milli energetikanın tərəqqisi naminə yeridilən məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilir.

Bu sahədə həm yerli, həm də beynəlxalq təcrübənin öyrənilməsi məsələləri artıq öz həllini tapıb. Araşdırmalar zamanı məlum olub ki, əvvəlki illərdə ölkənin alternativ enerji mənbələri üzrə mövcud potensialı tədqiq edilərkən müəyyən mübahisəli məqamlar ortaya çıxıb. Lakin agentliyin mütəxəssislərinin araşdırmalarından da göründüyü kimi, hazırda ölkəmizin alternativ və bərpa olunan enerji mənbələri üzrə potensialı təxminən yüz min meqavatlarla hesablanır. Agentliyin hədəfi bütün alternativ enerji mənbələrindən enerji almaq, eyni zamanda kənd təsərrüfatı və sənaye tullantılarından istifadə etmək və paralel olaraq yeni kənd təsərrüfatı və sənaye sahələrinin yaradılmasıdır.

Respublikamızda bir çox sahələrdə olduğu kimi, alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində də son illər əldə olunan uğurlar Prezident İlham Əliyevin bu sahəyə xüsusi qayğı və diqqəti nəticəsində baş vermişdir. Ölkə rəhbərliyinin ABOEM-in inkişafına önəm verməsi dövlətimizin özünəməxsus enerji strategiyasının olmasının, müvafiq olaraq sosial-iqtisadi tərəqqinin təzahürü kimi qiymətləndirilir.

Ölkəmiz karbohidrogen ehtiyatları ilə zəngin olmasına baxmayaraq, ABOEM hesabına istehsal olunan enerji ilə milyonlarla kubmetr qaza qənaət ediləcəkdir. Ötən il ərzində ölkədə bərpa olunan enerji mənbələrindən istifadə etməklə 1,5 milyard kvt/saatdan çox elektrik enerjisi istehsal olunmuşdur ki, bunun da nəticəsində 500 milyon kubmetr qaza qənaət edilmişdir. İstehsal olunan enerji isə hazırda fəaliyyətdə olan Suraxanı Günəş Elektrik Stansiyası, Qobustan Hibrid Elektrik Stansiyası və Şəki rayonu ərazisində fəaliyyət göstərən kiçik su elektrik stansiyasından əldə edilmişdir. Bu ildən Yeni Yaşma külək parkının fəaliyyətə başlaması, Pirallahı rayonunda günəş elektrik stansiyasının və Samux rayonunda Aqroenerji yaşayış kompleksinin tikintisi də nikbin perspektiv vəd edir. Agentlik fəaliyyət sahəsini daha da genişləndirərək Türkiyə, İran, Gürcüstan və digər ölkələrlə birgə fəaliyyətin həyata keçirilməsi istiqamətində əməli fəaliyyətlər göstərməkdədir. Qeyd olunanlar əsas götürülməklə Avropa İttifaqının layihə meneceri Maqro Qomez Migel Azərbaycanda son illər alternativ və bərpa olunan enerji mənbələri sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib. Onun qənaətinə görə, artıq Avropada, eləcə də dünyada ənənəvi enerji mənbələrinin sayı azalmaqdadır. Hazırda alternativ və bərpa olunan enerji mənbələrinə artan maraq isə enerjinin daha səmərəli və davamlı olmasına şərait yaradır.

Azərbaycanın coğrafi mövqeyinə nəzər yetirsək, günəş enerjisi ehtiyatları ilə zənginliyini bir daha müşahidə edərik. Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500, Naxçıvan Muxtar Respublikasında isə 2900 saat təşkil edir. Nəzərə alsaq ki, Naxçıvan Azərbaycanın elektrik təchizatı şəbəkəsindən kənarda qalmışdır və ona görə bu regionda bərpa olunan enerji mənbələrindən istifadə həyati əhəmiyyət kəsb edir. Hesablamalar göstərir ki, muxtar respublikanın enerji ehtiyaclarının təxminən yarısını alternativ enerji mənbələri hesabına ödəmək olar.

Külək enerjisinə gəldikdə isə bəllidir ki, Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində il ərzində 270 gündən artıq güclü külək əsir. Küləyin orta illik sürəti isə saniyədə 7,2 metrdir. Ölkənin digər regionlarında küləkli günlərin sayı 20-70 gün həddindədir. Hesablamalar göstərir ki, 500 kVt gücə malik olan bir külək elektrik stansiyası daş kömür stansiyası ilə müqayisədə 750-1250 ton karbon qazının, 3-6 ton digər zərərli maddələrin emissiyasının qarşısını alır. Mütəxəssislərin qənaətinə görə, Abşeron yarımadasında külək qurğularının geniş tətbiqi ölkə iqtisadiyyatına mühüm töhfə verə bilər. Bu ərazidə külək enerjisindən genişmiqyaslı istifadə olunması ümumi enerji balansının 20 faizini təmin edə bilər və bu qədər də üzvi yanacağa qənaət olunar. 20 il ərzində külək enerjisindən istifadə etməklə təxminən 2,4 milyon ton mazuta qənaət etmək və bu zaman 7,5 milyon ton karbon qazının atmosferə atılmasının qarşısını almaq mümkündür.

Ekoloji cəhətdən təmiz bərpa olunan enerji mənbələrinə kiçik çaylar da daxildir. Kiçik su elektrik stansiyalarının yaradılması ilə ucqar regionları elektrik enerjisi ilə təmin etmək, uzaq məsafələrə ötürülən elektrik enerjisində itkiləri azaltmaq, zərərli qazların tullantılarının qarşısını almaq və yeni iş yerləri yaratmaq mümkündür.

ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan elektrik enerjisinin istehsalında qabaqcıl mövqe tuturlar. BMT-nin hesabatına əsasən, 2008-ci ildə dünyada alternativ enerji mənbələrinə 140 milyard, neft və daş kömürün istehsalına isə 110 milyard ABŞ dolları həcmində vəsait xərclənib. Dünya üzrə ümumilikdə külək enerjisindən istifadəyə 51.8, günəş enerjisindən istifadəyə 33.5, bioyanacaqdan istifadəyə isə 16.9 milyard dollar sərf olunub. Avropa ölkələri 2008-ci ildə alternativ energetikaya 50, Amerika 30, Çin 15.6, Hindistan isə 4.1 milyard dollar vəsait yönəldib.

Dövlətin iqtisadi siyasətinə uyğun olaraq Azərbaycan da öz üzərinə alternativ və bərpa olunan enerji mənbələri üzrə bir sıra öhdəliklər götürüb. Həmin vəzifələrin həllinə yüksək səviyyədə nail olmaq üçün ən mühüm amillərdən biri alternativ enerji mənbələri potensialının olmasıdır. Ona görə də respublikamızda bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub. Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur. Bu da il ərzində təxminən 3 milyard kubmetrə yaxın qaza qənaət deməkdir. Araşdırmalar göstərir ki, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə yatırılan investisiyalar təxminən 7-8 il ərzində geri qayıdır.

Ümumilikdə respublikamızda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsini, onun zəruri olmasını şərtləndirən bir sıra amillər mövcuddur. Burada əsas meyarlardan biri də alternativ energetikanın müasir tələblər səviyyəsinə uyğunlaşdırılması, işlək mexanizmin yaradılması baxımından bu sahəni idarə edən peşəkar mütəxəssislərin yetişdirilməsidir. Paralel olaraq ekoloji cəhətdən təmiz elektrik enerjisinin əldə edilməsi, enerji alınmasının diversifikasiyası, neft-qaz resurslarına qənaət edilməsi, ixracatın artırılması və sair məsələlər də qeyd oluna bilər. Bu baxımdan, hesab edirik ki, alternativ energetika ilə bağlı istər dünyada, istərsə də Azərbaycanda baş verən proseslər müsbət dəyərləndirilməlidir.

 

(Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2015.- 1 sentyabr.- S. 7.