İranın nüfuzlu din xadimi Azərbaycanda dini-mənəvi dəyərlərə göstərilən diqqəti yüksək qiymətləndirib

 

Azərbaycanda səfərdə olan İranın nüfuzlu din xadimi Ayətullah Hüseyn Nuri Həmədani avqustun 31-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, dua oxuyub. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

AZƏRTAC xəbər verir ki, sonra Ayətullah Hüseyn Nuri Həmədani Heydər məscidi ilə tanış olub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qonağa məlumat verib ki, tikintisinə 2012-ci ilin sentyabr ayında başlanılan Heydər məscidi 2014-cü ilin dekabrında istifadəyə verilib. Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan məscidin sahəsi 12 min kvadratmetrdir. Məsciddə 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Günbəzlərin kənarlarına Quran ayələri yazılıb.

Bildirilib ki, dini, mədəni tarixi abidələrin bərpasına, onların yenidən xalqın istifadəsinə qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir sıra məscidlərin ziyarətgahların tikilməsi yenidən qurulması ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar ölkəmizdə mövcud milli mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib. Bunun nəticəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində əsaslı tikinti yenidənqurma işləri həyata keçirilib. Həmçinin Azərbaycan Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi dindarların istifadəsinə verilib. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev İslami dəyərlərin qorunmasına gələcək nəsillərə çatdırılmasına böyük önəm verir.

Heydər məscidi ilə tanış olan Ayətullah Hüseyn Nuri Həmədani Azərbaycanda dini-mənəvi dəyərlərə göstərilən diqqəti yüksək qiymətləndirib.

Qafqazın ən böyük məscidi olan Heydər məscidi qonaqda xoş təəssürat yaradıb. Ayətullah Hüseyn Nuri Həmədani Heydər məscidinə nəfis tərtibatlı Qurani-Kərim hədiyyə edib.

Daha sonra İran İslam Respublikasının nüfuzlu din xadimi Bibiheybət ziyarətgah kompleksi ilə tanış olub.

Məlumat verilib ki, VII əsrin yadigarı sayılan Bibiheybət ziyarətgahı sovet dövründə repressiyaya məruz qalmışdı. 1934-cü ildə buradakı məscid dağıdılıb. Ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində bu ziyarətgah bərpa olunub. Ümummilli Lider 1994-cü ilin martında bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də isə burada yeni məscid kompleksinin bünövrəsi qoyulub. Bir il sonra Ulu Öndərin iştirakı ilə məscidin əsas korpusunun açılışı olub. Prezident İlham Əliyevin diqqət qayğısı sayəsində Bibiheybət ziyarətgah kompleksində inşaat tərtibat işləri klassik Şərq memarlığı üslubunda aparılıb. Ziyarətgah kompleksi 2008-ci il iyulun 12-də istifadəyə verilib.

İranlı qonaq ölkəmizdə dini dəyərlərə göstərilən diqqət qayğını yüksək qiymətləndirib, ziyarətgah kompleksində aparılan yenidənqurma işlərinin bunun bariz nümunəsi olduğunu bildirib.

Sonra görüş çay süfrəsi arxasında davam etdirilib.

 

Azərbaycan.- 2015.- 1 sentyabr.- S. 7.