Bakı Dövlət Universitetinin
müəllimləri Türkiyədə
səfərdə olublar
Bakı Dövlət Universiteti (BDU) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) anlaşmasına əsasən jurnalistika fakültəsinin bir qrup müəllimi avqustun 17-dən 27-dək Türkiyədə səfərdə olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov səfərdən dönən nümayəndə heyəti ilə görüşüb.
Türkiyədə keçirilən görüşlər barədə ətraflı məlumat verən dosent Aynur Kərimova bildirib ki, nümayəndə heyəti səfər müddətində İstanbul, Qazi, Ankara, Bahçeşehir, Yeditepe, Kadir Has və Başkent universitetlərində, TRT-nin İstanbul və Ankara bürolarında, Anadolu Ajansında olublar, Qazi Universitetində TRT-nin baş direktoru Şenol Göka, universitetin prorektoru Mehmet Türker və jurnalistika fakültəsinin dekanı Zakir Avşarın iştirakı ilə keçirilən konfransa qatılıblar.
Görüşlərdə tədris proqramları, fənnin tədris metodikası müzakirə olunub, gələcək əməkdaşlıq məsələləri təhlil edilib. Müəllimlər, həmçinin bu ali təhsil ocaqlarının maddi-texniki bazası, teleradio, foto, dizayn studiyaları ilə yaxından tanış olublar.
Akademik A.Məhərrəmov nümayəndə heyətinin keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edib, bütün bunların jurnalistika fakültəsində aparılacaq islahatlara müsbət təsir göstərəcəyini söyləyib.
Azərbaycan.- 2015.- 2 sentyabr.- S. 4.