Dillər əzbəri Bəsti

 

Vaxt var idi ki, Bəsti Bağırovanın adı hər yanda tanınır, qəzetlər müntəzəm yazır, radio, televiziya, yaradıcı ziyalılar fədakar pambıq ustasının əmək rəşadətini hamıya nümunə göstərir, ondan öyrənməyə çağırırdılar.

Açıldı yazım,

Söhbətim, sazım.

Sən hünər göstər,

Mən şeir yazım.

Ölməz şair Səməd Vurğunun “Bəsti” poeması ilə hünərvər el qızı daha geniş miqyasda məşhurlaşdı. Goran torpağının, Baxçakürd kəndinin sadə zəhmət adamı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın adı o vaxtdan dillər əzbəri oldu.

Bəsti Bağırova 1906-cı ildə muzdur Məsimin ailəsində anadan olub. Üç yaşında ikən ata-anadan yetim qalıb. Yeganə qardaşı Əlinin himayəsində böyüyüb. Erkən yaşlarından təsərrüfat işlərində çalışmağa başlayıb. Zirək idi, yorulmaq bilmirdi. Qısa bir vaxtda iki əllə pambıq yığan sürət ustaları hərəkatını yaratdı. İlk günlərdə 100-120 kiloqram qızıl topladı. İki-üç ildən sonra bu rəqəmi iki yüz kiloqrama çatdırdı.

1930-cu ildə Bakıda keçirilən zərbəçi əmək adamlarının birinci toplantısında Bəsti Bağırovanın işi hamıya nümunə göstərildi. Respublika partiya təşkilatının on ikinci qurultayında çıxış edərək gündəlik yığımı 250 kiloqrama çatdırmağa söz verdi. Bir ildən sonra Moskvada kənd təsərrüfatı işçilərinin ümumittifaq qurultayında öz təcrübəsi barədə ətraflı məlumat verdi.

Bəstinin şöhrəti Özbəkistan və Türkmənistan respublikalarında da yayılmışdı. Həmkarları onunla görüşməyə, əlaqə yaratmağa, iş təcrübəsini öyrənməyə çalışırdılar. 1937-ci ildə Bəsti Bağırovanın manqası hər hektarın məhsuldarlığını iki dəfə artıraraq 80 sentnerə çatdırdı. Elə buna görə ümumittifaq sərgisinin qızıl medalına layiq görüldü. Beləliklə, Baxçakürdün yetirməsi pillə-pillə ucalırdı. 1946-cı ildə SSRİ Ali Sovetinə deputat seçildi. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Bir neçə ildən sonra uğurlarını daha da artırdı. Yenidən SSRİ Ali Sovetinin deputatı oldu və ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adını aldı.

Bəsti Bağırova fədakarlıq göstərməklə yanaşı, həm də kəndin ictimai işlərində fəal iştirak edir və qazandığı təcrübəni yaymağa çalışırdı. İşgüzarlığı və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq onu Baxçakürd kolxozuna sədr seçdilər və o, ömrünün sonuna kimi burada çalışdı. İş yoldaşı Qasımla ailə qurdu (Fəqət tale ona övlad qismət etmədi). Bəsti Bağırova təkcə öz işi, səriştəsi ilə yox, həm də nəzakəti, xoş rəftarı ilə çoxuna nümunə göstərirdi. Pambıq ustası şöhrətin zirvəsində olsa da, elin adət-ənənəsini əsla unutmurdu. Günlərin birində Mircəfər Bağırov Baxçakürdə gələndə Bəsti Bağırovanın qonağı olur. Bəsti özü çay süzüb gətirir, stəkanı əvvəlcə həyat yoldaşı Qasımın, sonra isə Mircəfər Bağırovun qabağına qoyur. Hamı gizli bir təlaşla baxır. Bunu duyan Bağırov astaca gülümsünür...

- Bəsti bacı düz edir, - deyir - Hörmət öncə ailədən başlanır.

Bəsti Bağırovanın şöhrəti sərhədlərin hüdudlarını çoxdan aşmışdı. Onun iş təcrübəsi yaxın-uzaq ellərdə geniş yayılırdı. Yazıçı-publisist Nikolay Paniyevin həmyerlimiz haqqında yazdığı kitabda belə bir epizod xatırlanır: “...Bolqar kəndliləri iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırova ilə görüşmək istəyirdilər. Belə bir səfər alınır. Pambıq yığımının qızğın çağı idi. Qonaqlar adlı-sanlı manqabaşçısının sahəsinə gəldilər. Səriştəli usta pambığı, qozaları dərməyə başladı. Onun əllərinin sərrast, ahəngdar hərəkətlərinə baxmaqdan doymaq olmurdu.

- Uğurların əsas sirri nədədir? - deyə qonaqlardan biri xəbər aldı.

- Özünüz görürsüz, - deyə Bəsti Bağırova cavab verdi. - Pambığı əvvəlcə yuxarıdan aşağıya, sonra aşağıdan yuxarıya yığmaq lazımdır.

- İşiniz haqqında söhbətinizi dinləyən ilk bolqarlar, yəqin ki, bizik.

Bəsti Bağırova fikrə getdi, sonra gülümsəyib dedi:

- Yox. Bu barədə bir nəfər bolqara danışmışam.

- Kimə?

- Georgi Dimitrov yoldaşa.

Bəsti Bağırova SSRİ Ali Sovetinin sessiyalarında Georgi Dimitrovla görüşlərini yada saldı. G.Dimitrov dedi ki, qayıdanda iş üsulunuz barədə bolqarlara hökmən məlumat verərəm. Qonaq, görünür, vədinə əməl eləyib. Bolqarıstanda çəkilmiş “Sovet İttifaqının vətəndaşı” adlı sənədli televiziya filmində belə bir kadr var: bəzəkli örpək örtmüş Bəsti Bağırova Ali Sovetin sessiyasında Georgi Dimitrov ilə yanaşı oturub. Söhbət də elə həmin sessiyada olub. Bundan sonra azərbaycanlı pambıq ustasının təcrübəsi bolqar torpağına ayaq açmışdı. O yerlərdə “Bəstinin ardıcılları” hərəkatı geniş yayılmışdı”.

B.Bağırova haqqında çox yerdə çox adam çox şey yazıb. Amma bu hünərvər qadını ən geniş tanıdan, el arasında ucaldan Səməd Vurğun olmuşdur.

Böyük şair Bəsti Bağırovanı sadəcə əmək qəhrəmanı kimi təsvir etmirdi. O keçmiş dövrlərdə qadına olan yanlış münasibətlərə ciddi etiraz edirdi.

Anan səni doğanda adına “Bəsti” dedi.

Əllərimi bu fələk oğuldan kəsdi dedi.

Beləydi qayda bizdə: qız doğanda analar

Baxıb qara geyərdi su üstündə sonalar.

 

Nə üçün belə idi? Qadına, gəlinə yanlış münasibət illər boyu necə yaranmışdı?

 

...Deyərdilər qız nədi?

Qazancı yox, varı yox.

Vəfası yox, qəlbi yox,

aşiqə ilqarı yox.

Özgə şamı yandırır,

bu gün-sabah gedəcək,

Köçəri quş kimidir,

oylağı tərk edəcək.

 

Səməd Vurğunun poemasından görünür ki, Bəsti Bağırova bu köhnə təsəvvürləri öz işi, davranışı ilə alt-üst etdi. Poemada məhz bu sahədə Bəstinin gördüyü işlər məhəbbətlə, hörmətlə təsvir olunur, ictimai mühitdə qadının roluna və yerinə aydınlıq gətirilir. Məhz buna görə də Səməd Vurğunun “Bəsti” poeması dillər əzbəri oldu. Hünərvər pambıq ustası ilə ölməz şairin səmimi münasibəti, əlaqə-ünsiyyəti uzun illər davam etdi.

Bəsti Bağırovanın bu barədə öz xətti ilə yazdığı xatirələrdən bəzi parçaları oxuculara yetirmək istəyirik. B.Bağırova yazır ki, 1936-cı il yanvar ayının 16-da Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə Kremldə partiya və hökumət rəhbərləri tərəfindən qəbula gedən nümayəndə heyəti içərisində mən də var idim.

O vaxta kimi Səməd Vurğunun “26-lar” və “Ölüm kürsüsü” poemalarını, bir sıra şeirlərini oxumuşdum. Özünü isə görməmişdim, tanış deyildim. Səməd də söhbət əsnasında bildirdi ki, mənim haqqımda qəzetlərdən oxuyub. Ona görə də görüşümüzə çox şaddır. Böyük vüqarı, nadir qüdrəti ilə ürəkləri fəth edən Səməd Vurğunla ilk tanışlığım belə başladı.

Gənc şair pambıq yığımı, yüksək məhsul yetişdirmək üsulları haqqında verdiyi suallara cavab aldıqdan sonra tərcümeyi-halımla maraqlandı. Həmyaşıd olduğumuzu bilən kimi dərhal xahiş elədi ki, onu sadəcə olaraq Səməd deyə çağırım. Mən danışdıqca Səməd qırmızı meşinli qeyd dəftərçəsinə nə isə yazırdı.

...Hiss olunmadan gəlib Moskvaya çatdıq. Bir gün dincəldikdən sonra yanvar ayının 21-də Kremlin Sütunlu salonunda partiya və hökumət rəhbərləri ilə görüşümüz oldu. Tədbiri aparan qəfildən dedi ki, “çıxış üçün söz şair S.Vurğun Vəkilov yoldaşa verilir”. Üz-gözündən mərdlik, cəsarət və gənclərə məxsus coşqunluq yağan gənc şair təmkinli addımlarla xitabət kürsüsünə qalxdı. Səməd qısa, lakin çox dolğun, mənalı danışdı. Sonunda da məşhur “Rəhbərə salam” şeirini oxudu. Biz onunla fəxr edirdik.

1937-ci il oktyabr ayının ortaları idi. Pambıq tarlalarında qızğın iş gedirdi. Manqamın üzvləri nahar fasiləsinə çıxmışdılar. Kəndimizin qocaman poçtalyonu mənim üçün bir qəzet gətirmişdi. Bu, “Ədəbiyyat qəzeti”nin 1937-ci il oktyabr ayında çıxan 48-ci nömrəsi idi. Həmin qəzetdə Səmədin “Bəsti” poeması dərc olunmuşdu. Moskvada olanda bu poema barədə mənə bircə kəlmə deməmişdi. Qəfil sürpriz hamını heyran etmişdi. Fərəhimiz yerə-göyə sığmırdı.

Tədbirlərin birində iştirak etmək üçün Bakıya dəvət olunmuşdum. Nəzərdə tutmuşdum ki, qonaq evində yorğunluğumu aldıqdan sonra Səmədə zəng çalaram, çox dəyərli əsər üçün ona təşəkkür edərəm. Bu zaman xidmətçi qadın dedi ki, bir nəfər məni görmək istəyir. Qapını açdım. Gələn Səməd Vurğun idi!

Məni evinə dəvət etdi. Qoşalaşıb getdik. O, müxtəlif məsələlərdən, şeirdən, sənətdən, xüsusilə ovçuluğundan nə qədər də şirin-şirin söhbət edirdi...

1953-cü ildə kolxozun idarə heyətinə sədr seçilmişdim. Üçüncü dəfə Lenin ordeni almaq üçün Bakıya dəvət olunmuşdum. Səməd Vurğunla görüşdüm. Həmişə olduğu kimi, yenə də o, məni dinlədikdən, kəndimizdəki yenilikləri, adamların gün-güzəranını öyrəndikdən sonra xəbər aldı:

- Kolxozçuların evlərinə elektrik işığı çəkilibmi?

- Hamam, uşaq bağçası, mədəniyyət evi varmı?

- Bir vaxtı su kəməri çəkilirdi, başa çatıbmı?

Mənim bəzi cavablarım Səmədi razı salmadı. Əvvəllər tapşırdığı işləri həyata keçirdiyim barədə məlumat verəndə sevindi.

- Bax belə lazımdır, - dedi. - Pambıq lazımdır, çox lazımdır. Lakin ən mühüm və vacib məsələləri - əhaliyə qayğı və köməyi əsla unutmayın.

Tale elə gətirib ki, mən o böyük insanla müxtəlif ölkələrdə, müxtəlif şəraitdə çox görüşmüşəm. Budapeşt şəhərində II Beynəlxalq qadınlar konqresində, Varşavada Sülh tərəfdarlarının II ümumdünya toplantısında, Kopenhagendə (Danimarkada) qadınlar simpoziumunda və başqa yerlərdə olarkən minlərlə adamın Səmədi tanımasının və ona necə böyük hörmət bəsləməsinin şahidi olmuşam.

Gözləmədiyimiz halda ölməz şairin ağır xəstələnməsi xəbəri hamımızı məyus etdi. Səmədlə xəstəxanada görüşməyə ürəyim gəlmirdi. Lakin nigarançılıq hissi üstün gəldi. Səməd onu yoluxmağa gec gəldiyimə görə xeyli gileyləndi. Mən üzr istəməyə başlayanda zarafat etdiyini söylədi. Sağaldıqdan sonra kəndimizə qonaq gəlməsini xahiş etdim. Xəfifcə gülümsündü:

- Allah qoysa, gələrəm, - dedi.

Fəqət qismət deyilmiş, bu, dünya şöhrətli şairlə son görüşümüz oldu.

Bəsti Məsim qızı Bağırova 1962-ci il fevral ayının 27-də 56 yaşında dünyasını dəyişib. Bakıda Fəxri xiyabanda dəfn olunub. Aradan illər keçir. Görəsən, doğma kəndində bu şanlı-şöhrətli el qızını necə xatırlayırlar? Gənclərlə, orta yaşlı adamlarla söhbət etdim. Təəssüf ki, fərəhli cavablar ala bilmədim. Məktəbdə, klubda, kitabxanada, digər ictimai yerlərdə də onun adına rast gəlmədik. Məktəbin direktoru Ülviyyə Daşdəmirova dedi ki, mən bura təzə gəlmişəm. Təəccüb edirəm ki, bu böyük təhsil ocağında Bəsti Bağırovanı xatırladan heç nə yoxdur. Bizim borcumuzdur ki, sərgilər, guşələr düzəldək, görüşlər, söhbətlər təşkil edək, qəhrəmanların adlarını əbədiləşdirək. Təəssüf ki, indiyə kimi bunların heç biri olmayıb.

Kəndin mərkəzində Bəsti Bağırovanın tuncdan büstü ucalır. Mərmər lövhə üzərində Azərbaycan və rus dillərində olan yazılar elə solğun, elə əyri-üyrü xətlə yazılıb ki, oxumaq mümkün deyil.

Hünərvər qadının sağlığında ucaltdığı ikimərtəbəli evin qapısındakı məlumat lövhəsi də nədənsə rus dilində yazılıb.

İçəri keçdik. Vaxtilə burada xatirə muzeyi yaradılmışdı. Toz basmış eksponatlar birinci mərtəbənin küncündəki qaranlıq bir otağa toplanıb. Bu yadigar mənzildə qəhrəmanın yaxın qohumları yaşayırlar. Muzeyin miskin görkəminə baxanda onların da dərdi təzələndi. Evin xanımı Səxavət Kərimova dedi ki, muzey bir vaxtlar əməlli fəaliyyət göstərirdi. Budur, qeyd dəftərinə baxın... Günlərin birində rayon mərkəzindən gəlib dedilər ki, belə muzeyi saxlamağa dəyməz, bağlayın getsin. O vaxtdan gəlib-gedənlərin ayağı kəsildi. Neçə il bundan əvvəl Bəsti Bağırovanın yüz illik yubileyini keçirmək istədik. O da alınmadı.

Baxçakürd bir vaxt adı dillərdə gəzən gözəl, yaraşıqlı, adlı-sanlı bir kənd idi. Torpağı münbit, adamları zəhmətkeş, mehriban. Bəsti Bağırovadan başqa Sosialist Əməyi Qəhrəmanı, pambıq ustası Manya Kərimova, maşınla pambıq yığımının təşkilatçılarından biri - Sosialist Əməyi Qəhrəmanı, Ali Sovetin deputatı Mansur Kərimov da bu bölgənin yetirmələridir. Lenin və “Şərəf nişanı” ordenli, respublika Ali Sovetinin deputatı, tarla qəhrəmanı Zümrüd Quliyeva sürət ustası kimi ad çıxarmışdı. Keçən əsrin sonunda daha bir qəhrəman da yetişirdi. Sürət ustası Südabə Bayramova əl ilə ən çox məhsul yığdığına görə üç il dalbadal Bəsti Bağırova adına respublika mükafatına layiq görülmüş, “Oktyabr inqilabı” ordeni ilə təltif olunmuş, Ali Sovetə deputatlığa namizəd göstərilmişdi. Həmin günlərdə Südabə Bayramova ilə görüşdüm. Daşkənddən gənc pambıqçıların toplantısından gəlmişdi. Bu yeni parlayan ulduz haqqında “Gözün aydın, Baxçakürd” adlı yazı da yazdım.Təəssüf ki, Bəsti Bağırovanın əsl ardıcılı ola biləcək bu hünərvər qız avtomobil qəzası nəticəsində həlak oldu.

Fikir verirsinizmi, yığcam bir bölgədə gör nə qədər şanlı-şöhrətli adam yetişib. Bəsti Bağırova, Manya Kərimova, Mansur Kərimov, Zümrüd Quliyeva... Bunların hər birinin Azərbaycan kəndinin tərəqqisində, iqtisadiyyatının yüksəlişində xüsusi xidmətləri var. Onlar bizim yolgöstərənlərimiz, əsl milli sərvətimizdir. Bu insanların əməlləri, ənənələri, ad-sanları yaşadılmalıdır.

Hamının, eləcə də iki dəfə Sosialist Əməyi Qəhrəmanı, dəfələrlə SSRİ və Azərbaycan SSR Ali sovetlərinin deputatı olmuş, Mərkəzi Komitəyə, Ali Sovetin Rəyasət heyətinə üzv seçilmiş, Lenin və “Qırmızı Əmək bayrağı” ordenlərinə, Ümumittifaq sərgisinin qızıl medalına layiq görülmüş Bəsti Məsim qızı Bağırovanı yaşadaq gərək.

Onu unutmaq olarmı?

Əhməd İSAYEV,

 

Azərbaycan.- 2015.- 2 sentyabr.- S. 7.