Tarixi
həqiqətlər üzərində qurulan abidə
Quba Soyqırımı Memorial Kompleksi açılmamış sirlərdən xəbər verən yerdir. Bu məzarlıq 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2007-ci ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda başlanılan geniş tədqiqat işlərinə 2008-ci ilin sentyabrında yekun vurulmuşdur. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının nəticəsi olduğu müəyyən edilmişdir.
2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamından sonra Nazirlər Kabineti kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı hazırladı. Kütləvi məzarlığın yerləşdiyi ərazidə xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılmasına start verildi.
Məzarlığın 514 kvadratmetrlik ümumi sahəsinin 494 kvadratmetrində tədqiqat aparılmışdır. Qudyalçayın sağ sahilində köhnə stadionun yerləşdiyi ərazidə yeni idman kompleksinin tikintisi zamanı üzə çıxan bu məzarlıqda iki quyuda üst-üstə qalaqlanan insan sümükləri tapılıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasındakı məsafə 2 metrdir. Böyük quyuya yüzlərlə insan öldürülərək tökülüb. Aşkar edilmiş insan skeletlərinin əksəriyyəti uşaq və qadınlara aiddir. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra sanki şaqqalanaraq bura atıldığından xəbər verir. Buradakı qurbanların sayı kəllə sümükləri ilə müəyyən olunmuşdur. Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşdirilib. Qubada tapılan sümüklərin tərkibindəki nəmliyin miqdarı ölüm tarixinin ötən əsrin ikinci onilliyinə aid olduğunu üzə çıxarır. Məzarlıqda azərbaycanlılarla birlikdə ləzgilər, yəhudilər, tatlar və digər millətlərin 400-dən artıq nümayəndəsi də basdırılmışlar.
Tarixi araşdırmalar və arxiv materialları nəticəsində müəyyən edilmişdir ki, quyu və arxlarda basdırılan insan cəsədləri 1918-ci ildəki Quba qırğınının qurbanlarıdır. Onlar erməni vandalları tərəfindən bura gətirilərək qətlə yetirilmiş, naməlum şəkildə basdırılmışlar.
Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə erməni cəlladlarının yüzlərlə günahsız insanı qətlə yetirib quyulara doldurduğu yerdə ucaldılıb.
Prezident İlham Əliyevin Quba Soyqırımı Memorial Kompleksinin açılışında dediyi sözlər tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirir: “Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq”.
XVIII-XIX əsrlərdə çar Rusiyasının dəstəyi ilə məqsədli şəkildə Azərbaycana köçürülən ermənilər torpaqlarımızda məskunlaşmaqla yanaşı, qanlı savaşlar, etnik təmizləmələr, qırğınlar törədiblər.
Ötən əsrin əvvəllərindən başlayaraq bolşevik-daşnak dəstələrini özündə birləşdirən “Daşnaksütyun” partiyası bitərəfliyini elan etsə də, qırğınlarda Erməni Milli Şurası ilə Bakı Sovetinin tərəfinə keçdi.
Bakıda törətdikləri qırğınlardan sonra daha da azğınlaşan və ciddi müqavimətlə rastlaşmayan bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzaları istiqamətində soyqırımını davam etdirdilər. Hamazaspın başçılıq etdiyi daşnak dəstələri Quba qəzasının 167 kəndini yandırdılar, 16 mindən çox azərbaycanlı türkünü öldürdülər, ağlasığmaz talanlar, amansız qətllər törətdilər. Hamazaspın əsgərləri minlərlə müsəlmanı və qeyri millətləri də amansız işgəncələrə məruz qoymuş, onları da məhv etmişlər. Ermənilər Quba camaatını meşələrə qovur, sonra onları hissə-hissə güllələyir, qılıncdan keçirirdilər. Həmin beş ay ərzində kənd yollarında, həyətlərdəki ağaclardan asılan insan cəsədlərinin sayı-hesabı yox idi. Azğın ermənilər başqalarına dərs olsun deyə heç kimi meyitlərə toxunmağa qoymurdular. Ermənilərin amansız qətllərinin qarşısını Azərbaycana köməyə gəlmiş türk əsgərləri aldı.
Qubada törədilən qətliamlar 1918-ci ildə yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən araşdırılaraq həmin qətllərin təşkilatçısı və icraçısı olan Şaumyan, Korqanov, Selovani, Ağacanyan, Hamazasp və digərlərinin qanlı əməlləri öz təsdiqini tapsa da, canilərin adları gizlədildi və hətta bəzilərinə də Azərbaycan xalqının xilaskarı kimi əsərlər ithaf edildi, filmlər çəkildi. Yüz ilə yaxın bir vaxtdan sonra həqiqətin üzə çıxmasına ölkəmizin müstəqilliyi imkan verdi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Fondun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması bu məsələyə nə dərəcədə həssas yanaşıldığını nümayiş etdirir.
2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: “Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır”.
Quba Soyqırımı Memorial Kompleksi dağlıq ərazidə yerləşir. Kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrası boyu 400 metr uzunluğunda qoruyucu beton bənd də inşa olunub.
Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri həyata keçirilmiş, rəmzi məzarlıq sahəsi yaradılmışdır. Qalereyanın tərkibindəki inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunmuş kitabxana, arxiv və başqa inzibati otaqlar vardır. Erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımları haqqında istənilən məlumatı buradan almaq mümkündür.
Muzeyə tamaşa etdikcə sanki başı kəsilmiş, gözü çıxarılmış, nizələrə keçirilmiş körpələrin ah-naləsi ilə qarşılaşır, insanlığa yaraşmayan əməllərin şahidi olursan. Divardan asılan şəkillər gözlərimiz qarşısında XX əsrin əvvəllərindəki vəhşiliyi canlandırır. Küçələrlə sakitcə addımlayan insanlar, su dalınca bulağa yollanan qızlar, təndirə çörək yapan nənələr - bir sözlə, burada hər kəs öz işinin ardınca gedir. Bir qədər sonra vəhşiliyin hər üzü ilə rastlaşırsan. Ocağa atılan körpə, sinəsi parçalanmış ana, şaqqalanmış ata, atlara bağlanıb sürülən hamilə qadınlar, qorxudan dəli olmaq dərəcəsinə gətirilən yeniyetmələr, daha nələr!
Kompleksin girəcəyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi ilə bağlı maraqlı fotolar yer almışdır. İçəridə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı müxtəlif bölgələrdə həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərin, imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə İstintaq Komissiyasının məlumatları, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin sənədləri sərgilənir. Kompleksdə kütləvi məzarlığın fotoları, məzarlıq ərazisində tapılan soyuq silah və digər əşyalar da vardır. Burada həmçinin Azərbaycan, İran, Böyük Britaniya və digər ölkələrin ictimai, siyasi, dövlət və hərbi xadimlərinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı barədə fikirləri yer almışdır. Qafqaz İslam Ordusunun və Azərbaycan hərbçilərinin fotoları da maraq doğurur.
Bu gün dünyanın hər yerindən minlərlə insan respublikamıza səfəri zamanı yolunu Quba Soyqırımı Memorial Kompleksindən salır. Burada çoxlu görüşlər keçirilir, “dəyirmi masa”lar, diskussiyalar təşkil edilir. Hər il alimlərimiz tariximizlə səsləşən iclas və müşavirələrini canlı olaraq hadisələrin və qətliama məruz qalanların ruhlarının dolaşdığı ərazidə keçirirlər.
Quba Soyqırımı Memorial Kompleksindəki Xatirə kitabı minlərlə insanın ürək sözləri ilə doludur. Burada alimin, idmançının, səyahətsevərlərin imzaları, onların yazdıqları fikirlər neçə qəlbin birliyinin görünməz qovuşuğudur. Onların içində bir imza diqqətimizi cəlb edir. 2009-cu ildə kanadalı M.Hadirel Qubada olarkən məzarlıqda gördüklərindən dəhşətə gələrək Xatirə kitabında erməni faşistlərinə nifrətini bircə cümlə ilə belə ifadə edib: “Bunları törədənləri Allaha tapşırmaq lazımdır, çünki onların öhdəsindən yalnız O, gələ bilər”.
Artıq xeyli vaxtır ki, rayonda keçirilən tədbirlərin iştirakçıları, bölgəyə təşrif buyuran rəsmi qonaqlar, xarici səfirliklərin nümayəndələri kompleksi ziyarət edirlər. Ölkəmizdə keçirilən I Avropa Oyunlarının iştirakçılarının böyük qismi kompleksdə olmuş, Xatirə kitabına ürək sözlərini yazmışlar. Onlar açıq-aydın bildiriblər ki, erməni faşizminin bu vaxtadək heç yerdə açılmayan, heç bir yerdə belə canlı deyilməyən vəhşiliklərinin şahidi olurlar. Məzarlığın üstündə ucaldılan kompleks dərin təsir bağışlayır, erməni cəlladlarının bəşəriyyətə əsrlər boyu sırıdığı “zavallı, genosidlərə məruz qalan xalq” obrazını darmadağın edir.
Akif
ƏLİYEV,
Azərbaycan.- 2015.- 2 sentyabr.- S. 7.