Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar
Qolunun 3-cü iclası
keçirilib
Sentyabrın 2-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası İCAPP Qadınlar təşkilatının həmsədri, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı açıb. O bildirib ki, tədbirin məqsədi geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarını bir araya gətirərək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında əməkdaşlığın qurulmasıdır. Bu iclaslar quruma üzv olan dövlətlərdə qadınların inkişafına, qarşıda duran problemlərin həllinə mühüm töhfə verir.
M.İbrahimqızı qeyd edib ki, YAP neçə illərdir Asiya siyasi partiyalarının aparıcı üzvlərindən biridir. Asiyada 70-dən çox ölkə var. Bu ölkələri 300-ə yaxın siyasi partiya təmsil edir. İCAPP-ın bir neçə mötəbər iclasları YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilib. Üçüncü ildir ki, İCAPP-ın Qadınlar Qolu fəaliyyət göstərir. Bu qola Azərbaycan və Koreya həmsədrlik edir. Hazırda iclasda 16 ölkədən qonaqlar iştirak edirlər. Latın Amerikası və Afrika siyasi təşkilatları da burada təmsil olunurlar.
Daha sonra çıxış edən İCAPP Qadınlar qolunun həmsədri, Koreya Milli Assambleyasının üzvü, Saenuri Partiyasının parlament fraksiyasının sədr müavini Park İn-suk bugünkü iclasın qadınların ictimai həyatda iştirakçılığının gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, qlobal dünyada gender bərabərliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə olunub, qadınların parlamentdə və dövlət qurumlarında təmsilçiliyi xeyli artıb. İCAPP fəaliyyət göstərdiyi dövr ərzində qadınların mövcud problemlərinin həlli istiqamətində zəruri işlər görüb.
Açılış mərasimində çıxış edən Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da son illər ərzində qadınların əldə etdiyi nailiyyətlərdən və tədbirin əhəmiyyətindən danışıb. B.Muradova vurğulayıb ki, dünyada mövcud olan ictimai-siyasi durum, bütün qitələri təhdid edən təhlükələr və çağırışlar bizi ən müxtəlif formatlarda beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə siyasi partiyaların birlikləri olan İCAPP tipli təşkilatlarda birləşməyə vadar edir. Nəzərə alaq ki, bu gün dünyada ən qarışıq, ən çox konflikt və münaqişə ocaqlarının mövcud olduğu yer Asiya regionudur. Bu regionda siyası partiyaların bir araya gəlməsi və regionun inkişafı üçün, qarşıda dayanan hədəflərə nail olması üçün yolların axtarılması çox vacibdir, xüsusilə bu sahədə qadınların iştirakı ciddi əhəmiyyət daşıyır. Qadınlar istənilən cəmiyyətdə ən yüksək səviyyələrdə, vəzifələrdə təmsil olunmaqla yanaşı, onların üzərinə bir ictimai vəzifə də düşür. Qadın hər zaman yaşadığı cəmiyyət üçün narahatlıq keçirir və bunun da çox ciddi səbəbləri var. İCAPP Qadınlar Qolu hər zaman qadınların ictimai iştirakçılığının və dövlət orqanlarında təmsilçiliyinin artırılması istiqamətində ciddi işlər görüb.
Mövcud münaqişələrin çox ciddi məhrumiyyətlər yaratdığını qeyd edən B.Muradova Azərbaycanın da bu cür problemlərlə üzləşdiyini bildirərək deyib: “Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuna baxmayaraq, Azərbaycan inkişafdan geri qalmayıb. Münaqişələrlə üz-üzə qalan Asiya ölkələri də Azərbaycan nümunəsindən istifadə edə bilər. İnkişafın Azərbaycan modeli deyilən bir termin mövcuddur və bu, bir çox tədqiqatçının marağına səbəb olur. Dünyada gedən qlobal dəyişikliklər fonunda, maliyyə, iqtisadi-siyasi və hərbi sahədə çətinliklərin mövcud olduğu bir şəraitdə Azərbaycan inkişaf tempini qoruyub saxlayıb. Münaqişə vəziyyətində olmasına baxmayaraq, ölkəmiz sabitliyin, inkişafın, sosial rifahın təmin olunması, qadınların cəmiyyətin həyatında rolunun artırılması istiqamətində uğurlu nəticələr əldə edib”.
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova öz çıxışında bildirib ki, müasir inteqrasiya, eləcə də davamlı inkişaf prosesində qadınların iştirakçılığının artırılması, bunun üçün mexanizmlərin yaradılması əsas məsələlərdəndir. Bu baxımdan sayca üçüncü toplantıdan gözləntilər çox böyükdür. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolu qadınların hüquqlarının müdafiəsi istiqamətində çox mühüm layihələr həyata keçirir, onların iqtisadi, sosial həyatda iştirakının təmin olunmasında, bərabər hüquqlar əldə etməsində xüsusi rol oynayır. Müasir dövrdə qloballaşma şəraitində dünyanın bir çox, həmçinin ən inkişaf etmiş ölkələrində eyni problemlərə rast gəlinir.
H.Hüseynova daha sonra deyib: “Miqrasiya, urbanizasiya prosesi, onun mənfi və müsbət tərəfləri, qaçqınlar və məcburi köçkünlər, erkən nikah, zorakılıq və digər problemlər bütün ölkələri əhatə edir. Əlbəttə, bu problemlərin həllində qadın ictimai-siyasi təşkilatlarının rolu çox böyükdür. Qadın istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə mühiti yaradır, vətənə layiqli vətəndaşlar yetişdirir. Ümumiyyətlə, gender bərabərliyinə nail olmaq, qadınların imkanlarını genişləndirmək inkişafın fundamental əsasıdır və qloballaşma prosesində önəmli yer tutur”.
Komitə sədri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın 20 faizinin işğal etməsi nəticəsində 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onların 400 mindən çoxu qadınlar, 300 mindən çoxu isə uşaqlardır. Lakin bu çətinliyə baxmayaraq, qadınlarımız özlərində güc taparaq Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində çox fəal iştirak etməyə başladılar. Hazırda qadınlar parlamentdə, dövlət qurumlarında təmsil olunur, ölkənin ictimai həyatında aktiv iştirak edir və onların seçkili qurumlarda təmsilçiliyi daim artır. Eyni zamanda, qadın məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının sayı da çoxalıb. Bu, Azərbaycan hökumətinin uğurlu qadın siyasətinin məntiqi nəticəsidir.
Daha sonra Nepalın ticarət və əmtəə naziri Sunil Bahadur Thapa, Milli Konqres Partiyasının (NCP) qadın məsələləri üzrə katibi, CAPP Baş katibliyi komitəsinin üzvü Zeynəb Əhməd Eltayeb İbrahim və Meksika Vətəndaş Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə katibi, Latin Amerikası və Karib dənizi ölkələri siyasi partiyaları təşkilatının (COPPPAL) nümayəndəsi Vania Roksana Avila Qarsia çıxış edərək İCAPP-ın Qadınlar Qolunun fəaliyyətinin əhəmiyyətini vurğulayıb, toplantının işinə uğurlar arzulayıblar.
İclas işini plenar sessiyalarda davam etdirib. Sessiyalarda qadınlar arasında yoxsulluğun aradan qaldırılması, qadınların sağlamlığı və təhsili, siyasi iştiraklılığı üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Qadın Qolunun sədr müavini Məryəm Göka deyib: “Bizim 4 milyon üzvümüz var və hər bir sahədə qadınların fəal olmasına çalışırıq. Türkiyədə qadınlar siyasi fəaliyyətlərini gücləndirirlər. Ölkəmizdə qadınlara seçmək-seçilmək hüququ AKP iqtidara gəlməmişdən xeyli öncə, 1934-cü ildə verilib. Hazırda qadınlar həm parlamentdə, həm də bələdiyyələrdə normal təmsil olunurlar. Biz beynəlxalq əməkdaşlığa da böyük önəm veririk. Bu baxımdan, İCAPP da bizim üçün çox önəmlidir. Partiyamız təşkilatın üzvləri ilə fəal əməkdaşlıq edir. Türkiyədə 2 milyon qaçqın var, onların arasında qadınlar da çoxdur. Biz onlara qayğı göstərməyə, övladlarına yaxşı təhsil verməyə çalışırıq. Təbii ki, belə vəziyyət qadınlara daha çox mənfi təsir edir. Biz qadınların layiqli həyat yaşamasını istəyirik və İCAPP vasitəsilə də bu məsələləri bütün dünyada paylaşırıq”.
Yekun iclasda “Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi” qəbul edilib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 3 sentyabr.- S. 3.