İkili standartlar cilovu

 

Aktual mövzularda dərin məzmunlu elmi əsərləri ilə vaxtaşırı ölkə ictimaiyyətinin və xarici mütəxəssislərin diqqətini cəlb edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin bu günlərdə “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı işıq üzü görmüşdür.

Əvvəlki əsərlərində olduğu kimi, akademik Ramiz Mehdiyevin yeni kitabının da əsas qayəsini müstəqil Azərbaycanda dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi problemləri, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən daxili və xarici siyasətin əsasları təşkil edir, eyni zamanda, Azərbaycanın bədxahları tərəfindən yaradılan maneələr, bu maneələrin yaranma səbəbləri, məqsədləri və həyata keçirilmə planları tutarlı faktlar və dərin elmi mülahizələrlə oxucuların, mən deyərdim ki, dünya ictimaiyyətinin diqqətinə çatdırılır. “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabında toplanmış materialların Azərbaycan dili ilə yanaşı, rus dilində də çap olunmasını müsbət dəyərləndirərək, əsərin tezliklə ingilis və digər xarici dillərdə çap olunması zərurətini də xüsusi vurğulamaq istərdim. Məhz bu zaman bədxahlarımız öz gözləri ilə görərlər ki, “ağıl öyrətmək” istədikləri Azərbaycanda onların əməlləri yaxşı başa düşülür və demokratiya pərdəsi altında düşündükləri ikili standartlar cilovu Azərbaycan üçün qəbuledilməz xülya olaraq qalacaqdır.

 İkili standartlar nədir

Belə bir fikir geniş yayılmışdır ki, müasir politologiyada, jurnalistikada, iqtisadiyyatda, ictimai və digər humanitar elmlərdə geniş yayılmış ikili standart termini eyni, daha tez-tez isə analoji hadisə və situasiyalara qiymətləndiricilər tərəfindən işin mahiyyətini bilmədən qabaqcadan hasil olan rəyə əsaslanmaqla, şəraitin dəyişməsi, şəxsi qərəz, emosional vəziyyət və s. ilə əlaqədar müxtəlif münasibət bildirilməsi və müxtəlif cür qiymət verilməsi deməkdir.

Başqa bir mənbədə (Biznes terminləri lüğətində) ikili standartlara verilmiş tərif, fikrimizcə, müasir dünyada gedən proseslərə yanaşma baxımından daha tutumlu görünür: ikili standart rəsmən inkar edilən, lakin tətbiq olunan və sükutla qəbul edilən, müxtəlif ölkələrdən, müxtəlif irqə mənsub olan əhalinin müxtəlif kateqoriyalarının təmsilçilərinin davranışına, hüquq və öhdəliklərinə ayrı-seçkili yanaşma normasıdır.

İkili standartlar siyasətinin geniş yayılmış təzahürlərindən biri eyni və ya çox yaxın obyektlərin, hərəkətlərin, hadisələrin emosional çaları əhəmiyyətli dərəcədə fərqlənən müxtəlif terminlərlə adlandırılmasıdır. Məsələn:

* Casus - Kəşfiyyatçı - kimə işləməsindən asılı olaraq;

* Yerləşdirmə - Tətbiq etmə - qiymətləndiricinin bu yeniliyi bəyənib-bəyənməməsindən asılı olaraq;

* İşğal etmək - Azad etmək - ölkəyə hansı qoşunların daxil olmasından asılı olaraq;

* Xəbərçi (Çuğul) - Məlumat verən - kimə və kim barədə məlumat verməsindən asılı olaraq;

* Separatizm - Milli-azadlıq hərəkatı - kimin hansı ölkədən ayrılmaq istəməsindən asılı olaraq;

* Hərbi müdaxilə - Hərbi yardım - hüsn-rəğbətdən asılı olaraq...

Mahiyyət etibarilə ölkələrin bəzisinin eyni məzmunlu hərəkətlərinə haqq qazandırılır və dəstəklənir, digər ölkələr isə pislənir və cəzalandırılır.

Britaniya yazıçısı Cerald Seymurun rus dilində 1975-ci ildə çapdan çıxmış “Harrinin oyunu” kitabında işlətdiyi “Kimin üçünsə terrorçu, kimin üçünsə azadlıq uğrunda mübariz” (ingiliscə: “One man's terrorist is another man's freedom fighter”) ifadəsi ikili standartlar siyasətinin klassik ifadəsidir.

Akademik Ramiz Mehdiyevin kitabına daxil edilmiş “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqalədə də dəfələrlə vurğulandığı kimi, Azərbaycana qarşı münasibətdə Qərbin ikili standartlar siyasətini nümayiş etdirməsi (mən deyərdim ki, ikili standartlar siyasətini yeritməsi) açıq-aşkar və şübhə doğurmayan faktdır.

Ölkəmizə qarşı münasibətdə Avropanın ikili standartlar siyasəti Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti dəfə haqlı olaraq tənqid edilmişdir. Dövlət başçısı diqqəti ona yönəltmişdir ki, Azərbaycana qarşı çox çirkin kampaniya aparılır və bu kampaniya vacib beynəlxalq tədbirlər ərəfəsində xüsusilə gücləndirilir. Məsələn, Bakıda I Avropa Oyunlarının keçirilməsi ərəfəsində biz güçlü antiazərbaycan kampaniyasını müşahidə etdik - Avropa Parlamenti Azərbaycana qarşı tamamilə əsassız qətnamə qəbul etdi.

Aydın məsələdir ki, Avropada Azərbaycanın imicinə ziyan vurmaqda maraqlı olan müəyyən qüvvələr vardır. Məhz bu faktı nəzərdə tutaraq Azərbaycan Prezidenti demişdir ki, Azərbaycana qarşı “soyuq müharibə”ni faşizm, irqçilik, antisemitizm, islamofobiya və ksenofobiya tərəfdarları, müsəlman ölkəsinin inkişafını istəməyən qüvvələr həyata keçirirlər.

 

İkili standartlar Qərbə nə verir

 

Qərbin ikili standartları daim Qərb ölkələrinin, əsasən də anqlosaks ölkələrin (ABŞ və Böyük Britaniya) xarici siyasətində daim özünü göstərir: ikiüzlülük faktiki olaraq bu ölkələrin siyasətçiləri üçün çoxdan milli keyfiyyətə çevrilmişdir. İkili standartlar bunda özünü göstərir ki, eyni bir hadisə Qərb siyasətçiləri tərəfindən həmin anda onlara sərf etməsindən asılı olaraq, ya pislənə, ya da dəstəklənə bilər.

Bu fikir akademik Ramiz Mehdiyevin kitabında aşağıdakı kimi çox yaxşı şərh olunmuşdur: “...Bugünkü Obama administrasiyası bu və ya digər dövlətlərin fəaliyyətinə yalnız öz siyasi istəkləri baxımından çıxış edərək qiymət verməyə çalışır. Ağ ev hətta bununla da hesablaşmaq istəmir ki, dünyada hər bir ölkənin öz maraqları, inkişaf məqsədləri və siyasi mədəniyyət xüsusiyyətləri vardır. Dünyada bütün ölkələrin ABŞ tərəfindən göstərilən qaydalar üzrə yaşayacağını gözləmək olmaz. Bu, apriori qeyri-mümkündür, çünki dünya özü eyni deyil, müxtəlifdir”.

İkili standartlar məharətinə yiyələnmək müxtəlif ölkələrə, xüsusən də ABŞ-a özlərinin milli maraqlarının həyata keçirilməsini dəyərlər müxalifətindən (məsələn, təhlükəsizlik və demokratiya, insan hüquqları və milli maraqlar və s.) virtuoz istifadə etmək hesabına formal demokratik və beynəlxalq standartlara adaptasiya etməyə imkan verir.

İkili standartlar siyasəti ictimai rəy vasitəsilə rəqiblərinə təsir göstərmək və öz hərəkətlərinə haqq qazandırmaq üsulu kimi istifadə edilir. İkili standartlarda ittiham etmək də geniş yayılmışdır və tənqidləri dəf etmək üçün çox vaxt ona əl atırlar.

Beynəlxalq münasibətlərdə ikili standartlar siyasəti, adətən, özlərinin və ya müttəfiqlərinin oxşar hərəkətlərinə haqq qazandırmaq üçün prinsiplərin, konvensiyaların və öhdəliklərin pozulmasında, “ümumbəşəri dəyərlərin tapdalanması”nda, “insan hüquqlarının pozulması”nda, “beynəlxalq hüquq normalarından geri çəkilmək”də xoşa gəlməyənlərin ittiham edilməsi formasını kəsb edir.

Bütün bu deyilənlər akademik Ramiz Mehdiyevin aşağıdakı fikirlərinə haqq qazandırır ki: “XX əsrdə Qərbin başqa regionlardakı dövlətlərə münasibəti yalnız forma etibarilə dəyişib. İnkişaf etmiş Qərb dövlətləri, o cümlədən ABŞ bu gün də əvvəlki kimi açıq-aydın ikili standartlar siyasəti yürüdür, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi istifadə etməklə dünyanın əksər ölkələrinin daxili işlərinə qarışır. Onlar məhz bu məqsədlə həmin ölkələrdə yeni tipli “beşinci kolon”lar formalaşdırır və onların köməyi ilə həmin dövlətlərin daxili və xarici siyasətini müəyyən etməyə çalışırlar. Bu praktikanın məqsədi insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya digər dövləti arzuolunan güzəştlərə məcbur etməkdir. XXI əsrdə beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasının reallaşması məhz bundan ibarətdir”.

 

QHT və “beşinci kolon” yolu

 

Akademik Ramiz Mehdiyev ikili standartların tətbiqində Qərb ölkələrinin digər ölkələrdə yaratdıqları və ya maliyyələşdirdikləri QHT-lərdən, “beşinci kolon” adı almış zümrələrdən istifadə etdiklərini haqlı olaraq geniş işıqlandırmışdır: “Bu gün müxtəlif beynəlxalq hüquq müdafiə təşkilatları, ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi QHT-lər öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz filiallarının nəhəng şəbəkəsini yaradıblar. Yeni tipli “beşinci kolon” rolunda çıxış edənlər də məhz onlardır. İnkişaf etməkdə olan ölkələrdə, xüsusən postsovet məkanındakı ölkələrdə göstərilən strukturlar həmin dövlətlərin qanunvericiliyi ilə hesablaşmadan işləyirlər. Bu təşkilatların əksəriyyəti Qərb dövlətlərinin hökumətlərindən birbaşa və ya xüsusi xidmətlərin formalaşdırdığı müxtəlif fondlar vasitəsilə çox böyük məbləğdə maliyyə dəstəyi alır”.

Onu da qeyd etmək lazımdır ki, başqa ölkələrin işlərinə qarışmaq cəhdləri bəzən rəsmi dairələrin qeyd etdikləri kimi, ayrı-ayrı ictimai qurumların, fondların və lobbiçilik təşkilatlarının könüllü fəaliyyətləri kimi başa düşülməməlidir. Bütün bunlar varsa da, onlar Qərb dövlət başçılarının əzmini reallaşdırırlar. Dünyanın fövqəldövlət başçısının - cənab Obamanın fikirlərinə diqqət yetirin: “Xarici ölkələrdə vətəndaş cəmiyyətinin dəstəklənməsi milli təhlükəsizlik məsələsidir və Vaşinqton həmişə bütün dünyada müxtəlif QHT-ləri dəstəkləyəcək”.

 

İkili standartlar: şəffaflıq və korrupsiya aspektində

 

Bir çox amerikalılar sadəlövhcəsinə güman edirlər ki, onların ölkəsi dünyada ən gözəl ölkədir. Hər şeydən əvvəl, digər ölkələrə nümunə olmaq mənasında. Ona görə də digər ölkələri davranışlarına görə tənqid etməkdən yorulmurlar. Lakin başqa ölkələrə qarşı irəli sürdüyü tələbləri Vaşinqton çox vaxt özü yerinə yetirə bilmir. ABŞ əslində, ikili əxlaq üzrə dünya çempionudur. Məsələn, beynəlxalq səviyyədə vergidən yayınmaq və çirkli pulları yumaq sahəsində.

O cümlədən, ABŞ-da maklerləri pulların yuyulması ilə bağlı direktivlərdən çıxarmış və bunu bütün beynəlxalq standartların ziddinə etmişlər. Bu zaman onlar öz ölkələrində vergidən yayınmaq məqsədilə pul vəsaitlərini ABŞ-a köçürən əcnəbilərin hərəkətini cinayət hesab etməkdən daha imtina edirlər.

İsveçrə bankları vasitəsilə vergiləri ödəməkdən yayınan Amerika vətəndaşlarından söhbət gedərkən isə Konqres tamamilə başqa cür hərəkət edir. Orada bu əməllərin iştirakçılarını təqibə məruz qoyur, USB və digər İsveçrə banklarını rüsvayçılıqla damğalayırlar. Görün senator Karl Levin nə deyir: “Əgər İsveçrə bankları bank əmanətləri sirrinin arxasında gizlənərlərsə, biz onu qırıb dağıdacağıq və məcbur edəcəyik ki, ABŞ vətəndaşlarının hesabları üzrə məlumatları bizə versinlər”.

ABŞ İsveçrə banklarını vergiləri ödəməkdən yayınmaqda iştiraka görə iri məbləğdə cərimələrə məruz qoymuş və eyni zamanda, ABŞ-ın özündə “vergidən qaçanlara” yardım göstərir. Haqqında söhbət gedən məbləğlər çox iri məbləğlərdir. Təkcə Nyu Yorkda say-seçmə mənzillərə hər il 8 milyard dollar pul xərclənir, əcnəbilər orta hesabla 90 milyard dollara mənzil və ev alırlar. Artım ildə 35 faiz təşkil edir. Bu pulların nə qədərinin qeyri-leqal olduğunu heç kim bilmir.

“Global Financial Integrity” ictimai təşkilatında (ABŞ) pulların yuyulması və vergilərdən yayınma mövzuları ilə məşğul olan xanım Heyzi Louv deyir: “Əlbəttə, biz əcnəbiləri ABŞ-a faktiki olaraq pulları yumağa dəvət edirik. Biz vergini ödəməyən öz vergi ödəyicilərimizi xaricdə də təqib edirik. Xarici bankları da bu işdə iştiraka görə cəzalandırırıq. Yaxşı olardı ki, əks hallarda da biz belə ciddi olaydıq”.

Qərb KİV, siyasətçilər və müxtəlif siyasi təşkilatlar “xoşa gəlməyən” ölkələri korrupsiyanın hədsiz-hüdudsuz səviyyəsinə görə müntəzəm tənqid edirlər (bu tipli ittihamlar daha çox Azərbaycanın ünvanına səsləndirilir). Məhz korrupsionerlərə qarşı mübarizə pərdəsi altında dəfələrlə qərbyönümlü rəngli inqilablar təşkil edilmiş və hakimiyyətə əsasən elə həmin korrupsiyalaşmış köhnə elitanın təmsilçiləri gətirilmişlər. Dünyaya sırıdılan liberal demaqoqiya təkidlə belə bir mifi yeridir ki, istənilən ölkənin başlıca problemi korrupsiyadır, bütün məmurlar oğru və sadə xalqın düşmənləridir.

Lakin Qərbin özündə, ABŞ və Avropa İttifaqında korrupsiyanın miqyasları son dərəcə böyükdür. Həm də bu zaman Qərbdə korrupsiya qismən leqal müstəviyə keçirmişdir (lobbizm adı ilə), qismən də birbaşa olmayan rüşvətlərdən - səfərlərin, görüşlərin, gecələrin və s. təşkili kimi daha incə metodlardan istifadə olunur. Hətta leqallaşdırılmış və dolayı korrupsiyanı çıxsaq, hər halda korrupsiyanın həcmi Qərbdə çox böyükdür. Məsələn, Avropa Komissiyası 2013-cü ildə rəsmi korrupsiya ziyanının həcmini açıqlamışdır - 120 milyard avro (qeyd edək ki, real rəqəm “çox güman qat-qat böyükdür”). Bu məbləğ Avropa İttifaqının təxminən illik büdcəsinə və Qətər kimi zəngin bir dövlətin paritet alıcılıq qabiliyyəti üzrə ÜDM-in həcminə bərabərdir.

Lakin aydın məsələdir ki, “sivil” Qərbdə “sivil” korrupsiya Qərb isteblişmentinin gözündə heç də “qalan dünya” üçün nəzərdə tutulmuş qiyam və inqilab bəhanəsi deyildir.

İkili standartlar siyasəti həmçinin Ümumdünya Ticarət Təşkilatının fəaliyyətinin əsasını təşkil edir. Hər şeydən əvvəl, ABŞ-dan olan görkəmli iqtisadçılar və siyasi xadimlər açıq şəkildə bəyan edirlər ki, bu təşkilatı yaratmaqda məqsəd transmilli korporasiyaların maraqlarını ifadə etməkdir. Bu beynəlxalq qurumun qaydaları ilk vaxtdan inkişaf etmiş ölkələrin xüsusiyyətlərinə və maraqlarına uyğun qurulmuşdur: bir tərəfdən, öz bazarlarını fəal şəkildə qorumaq, digər tərəfdən isə maneəsiz olaraq digər bazarları mənimsəmək. ÜTT-nin əsas oyunçularının milli istehsalçıların rəngarəng müdafiə formalarından, kənd təsərrüfatı istehsalının kütləvi şəkildə dəstəklənməsindən tutmuş inkişaf etmiş maliyyə və xidmətlər sferasına qədər ilkin üstünlüklərə malik olması buna dəlalət edir. Hamı üçün demək olar eyni idxal tarif dərəcələrinin, subsidiyaların və s. aşağı salınması formulu ölkələrin iqtisadi inkişaf səviyyəsində mövcud olan uyğunsuzluqların təsbit olunmasını təmin etmişdir. Eyni zamanda, ÜTT-nin təşkilati prosedurları “Vaşinqton konsensusu” məcrasında islahatları “təzə üzvlər”ə sırımağa və Uruqvay raundu sazişlərindən kənar əlavə tələbləri yerinə yetirməyə məcbur etməyə imkan vermişdir.

Fransalı publisist və filosof Pyer Asner yazır ki, “soyuq müharibə”nin başa çatması nəticəsində yaranmış birqütblü dünyada ABŞ qalan dünyanı özünə inanmağa çağıraraq, Amerika hegemonluğunun qurulmasının planlarını tənqidi qiymətləndirmək bacarığını itirmişdir. P.Asner yazır: “Əgər nəzarət olunmayan hakimiyyət öz evində korrupsiyaya meyillidirsə, bu hakimiyyət beynəlxalq xarakter kəsb edəndə niyə də bütün dünyaya zərər yetirməsin?” Burada Amerika mentalitetinin anadangəlmə xüsusiyyəti özünü büruzə verir - qaradərili qullara sahib olmaq, lakin eyni zamanda, özünü demokratik düşüncəli nümunəvi siyasətçi hesab etmək olar...

Yuxarıdakılara baxanda alim-filosofun kitabındakı bu sual necə də yerinə düşür: “Nəyə görə ABŞ hamıdan transparentlik tələb edir və korrupsiya ilə mübarizəyə çağırır?”

 

“Yumşaq güc” nağılı

 

Akademik Ramiz Mehdiyev yazır: “Vətəndaş cəmiyyəti haqqında hər hansı mülahizələr ABŞ-ın “yumşaq güc” sxeminin reallaşdırılması üçün kodlaşdırılmış dildir”.

Həqiqətən də Ağ evin yeni strategiyası daxili münaqişələr törətmək və xaos yaratmaq üzərində qurulmuşdur. Amerika siyasətinə üzvi surətdə xas olan ikiüzlülük yumşaq və ya ağıllı güc deyilən amillərə bel bağladıqda xüsusi parlaqlığı ilə özünü büruzə verir.

Bu anlayışın müəllifi Con F.Kennedi adına Harvard Dövlət İdarəetmə İnstitutunun professoru, vaxtilə ABŞ Dövlət katibi müavininin köməkçisi və müdafiə nazirinin müavini olmuş Cozef S.Nay hesab edilir. Özünün deməsinə görə, o, zor tətbiq etmədən məqsədə nail olmaq sahəsində mövcud təcrübəni ümumiləşdirərək onu siyasətin müstəqil istiqamətinə çevirmişdir.

Cozef Naya görə, yumşaq güc - bu, “arzu etdiyini məcbur etmək (coercion) və ya mükafatlandırmaq (payment) yolu ilə deyil, öz tərəfinə çəkmək (attraction) yolu ilə əldə etmək bacarığıdır. Yumşaq güc mədəniyyətin cəlbediciliyi, siyasi ideallar və ölkənin siyasi xəttindən əmələ gəlir... Tamahlandırma (seduction) həmişə məcburiyyətdən daha səmərəlidir...” Lakin sonradan Nay bu qənaətə gəlmişdir ki, yumşaq güc kifayət etmir və o, ağıllı güc - “məcbur etmə və qisas alma üçün möhkəm güc ilə inandırmaq və cəlb etmək şəklində yumşaq gücün uzlaşdırılması” konsepsiyasını irəli sürmüşdür.

Amerika politoloqları həmişə yumşaq gücdən istədiklərini - daha az qüvvə ilə öz ağalıqlarını təmin etməyi möhkəm gücdən də istəmişlər. Ağ ev yumşaq gücə hər şeydən əvvəl, sərfəli manipulyasiya aləti kimi baxmışdır. Elə Barak Obamanın özü də ABŞ lideri rolunda manipulyasiya layihəsi kimi meydana gəlmişdir. Onun qeyri-səmimiliyi Nobel mükafatı alarkən özünü daha aydın şəkildə göstərmişdir. Sülh sahəsində hansı xidmətlərə görə aldığı aydın olmayan bu mükafatın mənasına tamamilə zidd bir tərzdə o demişdi: “Biz heç vaxt həyatda hərbi qüvvənin tətbiqi ilə münaqişələri istisna edə bilmərik. Elə bir vaxt gələcək ki, ölkələr... güc tətbiq edilməsini nəinki zəruri, hətta əxlaqi cəhətdən haqlı hesab edəcəklər”. Yəqin ki, Cozef S.Nay günahkar deyil ki, onu bu cür anlamışlar. Siyasətçilər həmişə mütəfəkkirlərdən yalnız özlərinin dedikləri ilə səsləşən fikirləri qoparmağa adət etmişlər.

C.Nay, məsələn, nəzərdə tuturdu ki, yumşaq güc və möhkəm güc təkcə bir-birini möhkəmlədə bilməyəcək, həm də xüsusən hərbi hərəkətlər nəticəsində bir-birini məhv edəcəklər. O belə düşünürdü ki, siyasi məqsədlərə nail olmaq üçün iqtisadi sanksiyalar çox nadir hallarda istənilən nəticəni verir, çünki bunlar hakim elitaya deyil, hər şeydən əvvəl, sadə adamlara toxunur. Hətta maliyyə köməyi çox vaxt elitanın pozulmasına və korrupsiyanın artmasına xidmət edir. Sosial qruplar arasında qüvvələr tarazlığını pozaraq, “o, sıravi əhali arasında müsbət reaksiya əvəzinə, daha çox qıcıq doğura biləcəkdir”.

Nay etiraf edir ki, çoxları yumşaq gücə XXI əsrin “mədəni imperializm”i kimi baxır. O deyir ki, mif yaradıcılığı “yumşaq güc valyutası”na çevrilir və hökumətlər “özlərinə qarşı etibarı artırmaq və rəqiblərinə qarşı etibarı zəiflətmək üçün bir-biri ilə və digər təşkilatlarla bəhsə girirlər”. Bu zaman yöndəmsiz təbliğat “təkcə gülüş hədəfinə çevrilmir, həm də ölkənin şöhrətini və ona olan etibarı pozduğu üçün əks məhsuldar bir şeyə çevrilir”.

C.Nay xəbərdar edir ki, gücün həddən artıq çox olması özünəəminlik yaratdıqda hətta ziyan da vura bilər və onda “möhkəm güc üçün gözdən pərdə asmaq rolunu oynayan” yumşaq güc hədəfə dəymir. Deyək ki, Əbu-Qreyb (hazırda: Mərkəzi Bağdad) və Quantanamo həbsxanalarında məhbuslara qarşı zor tətbiq edilməsi təkcə “Amerika dəyərləri”nə olan inamı azaltmır, həm də belə bir möhkəm hissiyyat doğurur ki, onlar başdan-ayağa ikiüzlülükdən yoğrulmuşdur.

Obamanın hakimiyyəti dövründə C.Nayın elmi xəbərdarlıqlarından heç birinə əməl edilməmişdir. ABŞ-ın ikili standartları üzündən Amerika yumşaq gücü dünyanın heç bir regionunda onların siyasətini daha cazibədar etməmişdir.

Avropa İttifaqının xarici siyasət üzrə keçmiş komissarı Kristofer Patten yazır: “Amerika administrasiyasının əməkdaşları xaricdə beynəlxalq görüşlərə elə bir böyük müşayiətçilər dəstəsi ilə gəlirlər ki, hətta İran şahı Daranın özü belə müşayiətçilər dəstəsinə qibtə edərdi. Bütöv hotellər məşğul edilir, həyat şəhərlərdə donur, yoldan keçən günahsız adamları öküz peysərli, qulaqlarında xüsusi rabitənin plastik naqilləri olan pəzəvənglər əzib keçirlər. Bu, artıq qəlbləri fəth edən tamaşa deyildir”.

Digər məsələ yumşaq və ya ağıllı gücün yönəldildiyi adamlar üçün meydana çıxan fəsadlardır. Bunlar katastrofikdir. Ağ evin yeni strategiyası möhkəm güc siyasətinə nisbətən dünyada vəziyyətin sabitliyini daha çox pozur və adamları daha çox qırır, hərçənd hamısı daxili münaqişələrin törədilməsinə və xaosun yayılmasına yönəldilmişdir, bunları idarə etməyə çalışmaq isə əbəsdir. Cozef Nay yəqin ki, təsəvvür belə etməzdi ki, onun balası necə bir bəlaya çevrilə bilər...

 

(ardı var)

Vahid NOVRUZOV,

Professor

 

Azərbaycan.- 2015.- 3 sentyabr.- S.4.